"Azərbaycana müxtəlif ölkələrdən qaçaqmalçılıq yolu ilə gətirilir"


"Azərbaycana müxtəlif ölkələrdən qaçaqmalçılıq yolu ilə gətirilir"Foto: Pixabay.com

Qarşıdan Yeni il gəlir. Yeni il deyilən zaman istər-istəməz yada qadağan olunsa da, hər zaman böyük həvəslə istifadə edilən pirotexniki vasitələr düşür.

Pirotexnik yunan dilində “pyr” (atəş) və “techne” (sənət) kəlmələrinin birləşməsindən yaranıb. Mənası isə, atəş yaratma sənətidir. Bu sənətin ilkin olaraq Çində meydana gəldiyi düşünülür. Hər zaman olduğu kimi sonradan bütün dünya ölkələri bundan nəsibini alıb. Eləcə də Azərbaycan. Azərbaycanda pirotexniki vasitələr qadağan edilsə də, hələ də bəzi mağazalarda satışına rast gəlinir. Bu vasitələrin satışı hər zaman açıq şəkildə olmasa da, Yeni il şənliklərində hansı üsulla satıldığı məlum olur.
Mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi güclü səs-küylə müşahidə edilən, insan sağlamlığı üçün təhlükə törədən və tez alışan bu vasitələr Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilir. Dövlət Gömrük Komitəsi, bu halların qarşısını mümkün qədər almağa çalışır, amma görünən odur ki, bu gün də Azərbaycan bazarlarına hansısa yolla daxil olmağı bacaran pirotexniki vasitələrin satışı davam edir.

“Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynov qeyd edir ki, bazarı qorunmayan ölkələrdə bu cür vasitələr özünə tez yer tapır. Bu vasitələr Azərbaycana müxtəlif ölkələrdən qaçaqmalçılıq yolu ilə gətirilir. Onun sözlərinə görə, pirotexniki vasitələr yanğına və hətta ölümə səbəb ola bilər. Bu səbəbdən də, vətəndaşlar maarifləndirilməlidir.
Pirotexniki vasitələrin sağlamlığa böyük zərərləri var. Həkim terapevt Məlahət Abbasova qeyd edir ki, bu vasitələrxdən istifadə yanıqla nəticələnə bilər. Buna görə də, bu vasitələr uşaqlardan uzaq tutulmalıdır.
“Bununla yanaşı, bu vasitələr insanlarda aqressivlik yaradır. Səsi də bəzi xəstələrə zərərlidir. Yaşlılar üçün də təhlükəlidir. Pirotexniki vasitələrdən istifadə zamanı barıtın qoxusu da bəzi şəxslərdə allergiyaya səbəb olur. Bunun qarşısının alınması üçün isə, bu vasitələrdən imtina etmək vacibdir” - deyə həkim bildirib.
Xatırladaq ki, 23 dekabr 2003-cü il tarixli, 565 saylı qanuna əsasən partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb.
İnzibati Xətalar Məcəlləsinin 442 maddəsinə görə, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Xüsusi qeyd: Pirotexniki vasitələr, sizin və ətrafınızdakı insanların fiziki və psixoloji sağlamlığı üçün təhlükəlidir. Bu vasitələrin alışından, satışından və istifadəsindən çəkinməyi tövsiyyə edirik.
Tarix: 12-12-2021, 16:27
Xəbəri paylaş





Xəbər lenti