“Media haqqında” qanun layihəsi ilə bağlı ÜMİDLƏR PUÇ OLDU


“Media haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılıb.

Üçüncü oxunuşda qanuna bir sıra dəyişikliklər edilib.

Belə ki, sənədin 13.3-cü maddəsinə informasiya agentliklərinin təklifinə əsasən, media subyektləri üçün informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyini daha aydın müəyyən etmək üçün “istinadla bağlı tələb istisna olmaqla” sözlərinin əlavə edilməsi təklif olunub.

İkinci düzəliş 14.1.11-ci maddə ilə bağlıdır. Maddədə “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində media nümayəndələrinin təklifi ilə “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlənib.

Layihədə internet televiziyalarının məcburi lisenziyalaşdırılması müddəası nəzərdə tutulmasa da, ictimai müzakirələrdə ən çox narahatlıq bu məsələ ilə bağlı ifadə edilib. Bu yanaşmanın aydın başa düşülmədiyi iddia edildiyindən, layihəyə yeni 30.8-ci maddə əlavə olunub və daha dəqiq göstərilib ki, “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər”.

Əslində buradan da aydın olur ki, Milli Məclis də jurnalist cameəsinin etdiyi təklifləri nəzərə almayıb və yalnız o qədər də ciddi əhəmiyyət daşımayan düzəlişlər qeydə alınıb.

Bir neçə gün əvvəl DİA.AZ kollektivi də bu qanuna veto qoyulması çağırışı ilə Prezidentə müraciət etmişdi.
Tarix: 30-12-2021, 17:03
Xəbəri paylaş





Xəbər lenti