Müharibə gündəliyi


Qulu Məmmədli
27 oktyabr günəş al qırmızı şəfəqləri ilə ətrafı işıqlandırmağa başlayır.
Bulud olmayan günlər artıq hər səhər gün doğuşunu oyaq olmağa məcbur olduğumdan izləyə bilirəm. İndi burada gün atəş səsləri doğur hər gün.
Qubadlının Ermənistanla sərhədyanı kəndlərinin geri qaytarılması əməliyyatları həyata keçirilir.
Əyin, Çardaqlar, Zeyvə kəndlərinə yaxınlaşmışıq.
Bakıdan gəlmiş, əllərində xəritə olan biri uzun, biri ondan gödək iki şişman polkovnik Qubadlı şəhəri istiqamətindən bizim tabur yerləşən mövqeyə doğru irəliləyirlər. Çatan kimi bölüyü hazırlayın irəliləyirik komandası eşidirik.
Payıza xas olmayan isti, günəşli hava var Qubadlı dağlarında. Ərazi təpəliklər olsa da, biçilmiş taxıl zəmiləri olan düzən hissələrdə otlar hələndə yaşıldır. Düşmənə aid tör-töküntüdən başqa ərazidə bir şey gözə dəyməyir. Sanki bu torpaqlar artıq uzun zamandır insan üzünə həsrətdir. Tam sükut çöküb hər tərəfə. Bu fırtınaqabağı sakitliyi hiss etdirir adama. Haradan biləsən ki, cəmi iki saat sonra burada elə bir cəhənnəm yaşanacaq ki, ömür boyu unutmaq istəsən də unuda bilməyəcəyim cəhənnəm olacaq bu.
Üzü Ermənistan sərhədinə tərəf bizim rayon asfalt yolları kimi dağılmış asfalt yol baş alıb gedir. Getdikcə ərazi yoxuşa doğru qalxır. Qubadlı tam quyunun içərisində bir şəhərdir.
Havada barıt qoxusu ilə bərabər dağlardan əsən xəfif mehin gətirdiyi gül-çiçəyin, otların da ətri duyulur.
Cəbrayıldan fərqli olaraq burada yaşıllıqlar çoxdur. Moruq, taxıl əkilən sahələr göz oxşayır.
Bu yüksəkliklərdən baxanda Qubadlı şəhəri tam bir dərənin dibində, uzun, enli bir kanalın içərisində, Bərgüşad çayının qoynunda özünə məskən salmış qərib, qədim bir şəhər təsiri bağışlayır adama. Atılan mərmilərin əks-sədası Kür çayının kənarında qayalıq hissədə uşaq vaxtı eşitdiyim səsləri xatırladır mənə. Bəzən düşən mərmilər silah-sursat avtomobilinə tuş gələndə yarım saata yaxın aramsız partlayışlara müşayət olnur bu səslər.
Yenidən, kolon şəklində düzülüb irəliləyirik. Dövlət sərhədinə təxminən 6-7 km məsafə qalır. İkinci yüksək təpəyə çatan məqamda qarşıdan uca səslə düşmən tərəfdən gələn səs “zdes qrantisa” deyərək, buranın Ermənistan ərazisi olduğunu car çəkir.
Düşmənin yerləşdiyi təpəlik asfalt yolun düz üstündə yerləşir. Birinci 300-400 m eniş və ardından 150-200 m yoxuşda, tam müdafiə istehkamla möhkəmləndirilmiş, qatı şəkildə maskalanmış bir şəkildə mövqe tutan düşmən bizi ovcunun içində görsə də atəş açmır nədənsə. “Bura sərhəddir”,- deyib, bizi saxlamağa çalışırlar. Bəlkə də məqsədləri əlavə qüvvə toplamaqdır.
Birinci olaraq bu istiqamətdə tabur komandiri Şadmanovun başçılıq altında bir qrup hücuma keçir. Təxmini artıq saat günorta 11-12 radələridir. Uzun məsafə tam təchizatla yoxuş qalxan zaman bütün bədən tərə qərq olduğundan və yuyunmaq imkanı olmadığından paltarlarınızı bədənimizə kelylənmiş kimi hiss edirik özümüzü. Hücuma keçən zaman isə üst gödəkçənin və bəzi əşyaları atmaq üstündə kimim mübahisə də yaşanır gələn bu iki yeni polkovnikə. Kimsə “biz hücuma gedirik, amma sonradan bu əşyaları bizə gətirən olmayır” deyir polkovnikə bizdən birimiz.
Susuzluq və həyəcan da bir tərəfdən adamın nəfəsini daraldır. Bir-birimizə yenidən son dəfə baxarcasına baxırıq. Gözlərdə xüsusi qəribəlik var hər kəsdə. Möhkəmləndirilmiş mövqedə düşmən hücumunu dəf etmək möhkəmləndirilmiş düşmən mövqeyinə hücum etməkdən on dəfələrcə daha asandır.
Asfalt yolun kənarında gözləyirik. Boyu gödək və daha qorxmaz olan polkovnik bizim yanımızda, digəri 50 m arxada ərazini gözdən keçirib, qarşıda düşmən olan təpəyə hücum əmri verirlər.
Düşmən yerləşən təpəliyin qarşısında kiçik bir kol basmış təpə var. Qarşıda gedən qrup düşməndən 150-200 m məsafədə həmin təpənin arxasına toplaşırlar. Və ardıyca başlayır..
Düşmən pulemyotları dayanmadan atəşə tutur hər tərəfi. Yerləşdikləri mövqe ağaclarla örtüldüyündən onları görmək mümkünsüzdür. Həm də ermənilər usta, tikinti işlərini nədənsə həmişə ərinmədən, peşəkar səviyyədə yerinə yetirirlərmiş təsuratı yaranırdı adamda. Ərazi elə maskalayırlar, gedib oraya çatanda baxırdın ki, bu iş üçün çox çalışıblar əclaflar.
Biz də dəstək verməyə başlayırıq. Qarşılıqlı müəyyən müddət atışma olur. Yenidən sakitlik çökür. Dövlət sərhəddi düşmən üçün yaxın olduğundan, xüsusən Gorus, Qafan şəhərləri buraya yaxın olduğu üçün onlara əlavə gücləndirmə gələcəyini qabaqcadan bilmək olardı. Onun üçün də bu mövqelər tezliklə alınmalı idi. Ordumuz digər bölmələri də sağ cinahdan hücuma keçmişdilər.
Yaxınlaşdırıcı cihazla qarşıdakı təpəni müşayət edən polkoniklə aramda 2-3 m məsafə var. Polkovnik həyəcanla rabitəçini onun yanına çağırmağımızı əmr edir. Onlarla gələn xüsusi rabitəçi arxada dayanan polkovnikin yanında gözləyir. Polkovnik tez-tez alnından axan təri silə-silə, “nə oldu, harda qaldı, rabitəçi deyə-deyə bir nəfər gəlsin yanıma” , deyib bizə tərəf boylanır. Asfaltın kənarı kolluq-tikanlıqladır bütün. Hamı buraya soxulub, əyilərək növbəti tapşırığı gözləyir. Artıq qarşıdan həkimi çağırırlar. Deyəsən ya yaralı, ya şəhidimiz var.
Düşmən istiqamətinə gedən asfaltın sağ tərəfi dərədir, dərəni qalxdıqdan sonra isə hündür təpəyə qalxmaq olur.
Polkovnik gah xəritəyə, gah qarşıya, gah bizə baxıb qərar qəbul etməyi düşünür.
  • Cənab polkovnik, bəlkə biz dərənin, keçib o təpəyə qalxıb oradan hücum edək?
İti baxışlarını mənə zilləyən qara, gödək polkovnik, “qalx 5 nəfər götür, sən də qalx soldakı təpəyə”.
“Oldu”- deyib, ətrafımda olan əsgərlər və bir tağım komandiri- Əliyev Namiqlə təpəyə doğru irəliləməyə başlayırıq. Düşmən yerləşən təpə istiqamətində solda olan bu təpə hazırkı məqamda ən strateji təpədir. Təpə bizdən 100-150 m məsafədədir. Üst hissəsi ağaclıq olduğundan burada da düşmənin olub, olmamamsından xəbərsizik.
Bir kolon şəklində əyilə-əyilə, baxışlarımızı zirvəyə zilləyərək asta-asta hərəkətə başlayırıq. Hamı silahı ayağa, komandası verib, silahları doldururuq. Hər addımda ayağımızı yerə diqqətlə baxıb sonra atırıq. Bu vərdişi hələ uzun müddət tərgidə bilmirəm.
Elə bu vaxt pulemyot şaqqıldamağa başlayır. Hamımız yerə sərilirik.. Buraya Güləbird istiqamətindən Qubadlının mərkəzi azad edildikdən sonra gəlmişik. Hər kəsin paltarları qana boyanıb. Artıq uzun zaman döyüş əməliyyatlarından keçdiyimizdən müəyyən təcrübə əldə edə bilmişik. İndi hər kəs əvvəlki kimi həyəcanlı deyil. Hətta belə məqamlarda zarafat da etməyə adam özündə cəsarət tâpır ilk günlərdən fərqli olaraq.
Ağzı üstə torpağa uzanan zaman torpağın, otların ətri adama qəribə hisslər bəxş edir. Müharibə həm də adamın ən yaxın təmasda olduğu torpaqla çox mehribanlaşdırır adamı sanki. Sənə qucaq açıb, səni mərmilərdən qoruyan torpağa özünü borcluymuş kimi hiss edirsən. Hər qarışıma qanını, dostlarını, həyatını qurban verə-verə, üstündə iməkləyərək, dizin-dizin, sürünərək irəlilədikcə ona daha da qarışıdığını hiss edirsən. Bütün bədənin, paltarın, üz-gözün torpaqla örtülüdür. Torpaqla yoğrulursan yenidən.
Başımız üzərindən uçuşan mərmilər, eyni zamanda doğma Qubadlı torpağının qoxusu, bir-birimiz arasında olan qısa danışıqlar ömür boyu yaşamadığımız, bəlkə də bir daha yaşamayacağımız qəribə hisslər bəxş edir adama. Düşünürsən, buradan sağ çıxsam bu adamlar, bu torpaq, bu dünya bir başqa olacaq mənim üçün.
-Fərəcov, suyun var? deyə, yanımdakı əsgərimizi səsləyirəm. Hə, Komutan, bu dəqiqə, deyib, əşya çantasını eşələməyə başlayır. Qalxın, irəlilədik, deyib əyilə-əyilə təpənin zirvəsinə tərəf qaçırıq. Hər an yuxarıdan pulemyotun bizi biçəcəyini gözləyirəm.
-Atəş açılsa, hamı uzansın. Az qalıb, çatırıq, burada kimsə yoxdur deyə özümü, əsgərləri inandırmağa çalışıram.
Qarşı təpədən isə avtomat, pulemyot səsləri dayanmır. Atılan mərmilər başımızın üstündən uçuşub keçirlər.
Hələ 200-300 m yüksəkliyi olan təpənin zirvəsinə çatmamışıq. Relyefi gözdən keçirib, yuxarıdan atəş açılacaqsa, güllələrin bizi tutmayacağı tərəflərdən zirvəyə yaxınlaşmağa qərar vermişəm..
Həmin döyüşlərdə şəhid olan şəhidlərimizdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Xankəndi Azərbaycandır!
Tarix: 26-12-2021, 22:47
Xəbəri paylaş





Xəbər lenti