Ölkədə yas məclislərinə də icazə verilə bilər, amma...


İnfeksionist: “Yaslarda insanlar bir-birinə daha yaxın oturur, o səbəbə...”

Dünyada “Omikron” ştammının sürətlə yayıldığı bir dönəmdə ölkəmizdə yoluxma sayı gah artır, gah da azalır. Dünya üzrə COVID-19-a yoluxanların sayı son sutka ərzində 718 mindən çox olub.
worldometers.info saytı xəbər verir ki, ötən sutka ərzində 718 min 723 nəfər yeni koronavirusa yoluxub, 7 min 34 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 273 milyon 206 min 284, ölənlər isə 5 milyon 352 min 755 nəfərə çatıb. Ötən sutka ərzində virusa ən çox yoluxma halı (144 min 871 nəfər) ABŞ-da və bu xəstəlikdən ölüm faktı isə (1133 nəfər) Rusiyada qeydə alınıb. Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (51,4 milyon), Hindistan (34,7 milyon), Braziliya (22,2 milyon), Böyük Britaniya (11 milyon), Rusiya (10,1 milyon), Türkiyə (9,1 milyon) və Fransada (8,4 milyon) qeydə alınıb.
Bununla belə, bir çox ölkələrdə artıq yeni virus variantı ilə əlaqədar sərt tədbirlər həyata keçirirlər. Malayziya hökuməti koronavirusun “Omikron” ştammının yayılmasının qarşısını almaq üçün ölkədə Yeni il şənlikləri ilə bağlı böyük tədbirlərin təşkilinə qadağa qoyub. Malayziyanın səhiyyə naziri Hayri Camaluddin elan edib ki, Yeni il şənlikləri ilə bağlı böyük tədbirlər qadağan edilib: “Kiçik tədbirlərə isə bunların iştirakçıları COVID-19 testindən keçdikdən sonra icazə verilə bilər. Bu qərar dekabrın 16-da Səhiyyə Nazirliyi ”Omikron" ştammına iki yoluxma halının qeydə alındıqdan sonra verilib.
Qeyd etdiyimiz kimi, Azərbaycanda da son günlər insanlar arasında yayılan müxtəlif virus infeksiyaları narahatlıq doğurub. İnsanlar bilmirlər, qripə yoluxublar, yoxsa bu yeni ştamm olan “Omikrion”dur. Eyni zamanda, yoluxma dinamikasında da qalxma və enmələr davam edir. Bu nə ilə bağlıdır?
Yazı hazırlanarkən məlum oldu ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 755 yeni yoluxma faktı qeydə alınıb, 1 671 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 608 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 914 nəfər müalicə olunaraq sağalıb, 8 167 nəfər vəfat edib. 16 734 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 804, bu günə qədər isə ümumilikdə 5 729 433 test icra olunub.
Bu arada deputat Razi Nurullayev isə parlamentin son iclasında təklif edib ki, 100-150 nəfərlik toylara icazə verildiyi kimi, eyni qaydada yas mərasimlərinə də icazə verilsə, ədalətli olar. Bəs niyə icazə verilmir? Yoluxma təhlükəsi baxımından toyla yas məclislərinin fərqi varmı?
Həkim-infeksionist İlahə Vəliyeva “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Toylarda bir masada 6 nəfər oturur. Yaslarda insanlar bir-birinə daha yaxın oturur. O baxımdan bu fikirlə razılaşmaq olar. Çünki yaslardan sonra yoluxmalar daha çox artır. Nəzərə almaq lazımdır ki, pandemiya hələ bitməyib, o baxımdan sosial məsafəni qorumaq lazımdır. Qapalı məkanlarda maskanı çıxarmasınlar”. 

İnfeksionist son günlər qrip virusunun yayıldığını bildirib: “Xəstələrin çoxu boğaz ağrısı ilə müraciət edirlər. Bununla belə təlaş keçirməyə əsas görmürəm, bu da adi qripdir. Sadəcə olaraq COVİD vaxtı, yəni bir epidemiya olan zaman başqa epidemiya olmurdu. Qripə yoluxanlara çox az rast gəlinirdi. İndi isə qrip əvvəlki şəkildədir”.
Həkim “nəyə görə bəzilərinin üçüncü doza ”Pfizer" vaksinindən sonra  vəziyyəti ağırlaşır" sualına da cavab verib: “Vaksin vurulan şəxslər birinci dozanı da, ikincini də ağır keçirə bilər. Bu sırf üçüncü dozadır deyə ağır keçirir demək deyil. Sadəcə olaraq ”Pfizer" peyvəndini vurduranlar bir az ağır keçirirlər. Bunun da səbəbi peyvəndin daha çox genetik olması ilə bağlıdır. Tərkibində məlumat RNT-sinin kodlaşmış antitelinin kopyası var, ona görə. Bunun isə orqanizmə ziyanı yoxdur". 
Qeyd edək ki, ötən gündən Azərbaycanda koronavirus əleyhinə “Pfizer” vaksini vurulan tibb müəssisələrinin sayı iki dəfə artırılıb və 17-dən 33-ə çatdırılıb. Yeri gəlmişkən, Honq-Konq Universitetinin araşdırmasına görə, “Omikron” koronavirus ştammı insanları əvvəlki virus növlərinə nisbətən 70 dəfə daha sürətli yoluxdura bilib. Tədqiqat zamanı alimlər insanın ağciyər toxumasında “Omikron” ştammının effektivliyini sınaqdan keçiriblər. Eyni zamanda, alimlər müəyyən ediblər ki, “Omikron”un çoxalma miqyası virusun ilkin versiyasından 10 dəfədən az olub".
Tədqiqatın müəlliflərindən biri, doktor Chen Zhiwei aydınlaşdırıb ki, virus genomunun təkrarlanması virusun yoluxma qabiliyyətini təyin edən yeganə amil deyil. O əlavə edib ki, xəstəliyin gedişatının şiddəti təkcə virusun yoluxuculuğundan deyil, həm də insanın immunitetindən asılıdır.
Tarix: 18-12-2021, 09:22
Xəbəri paylaş





Xəbər lenti