"Bu, hakimiyyətin problemidir - öz seçicilərinin hüquqlarını pozub"


"Bu, hakimiyyətin problemidir - öz seçicilərinin hüquqlarını pozub"Ümid Partiyasının sədri İqbal Ağazadə

Payız gəldi-getdi, Parlamentin beş deputat kürsüsü yenə dolmaz oldu – MSK-nın seçkilər barədə “spoiler”i

Dünən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisin boş qalan dairələrinə yaxın vaxtlarda seçkilər keçiriləcək. Bu açıqlamadan yola çıxaraq, ümumiyyətlə, Parlamentimiz barədə ictimaiyyətimizin fikrini almağı zəruri hesab etdim. Həqiqətən, bu gün Parlamentdə boş qalan dairələrə seçkilərin keçirilməsi nə dərəcədə yerində verilmiş qərardır? İki ildir boş qalan dairələr var ki, bu dairələrin təcili doldurulması üçün yenidən seçkilərin keçirilməsi yönündə çoxsaylı tələblər və təkliflər də olmuşdu. Amma buna baxmayaraq, MSK rəhbərliyi ani bir açıqlama ilə bu yerlərə seçkilərin keçiriləcəyini bildirib.
Paytaxt sakinlərindən birinin fikrinə görə, ölkədə keçirilən və keçiriləcək olan heç bir seçkiyə inam-etibar qalmayıb: “Mənim Məzahir Pənahovun çıxışından-çıxışına yadıma düşür ki, ölkədə Milli Məclis adında qanunverici orqan var. Bir də arada haradasa oxuyanda ki, filan vaxt Parlamentdə plenar iclas keçiriləcək. Unutmadan qeyd edim, bir də deputatlar istirahətə gedəndə. Həmin gün bütün mediada xəbər paylaşılır ki, bəs deputatlar istirahətə gedirlər. Sözümü ona gətirirəm ki, bu ölkədə elə içi mən daxil, bir çox vətəndaş üçün o binanın, onun içindəkilərin olub-olmamasının heç bir mənası yoxdur. Guya demokratik, şəffaf seçkilər keçirilirdi. Gördük də şəffaflığı. Müəllimlər hələ ölkə tarixində həminki gün qədər gözdən düşməmişdilər. Sözüm hamısına aid deyil təbii ki. Amma qurunun oduna yaş da yanır da, aydın söhbətdir. Bir neçə özünə, mənliyinə hörmət etməyən “müəllim” ora-burasında seçki dairələrinə bülleten soxuşduranda, onda bilindi ki, Milli Məclislə Kukla Teatrının heç bir fərqi yoxdur. Yenə kukla teatrında dörd-beş kukla əskik olanda, tez-bazar atışıb, yerinə alıb qoyurlar. İki ildi o boyda Parlamentdə beş yer boş qalıb, heç veclərinə də deyil. Yatıb-yatıb, indi ayılıblar ki, bəs seçkilər keçirilməlidir. “Arxadan atılan daş, topuğa dəyər” deyiblər. Biz axırıncı dəfə seçkilərdəki biabırçılıqları açıq-aşkar gördük. Nəinki biz, bütün dünya gördü. Bunu birdəfəlik anlamaq lazımdır – Azərbaycanda heç bir zaman şəffaf, demokratik seçki olmayıb və bundan sonra da olmayacaqdır. Nə qədər ki, eyni adamlar eyni yerləri zəbt ediblər, ələ keçiriblər, dədə malı kimi necəgəldi yeyib-dağıdıblar, çətin nəsə müsbət dəyişiklik ola. Hamı bu dəqiqə özünə söz versin ki, seçkidə səs verməyəcək, yenə də görəcəyik ki, kimlərsə ora seçilib. Yəni, boş şeydir. Bu xalq oldu, ya olmadı, ora kimsə “seçicələk”sə deməli seçiləcək. Daha doğrusu, təyin olunacaq. O binanın bu camaata zərrə aidiyyatı yoxdur” - deyə, yaşlı paytaxt sakini bildirib.
Keçən ilki seçkilərdə 35 saylı Xətai III Seçki Dairəsindən namizədliyini versə də, müəyyən səbəblərdən dolayı seçkiləri qazana bilməyən Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadənin bu seçkilərdə iştirak edib-etməməsini aydınlaşdırmaq üçün özü ilə əlaqə saxladım. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- İqbal bəy, bu dəfə təkrar seçkilərdə iştirak edəcəksinizmi?
- Mən fərd deyiləm. Siyasi proseslərdə də fərd olaraq iştirak etmirəm. Mən bir partiyanın sədriyəm və bütün qərarlar da partiyanın kollegial orqanları tərəfindən verilir. Təbii ki, partiyamız bütün seçkilərdə iştirak etməyə israrlıdır. Bu seçkilərdə də iştiraka rəhbərlik səviyyəsində müsbət baxılır və iştirak niyyətimiz var. Lakin kollegial orqanlarımız, rəyasət heyəti bununla bağlı qərar verməlidir. Həm də Prezident seçkilərlə bağlı sərəncam imzalamalıdır. Seçkilərlə bağlı fərman yox, bu fərmandan irəli gələn partiyada müzakirə yox, hansı qərarı verə bilərik ki?
- Seçkilərdə iştiraka qərar versəniz, yenə əvvəlki dairənizi seçərsiniz, ya başqa bir boş dairəni?
- Əlbəttə, yenə əvvəlki dairəmi seçərəm. Mən o dairəni udmuşam. Orada seçkinin nəticələri xeyrimə olub. Seçicim də məni dəstəkləyib. Dairəmi niyə dəyişməliyəm?
- İki ilə yaxındır ki, bu beş dairə boşdur. İki il dairəni nə məqsədlə deputatsız qoyublar?
- Bu, hakimiyyətin problemidir. Hakimiyyət öz seçicilərinin hüquqlarını pozub, vətəndaşlarının hüquqlarını pozub.
***
Qeyd edim ki, Parlamentin boş qalmış beş dairəsinə seçkilərin keçiriləcəyi gözlənilsə də, orada bir deputat kürsüsü də boş qalıb. Həmin kürsü Xaçmaz rayonundan deputat seçilmiş və daha sonra cinayət əməlinə görə mandatı alınaraq, həbs edilmiş Eldəniz Səlimova aiddir. Hal-hazırda o, həbsdə olsa da, deputat maaşını almaqda davam edir. Ümumiyyətlə, bu deputatın xaçmazlılar tərəfindən seçilməsi ilə bağlı, həmçinin onun fəaliyyətdə olduğu müddət ərzində özü ilə seçiciləri arasındakı münasibətlər barədə həmin seçicilərin fikrini almaq istəsək də, bu, müvəqqəti olaraq alınmadı. Ancaq buna baxmayaraq, həbsdə olan deputat (O, hələ də deputat maaşı aldığı üçün onu “sabiq deputat” kimi qeyd etmirəm – M.Ş) Eldəniz Səlimovla bağlı paytaxt sakinləri də öz fikirlərini bildiriblər. Onlardan bəziləri ümumiyyətlə belə bir deputatın olmasından xəbərsizdir: “Mən elə bir deputatın olduğundan xəbərsiz idim, ta ki, polislə dava edib, həbsə düşənə qədər. Adam deputat oldu, gördü məşhur ola bilmir, getdi adam döydü, girdi içəri, elə məşhur oldu” - deyə, sakinlərdən biri bildirib.
Növbəti sakin isə fikrini bir qədər ironiya ilə bildirib: “Gedib, o deputatları yenidən saysınlar, bəlkə elə yenə aralarında ölənləri, harasa çıxıb gedənləri olub? İndi həbs olunanları demirəm, onda bütün ölkə xəbər tutur bu komediyadan. Deyəcəklər ki, beş boş dairəyə seçki keçirilir, hansısa Afrika ölkəsinə çıxıb getmiş deputatımız ordan səslənəcək: “ beş yox, altı dairə boş qalıb, a yoldaş, məni saymağı unutmusunuz”. Bəyəm Zeynəb Xanlarova özü Milli Məclisin deputatı ola-ola ABŞ-da yaşamırdı? Burda qəribə nə var ki?”
Tarix: 14-12-2021, 23:04
Xəbəri paylaş





Xəbər lenti