Nağıllar diyarı



“Qalaçanın o biri tərəfinə keçib vəhşi heyvanları görürlər. Qız deyir:
- Bu gördüyün cürbəcür heyvanların hamısı vaxtilə insan idilər.
Atam bunları tilsimləyib, hərəsini bir heyvan şəklinə salıb".
(“Oxxayla Əhməd” nağılından)
Aprel ayında İşgəncələr Əleyhinə Beynəlxalq Komitə “Tərtər işi” adlandırılan əhvalatla bağlı hesabat yaymışdı. Orada hərbçilərimizə verilən işgəncələrdən bəhs olunurdu. Onda hərbi prokuror Xanlar müəllimdən buna münasibət soruşulanda demişdi: “Mən bu iddiaları eşitmişəm. Amma yalandır.  Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.
İndi isə dekabr ayıdır, baş prokurorluq həmin “Tərtər işi”nin təzədən istintaqa qaytarılacağını açıqlamışdır. Üstəlik, istintaqa prokurorluqla yanaşı başqa orqanların da cəlb ediləcəyi deyilir. Görünür hərbi prokurorluğa inam və etibar artıq ən azı hissəvi şəkildə itmişdir.
Bu “Tərtər işi” çoxdandır, bəlkə 4 ildir müzakirə edilir, hər ağızdan bir avaz gəlir, lakin camaata dəqiq məlumat verən yoxdur. Gah dedilər işgəncələrdən cəmi 1 adam ölüb (bu elə hərbi prokurorun açıqlamasıydı). Gah 11 qurbanın olması xəbəri yayıldı. Kimlərinsə işgəncələrə görə cəzalandığı, işdən çıxarıldığı da deyildi. Yenə bunun yetərincə olmadığı açıqlandı. Ortada hətta İkinci Qarabağ savaşında rəsmən qəhrəman olmuş generalların adı hallandı. İddia olunur ki, işgəncələrə onlar şəxsən başçılıq etmişlər. Yeri gəlmişkən, əgər qabaqkı istintaqı elə hərbi prokurorluğun apardığını nəzərə alsaq, görəsən bu qurumun özündən kimi cəzalandırıblar və təzədən niyə onlara istintaq tapşırılır? Axı məntiqlə işgəncəni onlar vermişlərsə, tamam kənarda qalmalı idilər.
 Azərbaycan cəmiyyəti bu məsələ ətrafında həqiqətləri olduğu kimi öyrənəcəkmi? Şübhə edirəm. Bizdə belə işgəncələr və müəmmalı qətllər, həbsxanalarda, qapalı yerlərdə, hərbi hissələrdə ölüm halları çox nadir hallarda düzgün araşdırılır, xalqa ətraflı informasiya verilir. Bunun günahı təkcə hökumətdə deyil. Boğazdan yuxarı danışmağımıza baxmayın, bizim millət olaraq özümüzün də həqiqətin üzə çıxmasında böyük marağımız yoxdur. Balaca yerdir, hamı bir-birinə qohumdur. Kiminsə çirkin hərəkətini, cinayətini qohumluğa görə, tanışlığa görə yola veririk gedir. Başqası “zərəri ödəyir”, susuruq. Üçüncüsü “guya siz özünüz təmiz adamsınız” sualını verir, bizim də şkafda gizlətdiyimiz skeletlər yadımıza düşür, cınqırımızı çıxarmırıq.
Sovetin vaxtında, 1937-ci il repressiyalarında bütöv bir obanın anasını ağladan, gedər-gəlməzə, Sibirə sürgün edən tip vardı, şəxsən tanıyırdım. Azərbaycan müstəqil olanda onun nəvə-nəticələrini dövlət vəzifələrinə çəkdilər. Biri icra nümayəndəsi oldu, başqası prokuror, üçüncüsü bələdiyyə və sairə. Heç utanmaq, xəcalət də olmadı. Millət keçmişdə ona qan udduranları, onların törəmələrini böyük məmnuniyyətlə qarşıladı. Əgər ətrafınıza baxsanız, özünüz də yüzlərlə belə fakt görərsiniz.
O mənada, Xanlar müəllim yazda nağıllardan danışanda əslində haqlıydı. Biz nağıllar diyarının sakinləriyik, burda reallıqla illüziya, gerçəklik və fantaziya arasında sərhəd çoxdan itibdir. Atın qabağına ət, aslanın qabağına ot qoyublar, Məlikməmməd də quyunun dibində, qaranlıq dünyada divə şam tutmaqla məşğuldur, gəlib otla ətin yerini dəyişməyə həvəsi yoxdur. Göydən  hərəmizə bir sinə dolusu medal düşür, tax, kef elə. Prinsipcə, təpik adamın özünə dəyənəcən yaxşı oynaqlamaq olur. Dəyəndə də yumşaq yeri yekə olanlar çox əziyyət çəkmir, məsələn, MTN işində istintaqa çəkilən bəzi generallar var, onların məhkəməyə gəliş-gedişinə fikir versəniz, arxayınlıq göz deşir. Açıq görünür lazımı yerlərə hesab-kitab çatıb, lotular yaxşıca yedikləri kimi, babat da “qaytarıblar”.
Yalnız dünən mən dilxor oldum, çünki bəzi memarlar mükafatlanmışdı, onların içində Hacıbala müəllimin adını görmədim. Bakını bu cür “sevə-sevə tikən” adamı unutmaq olmaz. Unutsaq unudularıq.
Sonda onu da qeyd edim, Tartar qədim yunan mifologiyasında cəhənnəmin dibinə deyirdilər. Yəni, Xanlar müəllim nisan ayında işin nağılvari tərəflərindən danışanda bu mənada da haqlı idi. Mifik şəxsiyyətdir.
 

Zamin HACI
Tarix: 18-12-2021, 11:06
Xəbəri paylaş





Xəbər lenti