“İcazəli jurnalistika istəmirik”

Dekabrın 28-də bir qrup jurnalist yenidən Milli Məclisin qarşısında, artıq ikinci oxunuşdan keçən “Media haqqında” Qanun layihəsinə etiraz ediblər.
Onlar binanın qarşısına toplaşaraq “Azad mətbuat”, “İcazəli jurnalistika istəmirik”, “Mürtəce qanuna yox”, “Qadağalarınızla yox olmayacağıq”, “Qanundan qandal düzəltmə” və başqa şüarlar səsləndirdilər. Amma polis əməkdaşları aksiya iştirakçılarına plakatlar qaldırmağa imkan vermədi.
Jurnalist Xədicə İsmayıl bildirdi ki, layihə azad jurnalistikanı məhdudlaşdıran maddələr çıxarılmadan müzakirə edilməməlidir: “Bu maddələr çıxarılmadan onun müzakirəsi, ümumiyyətlə, mümkün deyil”.
Polis daha sonra aksiya iştirakçılarını Milli Məclisin binası önündən Şəhidlər Xiyabanına doğru sıxışdırdı. Aksiya iştirakçıları orada da şüarlar səsləndirməyə davam etdilər.

“Birgə işçi qrup yaradılsın”

Aksiyanın sonunda iştirakçılar bəyanat səsləndirdilər. “Biz, bir qrup müstəqil jurnalist olaraq “Media haqqında” yeni qanun layihəsinin ölkəmizdə mövcud qapalı mühitin daha da sərtləşməsinə təkan verəcəyindən narahatlığımızı ifadə edir, bunu ifadə azadlığı hüququnun pozulması kimi qiymətləndiririk”, – bəyanatda vurğulanır.
Onların sözlərinə görə, adıçəkilən yeni qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyası və Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı ilə bağlı müddəaları ilə ziddiyyət təşkil edir.
Aksiya iştirakçıları bildirdilər ki, layihə, ümumiyyətlə, müzakirədən çıxarılmalı, onun yenidən işlənməsi üçün müstəqil ekspertlərlə birgə işçi qrup yaradılmalıdır.
Bu aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bir qədər əvvəl media eksperti Ələsgər Məmmədlinin bildirməsinə görə, layihəni təqdim edənlərin ekspertlərlə müzakirələrində iradlardan bəzilərinin qəbul olunduğu, onların nəzərə alınacağı söylənilib.
Bu gün, dekabrın 28-də isə Milli Məclisin iclasında sədrin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, “Media haqqında” qanun layihəsi öncəki iki qanunun əsasında hazırlanıb. Onun fikrincə, adıçəkilən qanun layihəsini yenidən Avropa Şurasının Venesiya Komissiyasına göndərməyin heç bir mənası yoxdur.
Bundan dörd gün öncə, dekabrın 24-də da bir qrup jurnalist eyni tələblərlə Milli Məclisin önündə etiraz aksiyası keçirmişdi.
Azadlıq radiosu
Tarix: 28-12-2021, 15:20
Xəbəri paylaş





Xəbər lenti