Keçmiş deputat: “Azərbaycan kənardan varlı ölkə kimi görünsə də, reallıq acınacaqlıdır”




Deputat: “Problemlərin əsas səbəbi təhsil sistemi ilə əmək bazarı arasındakı uyğunsuzluqdur”
Öz işini qurmaq, gəlirli bir sahəyə yatırım qoymaq bir tərəfdən dövrümüzün sadəcə cəlbedici bir tələbi kimi görünsə də, digər tərəfdən də reallaşması arzuolunan bir gerçəklikdir. Bizim ölkənin gəncləri arasında də öz işlərini qurmağa can atan, kifayət qədər potensiallı gənclər var. Lakin onlar mühitdən, işə başladıqdan sonra qarşılaşdıqları aşılmaz çətinliklərdən gileylidirlər. Bu gileylə də şansı gətirən, yolunu tapan ölkəni tərk edir, gedə bilməyənlər də bunun xəyalı ilə günü-günə calayır, ümidli halda gözləyirlər. 
Bəs bu gün ölkəmizdə gənclərin öz işlərini qurmaları üçün şərait varmı? Bu istiqamətdə hökümət hansı addımları atmalıdır?

Milli Məclisin sabiq üzvü, “Mənzil Məcəlləsi”nin İşçi Qrupunun rəhbəri olmuş iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya açıqlamasında bu istiqamətdə vəziyyətin ürəkaçan olmadığını deyib: “Təəssüf edirəm ki, bu gün ölkəmizdə gənclərin öz işlərini qurmaları üçün imkanlar arzuolunan səviyyədə deyil. Baxmayaraq ki, Azərbaycan kənardan çox cəlbedici, varlı ölkə kimi görünür, amma reallıq çox acınacaqlıdır. Biz monitorinq aparmışıq. Təhsilindən asılı olmayaraq gənclər iş tapa bilmirlər. Eyni zamanda Azərbaycanda çox sayda gənc xarici ölkələrə miqrasiya etməyə cəhd göstərir. Bu da gənclər üçün iş qurmaq istiqamətində münbit şəraitin olmaması anlamına gəlir”.
Ekspert bunun köklü səbəbləri olduğunu bildirib: "Əvvəla, qeyd edim ki, bizdə həm iqtisadiyyatda, həm də idarəetmədə inhisarçılıq var. Yerlibazlıq, qohumbazlıq ölkəmizdə geniş vüsət alıb. Buna görə gənclər arasında işsizlik səviyyəsi, hesab edirəm ki, ən azı 30-40%-dir. Bu, çox acınacaqlı haldır. Digər bir səbəb də ölkəmizdə bazar iqtisadiyyatının oturuşmamasıdır. Gənclər siyasəti ilə məşğul olan qurumlar, əslində müxtəlif layihələri PR kampaniyalara çevirərək dövlət büdcəsindən mənimsəmə ilə məşğul olur. Bu da heç kəsə sirr deyil. Müxtəlif adlar altında gənclər evləri tikmək, dövlət büdcəsi hesabına gənclər fondu yaratmaq və s. Bunlar da sovet ənənəsindən qalmış idarəetmədir. Bu da real olaraq bazar iqtisadiyyatının oturuşmamasından irəli gəlir”.
"Dövlət siyasətində tribalizm (tayfaçılıq) siyasətinə son qoyulmalıdır. Yeni, gənc nazirlər təyin olunur. Jurnalist araşdırmalarından məlum olur ki, onlar öz ətraflarına yaxın qohumlarını toplayırlar. Anti-korrupsiya qanunvericiliyi Azərbaycanda ümumiyyətlə, işləmir. Yaxın qohumların bir-birinin tabeçiliyində işləməsi, kiminsə təyinatını dəyişəndə əvvəlki “komandasını” da özü ilə aparması uğursuz və yersiz addımdır. “Haradasa rəhbər şəxs dəyişirsə, avtomatik olaraq orada hamı dəyişməlidir” prinsipi ilə iş görürlər. Gənclər məcbur edilir ki, özləri ərizə yazıb işdən çıxsınlar. Halbuki hansısa gəncin yetişməsi üçün dövlət xərc çəkir. Bu, analoqsuz kadr siyasətidir. Gərək dövlət özünün içərisində kadr siyasətini normal aparsın”, - deyə həmsöhbətimiz vurğulayıb.
Bəydəmirli ölkədə rəqabət mühiti yaradılmasını vacib hesab edir: “Mənə dəfələrlə gənclər şikayət ediblər ki, dövlət qulluğuna imtahan verdikdən sonra müsahibə mərhələsində işə götürülmürlər. Onların yerinə kimlərsə tapşırılmış adamlar təyin olunur. İlk olaraq dövlət özündə səliqə-sahman yaratmalıdır. Xaricdə təhsillə bağlı dövlət proqramı var idi - ləğv edildi. Təəssüf ki, bunu da Prezident Administrasiyasının rəhbərliyindəki keçmiş şəxslər və digərləri “gənclərin beyninin yuyulması” adı altında təqdim edirdilər. Belə yanaşmaq olmaz. Gürcüstanı örnək götürmək lazımdır. Hər il 3-5 min gənci xaricdə təhsil almağa yönəldirdilər. İndi o gənclər müxtəlif aparıcı vəzifələrdə çalışırlar. Onlar kiminsə qohumu olduqlarına görə yox, öz bacarıq və biliklərinə görə seçilirlər. Bunun üçün ölkədə rəqabət mühiti yaradılmalıdır. Əks halda siz ən prestijli universiteti bitirsəniz də, hansısa məmurun sizdən savadsız qohumunun idarəçiliyi altında işləyəcəksinizsə, motivasiyanız olmayacaq”. 
Keçmiş deputatın sözlərinə görə, Azərbaycanda biznes dözümsüzlüyü var və bu, rəqabət mühitinin yaradılmasına mane olur: “İstənilən ölkədə şirkət təsis etmək rahatdır, amma onun işləməsi üçün kredit resursları əlçatandırmı? Rəqabət mühiti varmı? Tenderlər satınalmalara uyğun keçirilirmi? Azərbaycanda biznes dözümsüzlüyü var. Kimsə kiçik bir dükan açırsa, böyük supermarket gəlib onu inzibati yollarla sıradan çıxarır. 2012-ci ildən bu yana “Baku Steel Company” 20-dən yuxarı istehsal sahələrini qoluzorlular hesabına bağladı və s. Bunlar haqda ölkə başçısı özü dəfələrlə televiziyadan çıxışlar edib. Biznesi qeydiyyata almaq olar, amma onun ayaqda qalması, davam etməsi çətindir. Azərbaycan idxaldan asılı ölkədir. Gənclər biznesi necə qursunlar? Xaricdən gələn məhsulların limiti azaldılır, gömrük orqanları şişirdilmiş bəyannamə qiymətləri təqdim edir. Bütün bunlar kompleks həll olunmalı məsələlərdir”. 
“Təəssüf ki, korrupsioner məmurlardan paket alanlar köklü problemləri qaldırmırlar, danışmırlar. Ölkənin vətəndaşları zəngin olanda, daha çox vergi ödəyəndə ölkə də daha zəngin olur, vergi bazası genişlənir. İnsanların da başladıqları işi ayaqda saxlamaq imkanları yoxdursa, deməli, o ölkədən biznes qaçacaq, ölkəyə yatırım olmayacaq. Bütün bunları anlamaq lazımdır ki, beş-altı məmurun hesabına iqtisadiyyatı ayaqda saxlamaq olmaz. Əgər bizim ölkəmizdə 70-80% əhalinin gəliri ancaq qidalanmağa və kommunal xidmətləri ödəməyə yetirsə, deməli, kasıb ölkəyik. Milli Məclisə seçkilər zamanı gənclər ümidlənmişdilər ki, islahatlar aparılır, gənclər gələcək. Amma sonra yenə məlum oldu ki, gələnlər də kimlərinsə qohumlarıdır. Yəni problemin kökündə azad seçki, azad mətbuat, ictimai qurumların dövlət qurumları üzərində nəzarəti dayanır. Bunların heç biri yoxdursa, gənc nə etsin? Daha azad mühit axtaracaq, başqa ölkələrə üz tutacaq”, - deyə Bəydəmirli fikrini yekunlaşdırıb.

Milli Məclisin İqtsadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin üzvü Məzahir Əfəndiyev isə AYNA-ya açıqlamasında deyib ki, 1994-cü ildən Azərbaycanda gənclər siyasəti dövlətin əsas prioritet sahələrindən biri olaraq müəyyənləşib: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılan gündən, artıq 27 ildir ki, Azərbaycanda gənclər siyasəti dövlətin əsas prioritet sahələrdən biri olaraq müəyyənləşib. Bu müddət ərzində bir sıra böyük infrastruktur layihələri, həmçinin sosial proqramlar həyata keçirilib. Eyni zamanda qloballaşan dünyamızda formalaşan yeni vətənpərvər Azərbaycan gəncliyi əldə olunmuş təcrübənin əsasında yeni baxış və çağırışları davamlı etməyi diktə edir. Bütün bu işlərin görülməsi üçün dövlətin həm maddi, həm də gənc, peşəkar insan resursları kifayət qədər mövcuddur. Gənclər təşkilatlarının, gənclər birliklərinin, siyasi partiyaların aktiv gəncləri, ictimai fəallar və könüllülər ordusunun dəstəyi ilə gənclərin yeni strateji inkişaf sənədinin qısa zamanda hazırlanması mümkün ola bilər”. 
"Sizcə, gənclərin öz işlərini qurmaları üçün hökumət hansı addımları atmalıdır?" sualına cavabında deputat bildirib ki, gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına səbəb təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olmasıdır: “Bu gün peşə təhsili sistemində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən MUN Hərakatı, Yüksəliş proqramı, DİM Gənc Səfirlər layihəsi, könüllülük proqramları, AMAL layihəsi (mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün) və s. vasitəsilə gənclərin məşğulluğu istiqamətində mükəmməl layihələr həyata keçirilməkdədir”.
““Məşğulluq haqqında” Qanun gənclərin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə inkişaf etməsinə və həyat qurmasına dəstək verir. Lakin əvvəldə də qeyd etdiyim mükəmməl proqramların icrası təkcə Bakı şəhəri ilə məhdudlaşmamalı, mövcud layihələrin hər biri regionlarımıza, kəndlərimizə daşınmalı, əsasən yerlərdə gənclərə aşılanaraq təbliğ olunmalıdır”, - deyə fikrini yekunlaşdırıb.
Tarix: 24-11-2021, 08:18
Xəbəri paylaş





Xəbər lenti