“Milli iqtisadiyyatda "Holland xəstəliyi"nin simptompları müşahidə olunur”


“2021-ci ilin iqtisadi yekunları hələ açıqlanmasa da, ötən ilin 11 ayının nəticələri, qərarlaşan tendensiyalar və formalaşan meyllər 15 il əvvəl Azərbaycan iqtisadiyyatında müşahidə olunmuş  xəstəliyi  şərtləndirən bir sıra faktorları  yenidən  fəallaşdırıb. Fikrimcə, hazırda milli iqtisadiyyatda "Holland xəstəliyi"nin simptompları müşahidə olunur”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.
 
Q.İbadoğlu qeyd edib ki, idxal, xüsusilə də ölkəyə  qida mallarının gətirilməsi artır: “Belə ki, bu ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsulları idxalı 238,5 milyon dollar  və ya 16,3 faiz artıb. Bu dövrdə ölkəyə bütövlükdə  1,7 milyard dollarlıq yeyinti məhsulu gətirilib. Bununla yanaşı  ötən  ilin yanvar-oktyabr aylarında idxal qiymətləri indeksinin orta illik artımı 21,4 faizə çatıb. İstehlak və istehlakçı qiymətləri indekslərinin hər ikisi artır. Rəsmi statistikaya görə  2021-ci ilin noyabr ayı 2020-ci ilin noyabr ayına nəzərən illik inflyasiya ikirəqəmli -11.1 faiz olub, orta illik inflyasiya isə yanvar-noyabr aylarında 6.2 faiz qeydə alınıb.  Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-noyabr aylarında 3.9 faiz təşkil edib. Digər hesablamalara görə, yalnız daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması adı ilə kommunal tariflərin qaldırılması illik inflyasiyanın 1/4-ni formalaşdırıb. Bundan əlavə ötən il istehsalçı qiymətləri indeksi də artıma meyilli olub. Oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 29.9 faiz, kənd təsərrüfatı istehsalçı indeksi isə 14.4 faiz, daşıma xərclərinin artması ilə avtomobil nəqliyyatı ilə ölkədaxili yükdaşıma qiymətlər indeksi illik olaraq 11.7 faiz artıb. Ötən il ərzində manat ABŞ dollarına nisbətdə sabit qalsa da, əsas ticarət tərəfdaşı olan Avropa Birliyinin vahid valyutası avroya nisbətdə bahalaşıb. Bu səbəbdə Dövlət Neft Fondunun itkisi, büdcədənkənar xərcləri 500 milyon manatdan çox olub. Xarici sərmayələrin, kapitalın, texnologiyanın yenə də əsas istiqaməti  neft sektorudur. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında əsas kapitala  yönələn bütün növ sərmayələr 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,9 faiz azalıb. Göründüyü kimi, qeyri neft-qaz sektoruna yönəldilən sərmayələrin azalma səviyyəsi ümumi azalma tempindən daha yüksəkdir”.
Tarix: 4-01-2022, 20:39
Xəbəri paylaş





Xəbər lenti