Paşinyan Naxçıvana dəmiryolun marşrutunu açıqladı

Brüsseldə Azərbaycan prezidenti ilə görüşdə Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiqlədik. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 16-da hökumətin iclasında deyib.
“Bu razılaşma regional kommunikasiyaların açılması ilə məşğul olan, üç ölkənin baş nazir müavinlərinin başçılıq etdiyi Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli işçi qrupun müzakirələri nəticəsində əldə olunub. Razılaşma noyabrın 26-da Soçi görüşündə təsdiqlənib. İndi isə Brüsseldə də təsdiqlənib”, – Paşinyan deyib.

Sərhəd və gömrük qaydaları

Onun sözlərinə görə, dəmiryolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun, qarşılılıq prinsipi əsasında, ölkələrin suverenliyi və yurisdiksiyasına uyğun fəaliyyət göstərəcək.
“Bu dəmiryol vasitəsilə Ermənistan İrana və Rusiyaya, Azərbaycan isə Naxçıvanla dəmiryolu əlaqəsi əldə edəcək”, – baş nazir vurğulayıb.
O qeyd edib ki, Türkiyə ilə müəyyən dialoqa başlamaq, sərhədi və kommunikasiyaları açmaq alınsa, layihənin miqyası daha da böyüyər. “Haqqında danışdığımız Yerasx-Gümrü dəmiryolu xətti Gümrüdən də Qarsa uzanır. Ancaq tikintiyə qədər nəhəng iş görülməlidir. Əlbəttə, onun bir hissəsi həyata keçib, indi isə problemləri praktik və gündəlik işlə yoluna qoymaq lazımdır”, – Paşinyan bildirib.
O, sözügedən məsələ ilə bağlı məhdud tərkibdə iclas keçiriləcəyini sözlərinə əlavə edib. “Mümkün qədər tez dəmiryoluna malik olmaq istəyirik. Bu razılaşma və layihənin əhəmiyyətini şişirtmək istəmirəm, amma digər tərəfdən az dəyərləndirmək də istəmirəm. Bu vacib razılaşmanı, ümid edirəm, gərəkən şəkildə reallaşdıracağıq. Bu isə regionda iqtisadi, sərmayə və siyasi mühiti, eləcə də təhlükəsizlik mühitini ciddi şəkildə dəyişəcək”, – Paşinyan vurğulayıb.
Azadlıq radiosu
Tarix: 16-12-2021, 22:28
Xəbəri paylaş





Xəbər lenti