Rayonlardan unun bahalaşması ilə bağlı xəbərlər gəlir

Azərbaycanda 50 kiloqramlıq un kisəsinin 5-10 manat arası bahalaşdığı bildirilir.
Bu barədə Bakıda və ölkənin bir sıra bölgələrində fəaliyyət göstərən marketlərdən danışıblar.

Daha çox bahalaşmanın rayonlarda yaşandığı qeyd edilir. Paytaxt Bakıya yaxın bir sıra rayonlardan verilən məlumatlara görə, Yeni il bayramından öncə 50 kiloqramlıq un kisəsi 27 manat 50 qəpiyə satılırdısa, indi həmin çəki və markada un 37 manata yüksəlib.

İmişli… Müştərilərə bir kisə…

İmişli rayonunda da oxşar məlumatlar gəlir.
Yerli sakinlərin AzadlıqRadiosuna bildirmələrinə görə, hələ yanvarın 2-də səhər saatlarından İmişli rayonunda un və ev heyvanları üçün yem satılan əksər ticarət nöqtələri bağlı olub. Vurğulandığına görə, satış olmasa da, unla bağlı ajiotaj yaşanıb: “Adamlar çaşqınlıq içində mağazalara baş vururdular. Bir neçə yerdə 50 kiloqramlıq əla növ un 40 manata təklif olunurdu. Yanvarın 3-də səhər saatlarında rayonun əsas un satış dükanında qiymət 29 manata endirildi. Dükan sahibi yalnız anbarda qalan malları bu qiymətə sata biləcəyini bildirdi. Müştərilərə bir kisədən artıq un almağa icazə verilmədi. Cəmi iki saat ərzində anbardakı bütün kisələr satılıb qurtardı. Hazırda rayonun əksər mağazalarında 50 kiloqramlıq un kisəsi 38 manata təklif edilir”.

Astara…

Astara rayon sakinləri də deyirlər ki, bayramdan əvvəl 50 kiloqramlıq un 28 manat olub, indi isə bu qiymət 37 manata yüksəlib: “25 kq un 19 manatdır, 10 kq isə 7 manat 50 qəpikdir”.
Bakıdakı marketlərdə bir elə bahalıq müşahidə edilməyib. Bəzi marketlərdə unun kisəsinin bir neçə manat yüksəldiyi vurğulanıb. Paytaxtın bir sıra mağazalarında isə kisə ilə unun olmadığı bildirilib. Açıq və kiloqramla satılan unun qiymətində hər hansı artım olmayıb.
Ümumilikdə, unda bahalaşmanın təqribən ölkə üzrə 15-30 faiz civarında müşahidə edildiyi vurğulanır.
Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azadlıq Radiosu
Tarix: 3-01-2022, 21:56
Xəbəri paylaş





Xəbər lenti