“Vaşinqton Post”: “Çıxış yolu var, yararlanmaq gərəkdir”



ABŞ-ın “Vaşinqton Post” qəzetində “Virus həyat üçün təhlükəlidir, ancaq çıxış yolu var, ondan yararlanmaq gərəkdir” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Koronavirusun yeni variantı omikron hamını narahat etməkdədir. Omikron sürətlə yayılmağa qabildir və dünyanı cənginə ala bilər.
Onun koronavirusun delta variantından daha yoluxucu olması və ya peyvəndin müqavimətini üstələyəcəyi haqda fikir yürütmək hələ tezdir. Ancaq bu variantla necə davranmaq lazım olduğu barədə qərar qəbul etmək hələ ki, gec deyil.
Əgər maska taxmaq və peyvəndlənməklə bağlı qaydalara ciddi yanaşılsa, omikrona müqavimət göstərmək imkanı qazanmış olarıq.
Vaksinlər koronavirusun hələ məlum olmayan növlərinə qarşı da təsirlidir. Peyvəndlər insanları hazırda dünyada tüğyan edən delta variantından qoruya bilir. Peyvəndlərin buster dozası deltaya qarşı güclü müqavimət yaratdığı kimi, omikronun da qarşısını almağa kömək edə bilər.
Peyvənd – koronavirus xəstəliyinin ölümcül formasından qorunmağın başlıca yoludur.
Bəs onda niyə insanlar pandemiyanın bu çağında peyvənd olunmaqdan çəkinir, maska taxmaqadan imtina edir və ya bu qabaqlayıcı tədbirlərə istehza ilə yanaşırlar?
Niyə ABŞ əhalisinin dörddə bir hissəsi hələ də peyvəndin bir dozasını belə qəbul etməyib? Onlar təhlükəsizlik kəməri taxmadan yüksək sürətlə hərəkətdə olan adama bənzəyirlər.
Daha nə qədər peyvənd olunmamış insan xəstəxanaya düşməli, oksigen aparatına qoşulmalı və ölməlidir?
Pulsuz peyvəndlənmək imkanı ola-ola bundan imtina edən şəxslər neçə-neçə insan həyatına son qoymuş ölümcül xəstəliklə üz-üzə dayandıqlarını bilməlidirlər. Onlar anlamalıdırlar ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 1861-1865-ci illərin Vətəndaş müharibəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olanların sayını üstələyib.
Niyə kimsə növbəti qurbana çevrilməlidir?
Ötən ilin qışına nəzər salanda vaksinlərin virusa yoluxma səviyyəsini xeyli azaltdığını görmək olur. Ancaq delta variantı peyvənd olunmayanlara zərbə vurmaqda davam edir və görünür, bayramlar yaxınlaşdıqca bu variant yenə fəallaşır. Son həftələrdə Minnesota, Miçiqan, Kolorado, Vermont, Nebraska və Nyu-Hempşir ştatlarından üzücü xəbərlər gəlməkdədir.
Nyu-York ştatında yanvardan bəri yoluxma sayının ən yüksək səviyyəyə yaxınlaşdığı müşahidə olunur. Nyu-York ştatının 56 xəstəxanasında boş çarpayıların sayı 10 faizdən də aşağıdır.
Massaçusets ştatında günlük yoluxma sayı ötən qışdakı sıçrayışdan sonra ən yüksək həddə çatır.
Men ştatının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru “Associated Press” agentliyinə açıqlamasında deyib: “Omikron – üfüqdə parlayan qığılcımdır. Delta variantı isə bu gün burada baş verən yanğındır”.
Prezident Baydenin infeksiyaya qarşı elm yoluyla və sürətlə mübarizə aparılacağını vəd edən son pandemiya strategiyası alimlərin daha geniş sınaqlar keçirməsini, peyvəndlərin daha əlçatan olmasını, səyahət məhdudiyyətlərinin sərtləşdirilməsini və digər tədbirləri zəruri edir.
Bütün bu qərarlar düzgün istiqamətə yönəlib, ancaq tələblər də çox iddialıdır. Məsələn, cənab Bayden təklif edir ki, özəl sığorta şirkətləri insanların yalnız həkim otağında keçdiyi və ya aptekdən aldığı ekspress-testlərin deyil, ev şəraitində apardıqları təcili testlərin də xərclərini ödəsin. Bu metod işə yaraya bilər, ancaq ev şəraitində istifadə olunan diaqnostik testlərin istehsalı lazımi qədər sürətlə getmir ki, bütün ölkə bu üsuldan müntəzəm və pulsuz istifadə etməklə rahatlıq tapa bilsin.
Bu qış maska taxmaq və digər sadə metodlar böyük həyati əhəmiyyət kəsb edəcək. Biz mübarizə aparmaq üçün nə etməli olduğumuzu bilirik. Hökumətin, müəssisələrin, məktəblərin və digər təşkilatların bu işdə rolu böyükdür. Ancaq sonunda insanlar virusun həyat üçün potensial təhlükə olduğunu qəbul etməlidirlər. Çıxış yolu var. Ondan yararlanmaq gərəkdir.
Tarix: 13-12-2021, 20:58
Xəbəri paylaş





Xəbər lenti