“Hörmətli Səfər müəllim, soveti çox yaşamasanız da, düşüncəsi canınızdan çıxmayıb”



“Gömrük Komitəsinin əsas problemi bu işin fəlsəfəsini bilməməsidir. Bu fikri səsləndirəndə məni qınayanlar, hər şeyi bəsit pul hərisliyi ilə izah etməyə çalışanlar tapılırdı. Məsələ təkcə pul qazanmaq hərisliyi deyil, doğrudan da, bu adamlar gömrük nədir, niyə yaranıb, necə işləməlidir və s. kimi məsələlərdən bixəbərdilər, hətta gömrük işçilərinin niyə rütbəli olduqlarını belə bilmirlər. Düşünürlər ki, gömrük orqanları cəzalandırma orqanlarıdır”.
 
Pravda.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat paylaşıb.
 
O qeyd edib ki, Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev keçən il qəbul edilən məntiqsiz, mənasız bir qərara – vətəndaşların 1000 dollara qədər xaricdən aylıq mal sifarişi haqqını 300 dollara niyə endirdikləri barədə şərh verib: “Deyib ki, işbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı və bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı, sabahısı gün isə həmin mallar piştaxtalara ötürülürdü”. Hörmətli Səfər müəllim, soveti çox yaşamamısanız da, sovet düşüncəsi canınızdan çıxmayıb. “İşbaz” sözü əla sözdür, işini sevən, iş görmək istəyən deməkdir. Kimsə pul qazanmaq istəyirsə, onun qarşısını mənasız, məntiqsiz qərarlarla, sovet-kolxoz təfəkkürü ilə almaqdansa, vətəndaşlara şərait yaratmaq lazımdır ki, həm özləri qazansın, həm də dövlətə vergi-rüsum versinlər. Gömrük Komitəsinin iş fəlsəfəsi daxili istehsalçını qorumaq, daxili istehsalçıya dəstək olmaq, ölkədə iqtisadi aktivliyin artmasına, işsizliyin azalmasına yardımçı olmaqdır. Vətəndaşların xaricdən sifariş etdikləri məhsullar daxildə istehsal olunurmu?! Yox, olunmur. Vətəndaş bu sifarişləri pul qazanmaq üşün edirsə, bu, qəbahət və cinayətdirmi?! Yox, deyil. Vətəndaşlar özləri pul qazanırsa, bu dövlətin sosial yükünü azaldırmı?! Bəli, azaldır”.
 
N.Cəfərli bildirib ki, gömrük orqanı işin fəlsəfəsini bilsə və şəxsi maraqlarını kənara qoysa idi, fiziki şəxslərin aylıq mal sifarişi limitini 300-ə endirməz, əksinə 3 min dollara qədər artırılmasını dəstəkləyər, həmçinin dövriyyədən rüsum və vergi tutulmasını təklif edərdi: “Məsələn, Əbdül dayı və ya Məsmə xala ayda 3 çim dollarlıq mal sifariş edirsə, bu zaman dövriyyədən 5 faiz rüsum və 5 faiz vergi ödəyərək başqa bütün növ ödənişlərdən azad edilir. Beləliklə, 3 min dollar əvəzində dövlətə 300 dollar xeyir verən Əbdül dayı, Məsmə xala gətirdiyi malı sataraq həm özü qazanaraq dövlətin sosial yükünü azaldır, həm daha ucuz qiymətlərlə bazara çıxaraq rəqabət yaradır, qiymətlərin ucuzlaşmasına səbəb olur, həm də dövlətə xeyir verir, rüsum-vergi ödəyir. Bu yolla minlərlə vətəndaş özü-özünü dolandırır, böyük, məmurlara bağlı şırkətlər də özünə çəki-düzən verib qiyməti şişirtmirlər, rəqabət artır, beləliklə də bütün ölkə vətəndaşları qazanır. Bu sadə məntiqi anlamaq üçün Gömrük Komitəsinə pulsuz-parasız mühazirələr deməyə hazıram. Sovet buralardan çıxsa da, bəzi qurum və məmurların canından hələ çıxamayıb”.
Tarix: 11-12-2021, 22:14
Xəbəri paylaş





Xəbər lenti