“Ərazi hesablama mərkəzləri korrupsiya və rüşvət mənbəyinə çevirilib” - NƏ DƏYİŞƏCƏK?


Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilib. Sərəncama əsasən, Təhsil Nazirliyinin 12 regional idarəsi yaradılıb.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı cebhe.info-ya açıqlamasında təhsil ekspert Elşən Qafarov deyib ki, təhsil müəssisələrinin icra hakimiyyəti orqanlarına verilməsi özünü doğrultmadı:

"2011-ci ilin yanvarın 1-də məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarına verilmişdi. O zaman da təhsil mütəxəssisləri buna öz etirazını bildirmişdi. Zaman da göstərdi ki, məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyəti orqanlarının tərkibinə verilməsi özünü doğrultmadı. İcra hakimiyyətinin tərkibinə verilməsinin sayəsində bu gün təhsilimizin bütün pillələrində kifayət qədər problem var. Çünki yerli icra hakimiyyəti orqanları məktəbəqədər təhsilə ayrılmış vəsaiti mənimsədilər. Yəni bu müəssisələr icra hakimiyyəti orqanlarının gəlir mənbəyinə çevirildi. Bu sistemdə də təhsildən başqa nə desəniz, tapmaq olurdu. İndi isə belə bir qərar verilib və bu sərəncamı alqışlayırıq. Lakin bu, idarəetmə strukturları ilə bağlı olan islahatların cüzi bir hissəsidir".

E.Qafarov qeyd edib ki, regional idarələrdə təhsil üzrə anlayışlı olan şəxslər olmalıdır: "2016-cı ildən ərazi maliyyə hesablaşma mərkəzləri yaradıldı və bu mərkəzlərə təhsilə yad olan şəxslər gəldilər və onlar da təhsilə yad olduqları üçün bu sahədə kəskin qərarlar verildi. Qısa müddətdə aydın oldu ki, ərazi hesablama mərkəzləri korrupsiya və rüşvət mənbəyinə çevirilib. Regional idarələrdə təhsildən başı çıxan şəxslər olmayınca, müsbət dəyişilik gözləmək olmaz. Bu, ölkədə gedən inzibati dəyişikliklərin bir parçasıdır. Amma o demək deyil ki, regional idarə yarandı, təhsildə dərhal hansısa keyfiyyət dəyişikliyi olacaq. Xeyr, olmayacaq. Çünki keyfiyyət dəyişikliyinin olması üçün şərtlər də fərqli olmalıdır".
Tarix: 20-12-2021, 20:55
Xəbəri paylaş





Xəbər lenti