“Tərtərdə baş verənləri Rusiya kəşfiyyatıyla bağlamaq gülüncdür..”-NİYƏ Kİ?..

“Tərtərdə baş verənləri Rusiya  kəşfiyyatıyla bağlamaq gülüncdür..”-NİYƏ Kİ?..
“Azərbaycanın Ali Baş Komandanı var, o isə indiyə qədər general Nəcməddin Sadıkov haqqında mənfi fikir söyləməyib...”
 
“Tərtər hadisələri ilə bağlı müxtəlif söz-söhbətləri çox eşidirik. Ancaq sosial şəbəkələrə çıxarılan məlumatların düzgün olub-olmamasına  zəmanət vermək gülüncdür. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, xaricdən idarə olunan blogerlər ölkəmizdə qarşdurma yaratmaq və Azərbaycan ordusunun 44 günlük müharibədəki qələbəsini heç etmək məqsədi güdür. Bu fərdlər sözün əsl mənasında şayiə yaymaqla məşğuldular. Eyni məqsədi ermənilər də güdürlər. Buradan belə nəticə çıxarmaq olur ki, onlar Azərbaycanın düşmənləri ilə əlbirdirlər. Əgər onlar Azərbaycanın həqiqi vətəndaşlarıdırsa, ölkədə baş verən hadisələr haqda informasiyaları kənara çıxarmamalıdırlar”.

Bunu Moderator.az-a açıqlamasında analitik Tahir Cəfərli söyləyib.
 
“Şəxsən mən inanıram ki, Tərtərdə satqınlıqlar olub. Həmin satqınlıqları edənlər isə Vətən xainləridirlər. Azərbaycan əsgərlərinə əl qaldıranlar harınlaşmış zabitlərdir. Bununla belə, onların əməllərinə haqq qazandırmaq biqeyrətlikdir. Qanun qarşısında ittiham olunanlar cəzalandırılmalıdırlar. “Tərtərdə baş verənləri Rusiya  kəşfiyyatına bağlamaq isə gülüncdür. Həqiqəti rəsmi qurumlardan oyrənmək lazımdır”.
 
“Tərtər olaylarının Rusiya kəşfiyyatıyla bağlanmasını nəyə görə gülünc sayırsız? Əgər keçmiş baş qərargah rəisi Rusiyanın adamı sayılırsa və hadisələr onun dövründə baş veribsə, məntiqlə bunu Moskvanın Azərbaycan ordusunu zəiflətmək məqsədilə etdiyi ortalığa çıxmırmı?..” sualını isə Tahir Cəfərli elə cavablandırıb:
 
“Bunlar düzgün fikir deyil. Keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkov Qarabağdakı son 44 günlük savaşda qalib çıxan ordunun yaradılmasında, silahlandırılmasında, döyüş hazırlığı keçməsində rolu olan insanlardan biridir.  Onun rusun adamı olmasını gözə soxanlar anlamırlar ki, Rusiyanın razılığı olmasaydı, Azərbaycan  Qarabağı azad etməyəcəkdi. N.Sadıkovla Türkiyə  hərbi məsləhətçiləri arasında fikir ayrılığının olması o demək deyil ki, o, Rusiyanın adamı olduğundan öz xalqına xəyanət etmişdir. Sadəcə olaraq, onun funksiyasının türk  zabitlərinin üzərinə qoyulması da razılaşdırılmışdı. Gedənin arxasınca ağzına gələnləri danışmaq boşboğqazların gülünc düşüncəsidir. “Tərtər işi”ni Nəcməddin Sadıkovun adına bağlamaq heç bir çərçivəyə sığmır. Azərbaycanın Ali Baş Komandanı var, o isə indiyə qədər bu general haqqında mənfi fikir söyləməyib. Deməli, vəziyyət  deyilən kimi deyil”. 
 
“Aydındır ki, Azərbaycan Türkiyə Prezidenti Ərdoğanla Putin arasında danışıqların nəticəsində Qarabağda qalib gəldi. Ən əsası, Azərbaycan Prezidenti Rusiya-Türkiyə yaxınlaşmasından istifadə edərək torpaqlarımızı azad etdi...
İndi isə Azərbaycan ordusu haqqında yalan şayiə yayanlar, xalqın balalarını əsgərlikdən çəkindirmək məqsədi güdürlər. Erməni blogerlərə qoşulub ordumuz haqqında ağıllarına gələni yazanlar və deyənlər sözün əsl mənasında Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş təxribatla məşğuldurlar. Onlara son qoymaq lazımdır. Bu saat Qarabağda sinəsini qabağa verib, oranı ermənilərdən təmizləyən balalarımızın bayıra atılan dırnağına harınlaşmış məmurların nəsli-cinsi qurban... Qarabağda Azərbaycan əsgəri öz böyüklüyünü, Ali Baş komandan isə öz hərbi və diplomatik məharətini göstərdi. Bundan sonra ordumuza və Ali Baş Komandana qarşı getmək ən böyük xəyanətkarlıqdır” –deyə siyasi şərhçi vurğulayıb.
 
Sultan Laçın 

Tarix: 23-12-2021, 21:33
Xəbəri paylaş





Xəbər lenti