Milli Məclis əməkdaşlarına 500 manatlıq yardım: ayrıseçkilik, dezinformasiya, yoxsa...


Mətbuat Xidmətinin rəhbəri: “Tahir bəy emisional çıxış edir, çox vaxt fikirləri emosiya üzərindən çatdırır”
Deputat: “Mən özüm koronavirusa yoluxmuşam və belə bir yardım almamışam”
Hüquq müdafiəçisi: “Parlamentin əməkdaşları başqa insanlardan heç bir fərqli imtiyazlara malik deyillər”
“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat pul verilib”. Mətbuatda gedən xəbərə görə, bunu parlamentin 23 noyabrdakı iclasında deputat Tahir Kərimli deyib.
Bu xəbər insanlar tərəfindən birmənalı qarşılanmayıb və onu ayrıseçkilik hesab edənlər olub. COVID-19 xəstəliyi bütün bəşəriyyəti cənginə alan bir problemdir, lakin kiməsə dövlət tərəfindən müəyyən dərman paketi xaricində maddi yardım edilmirsə, Milli Məclisin əməkdaşlarına niyə edilir? Başqa bir qism də həmin yardımın koronavirusa yoluxan deputatlara da şamil edildiyini düşünüb və bunun özü də qıcıqla qarşılanıb.
AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.
Öncə T.Kərimlinin özü ilə əlaqə saxlamağa çalışsaq da, onunla danışmaq mümkün olmayıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Mehman Qayıbov isə sorğumuza cavab olaraq bildirib ki, bu fikri Tahir Kərimli səsləndirib və özü ilə dəqiqləşdirsək, daha doğru olar: “Çünki bununla bağlı məndə hansısa dəqiq məlumat yoxdur. Əvvəla, qeyd edim ki, Tahir Kərimli deputatlara yox, işçilərə yardım edildiyini deyib. Həm də deputat bütün işçiləri deyil, bəzilərini deyib. Məsələn, mən də koronavirusa yoluxmuşam, amma yardım almamışam. Bizdə aşağı vəzifəli işçilər var, onlar arasında ailə vəziyyəti ilə bağlı müraciət edənlərə yardım edilib. Amma presuduru dəqiq bilmirəm”.

“Tahir bəy emisional çıxış edir, çox vaxt faktları emosiya üzərində deyir. Ona görə də elə ajiotaj yaradır. Yaxşı olar ki, özü ilə əlaqə saxlayın. Məlumatı kimdən götürüb, necə əldə edib, soruşun”, - deyə Qayıbov söyləyib.
Parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov məsələyə münasibət bildirərkən deputat yoldaşının tərəfini saxlayıb və söyləyib ki, Tahir Kərimlinin fikirləri sosial şəbəkələrdə təhrif olunmuş şəkildə verilib: “Bəli, mən də həmin vaxt iclasda iştirak etmişəm. Tahir müəllimin çıxışında heç bir halda deputatlardan söhbət getmir, belə bir məsələ olmayıb. Tahir müəllim hüquqşünasdır, o bilir ki, deputatlara belə bir əlahiddə yanaşma yoxdur ki, onlara koronavirusa yoluxduqlarına görə 500 manat pul verilsin. Mən özüm də koronavirusa yoluxmuşam, iki həftə müalicə almışam. Nə mənə, nə də başqa deputata koronavirusa yoluxduğuna görə bir manat pul verilib”.

“Buna heç bir əsas, tənzimləyən qayda-qanun da yoxdur. Tahir müəllimin çıxışında qeyd olunub ki, Milli Məclisin işçiləri içərisində sosial durumu aşağı olan, ailə üzvləri də yoluxmuş, acınacaqlı vəziyyətdə parlament rəhbərliyinə yardım üçün müraciət etmiş şəxslərə qanun çərçivəsində, parlamentin öz imkanları hesabına, humanizm prinsipləri çərçivəsində, öz işçisinə diqqət və qayğı göstərərək müəyyən maliyyə dəstəyi edilib. Tahir müəllim o informasiyanı alıb və söyləyib, prosesin birbaşa iştirakçısı deyil”, - deyə deputat vurğulayıb.
Nəsirov əlavə edib ki, “parlamentin işçiləri” ifadəsini “parlamentin deputatları” kimi qələmə vermək dezinformasiyadır: “Elə bir adama müraciət etmisiniz ki, mən özüm bunları yaşamışam və mən sizə söyləyirəm ki, bir nəfər deputat da bu xəstəliyə yoluxduğuna görə 500 manat almayıb. Mən özüm də koronavirusa yoluxmuşam və belə bir yardım almamışam, deməli, bunlar yalandır, iftiradır. Təəssüf hissi ilə qeyd edirəm ki, bu gün müəyyən siyasi qruplaşmalar var ki, parlamenti gözdən salmaq üçün istənilən fikri təhrif edib sosial şəbəkədə insanlara təqdim edirlər”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə hesab edir ki, sözügedən yardımın hansı əsasla edildiyini araşdırmaq lazımdır: “Milli Məclisin əməkdaşları da adi vətəndaşdırlar və Azərbaycanda yaşayan başqa insanlardan heç bir fərqli imtiyazlara malik deyillər. Əgər həqiqətən də koronavirusa yoluxan Milli Məclis əməkdaşlarına 500 manat pul verilirsə, deməli, bu, Azərbaycanda yaşayan, koronavirusa yoluxan bütün vətəndaşalar üçün də nəzərdə tutulub. Araşdırmaq lazımdır ki, onlar hansı əsasla, qanunla bu yardımı ediblər”.
Qəhrəmanlı qeyd edib ki, deputatların müəyyən imtiyazları, toxunulmazlıqları var, lakin “parlamentin əməkdaşları” dedikdə orada nəzarətçidən tutmuş müxtəlif şöbələrdə işləyən işçilər nəzərdə tutulur: “Onlar da adi işçidirlər. Əgər bu, doğrudursa, deməli, biz bilməsək də, bununla bağlı hansısa qayda var ki, parlamentin xəstələnən işçilərinə yardım edilməlidir”.
Tarix: 24-11-2021, 23:35
Xəbəri paylaş





Xəbər lenti