GÖMRÜK SƏDRİ NİYƏ GERİ ÇƏKİLDİ? – Yaxud Səfər Mehdiyev əslində kimlərə “fırıldaqçı” deyirdi?



“Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular...”
Bu fikirlər bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin(DGK) sədri Səfər Mehdiyevin mətbuata verdiyi müsahibədən götürülüb. Adam konkret ad çəkməsə də, bir neçə dəfə, dönə-dönə bəyan edir ki, parlamentin bəzi üzvləri gömrük orqanını aldatmaq istəyən və öz maraqlarını qoruyan fırıldaqçılardır... Bu isə bu gün Milli Məclisin iclasında parlament sədri Sahibə Qafarovanın DGK sədrinin həmin açıqlamaları və Mehdiyevlə telefon söhbətinə dair söylədikləridir: “Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham edilib. Dünən Səfər müəllim mənə zəng edərək dedi ki, onun fikirləri təhrif olunub. Əslində o, deputatları deyil, məmurları nəzərdə tutub”. Necə deyərlər, indi gəl baş aç görək, nə baş verir.

Əvvəla, məntiqlə əgər fikirləri təhrif olunubsa, S.Mehdiyev bunu Milli Məclisin sədrindən öncə müsahibə verdiyi sayta söyləməli, iradını bildirməli, düzəlişə, təkzibə nail olmalı idi. Ancaq bu baş verməyib. Əksinə, onun müsahibə verdiyi jurnalist özü çıxıb deyir ki, Mehdiyevlə müsahibənin səs yazısı var və onu parlament sədrinə təqdim edə bilər.
Ortada qeyri-müəyyənlik var. Əgər Mehdiyev gerçəkdən də üzrxahlıq edib və fikirlərinin təhrif olunduğunu, deputatları deyil, məmurları nəzərdə tutduğunu deyibsə, o zaman Sahibə xanımın DGK sədrinin səmimiliyinə şübhə ilə yanaşması gərəkdir. Çünki müsahibədə bir yox, bir neçə dəfə, dönə-dönə deputatlardan, Milli Məclisin üzvlərindən və onların parlamentdəki çıxışlarından söz açılır...
Əslində, Milli Məclislə gömrük orqanı arasında dialoq, dartışma, mübahisə tamam başqa – ölkə iqtisadiyyatı, biznes mühiti və s. üçün əhəmiyyət kəsb edən, onların inkişafına xidmət edən qlobal məsələlərlə bağlı olmalıdır, “kimsə telefon, televizor gətirdi və satıb pul qazandı” mövzusunda yox. Hazırkı dartışmalar isə müxtəlif qurumlar və onların rəhbərləri arasındakı münasibətlərin dövlətçilik maraqlarına yox, qeyri-səmimiliyə, intriqalara, şəxsi maraqlara, bir çox hallarda isə ikiüzlülüyə və saxtakarlığa söykəndiyinin göstəricisidir. Sonra da deyirik ki, məmurlar mətbuatdan niyə qaçır? Çünki danışdıqca, yuxarıda qeyd etdiyimiz “xüsusiyyətləri” daha çox üzə çıxır... 
Əlbəttə, indiyə qədər deputatların arasında bəzən alverçilərin, işbazların, korrupsionerlərin olmasını təsdiqləyən xeyli nümunələr olub. Lakin Azərbaycanın gömrük orqanı və onun rəhbər vəzifəli şəxsləri də “süddən çıxmış ağ qaşıq” deyil axı. Gömrüyümüz, vergimiz, məhkəməmiz, prokurorluğumuz, səhiyyəmiz, təhsilimiz və s. nədirsə, parlamentimiz də odur. Bu baxımdan bir qurumun başçısının durub başqa bir qurumun təmsilçilərini nədəsə ittiham etməsi məntiqli və düzgün görünmür. Yox, əgər kiminsə vəzifədə ola-ola buna cəsarəti çatırsa, o zaman konkret adlar və faktlar söyləməsi, daha sonra isə dediklərinin arxasında durması gərəkdir. Lakin indiki halda S.Mehdiyevin, necə deyərlər, sona qədər gedəcəyi və sözünün arxasında duracağı qətiyyən inandırıcı görünmürdü və belə də oldu. Bunu DGK-nın adından yayımlanan rəsmi açıqlama da təsdiqlədi. Həmin açıqlamada müsahibəni verən və götürən yox, bir növ Mehdiyevin dediklərini təqdim edən saytlar və “oxuyub düz nəticə çıxarmayan” oxucular ittiham olunur. Deyilir ki, müsahibədəki bəzi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən kontekstdən çıxarılıb və yanlış şərhlər verilib.

O zaman sözügedən komitə və onun sədri zəhmət çəkib müsahibədəki bu fikrə “kontekstdən çıxarmadan” bir daha şərh versin: “Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular...”
Yaxşı, burada “fırıldaqçı” deyəndə kimlər nəzərdə tutulur? Belə çıxır ki, telefonlar, televizorlar və kompüterlər?...
Cəlal Məmmədov
“AzPolitika.info”
Tarix: 14-12-2021, 21:38
Xəbəri paylaş





Xəbər lenti