“Bəziləri sanki orduya qarşı da müxalifətə keçiblər”





Bir neçə gün öncə Azərbaycanda hər zaman qarışıqlıq yaratmaq istəyən qüvvələr, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anasından, bir ananın həssas durumundan istifadə edərək, onun fikirlərini cəmiyyətə yaydılar. 

Məsələ ilə bağlı siyasi şərhçi Bahəddin Həzi Demokrat.az-a açıqlamasında bildirib ki, şəhidlərin, şəhid ailələrinin ayrıca yüksək mənəvi statusu var. O, qeyd edib ki, xüsusilə, anaların bu mənəvi yeri daha ucadadır: 



“Bu, istənilən cəmiyyət üçün həmişə bir ağrı mənbəyi olmaqla bərabər, həm də misilsiz humanitar potensial deməkdir. Bu statusu hansı tərəfdən olursa-olsun, xırda maraqlar üçün istifadə etmək əxlaqa zidd əməldir. Kim ananın həmin duyğusal məqamından yararlanaraq fürsətcillik etmək istəyibsə, öz mənəvi prinsiplərini pozub, ya da heç elə mənəvi prinsipləri heç yoxmuş. Ana, ona xüsusi məqsədlə  söylənmiş sözlərin doğruluğunu araşdırmaq məqamında, imkanında deyil. Bu saat ananın qavrayış dalğaları dağ kimi oğlunun ölüm səbəbi və şəraiti ilə bağlı istənilən bir sözə, məlumata belə açıqdır. Mənəvi prinsipləri olan kəs bu durumunda anaya özünə sərf edən məlumat ötürüb sonra onu tirajlamaz. Baxırsınız, ölkə içində və xaricində xeyli müxalif düşüncəli adamlar bu məlumatı qəsdən tirajlayırlar. Bu da mənəvi prinsiplərin pozulmasıdır. Bəziləri artıq təkcə hakimiyyətə deyil, orduya qarşı da müxalifətə keçiblər sanki. Keçmiş hərbçi, polkovnik, gedib Norveçə sığınıb, Azərbaycan ordusunda gedən prosesləri şərh edir. Əvvəla, az-maz məsuliyyəti olan media dərdli ananın emosional fikirlərinə dayanaraq ölkənin yüksək hərbi vəzifəli şəxslərini ittiham etməz. Bu, birbaşa düşmənə işləməkdir. Bunu dayanmadan tirajlamaq da xəyanətə bərabər əməldir, vətəndaş və media məsuliyyəti ilə bir araya sığmır”.

Ekspert vurğulayıb ki, əldə edilən hər məlumatı olduğu kimi yaymaq media azadlığı deyil, media adından özbaşınalıqdır: 

“Bunu edənlərin çoxu, ya da hamısı Qərb standartlarına gen-bol istinad edənlərdir. Əldə etdiyin məlumatı dərc etməzdən əvvəl yoxlamaq, doğruluğundan əmin olmaq, yaxud ən azı bu məlumatla birlikdə qarşı tərəfin mövqeyini də dərc etmək elə Qərb standartının əsas tələbidir ki, pozulub. Ananın dilindən səslənən ağır ittihamları tirajlayan və onun üzərindən siyasi kapital toplamağa çalışan müxalif qruplara gəlincə, onlar bunun əksinə hakimiyyətdən bu məsələni araşdırmağı və cəmiyyətə məlumat verməyi tələb etməli idilər. Nəhayət, bütün bunların fonunda əlaqəli qurumlar müharibə qurbanlarının - şəhid ailələrinin, qazilərin, veteranların problemlərinə, fikirlərinə daha diqqətli olmalıdır. Nə çətin iş olar ki, nazirlikdə müavinlərdən biri sırf bu məsələlərlə məşğul olsun?! Bəlkə də belə bir adam təyin olunub, ancaq işi görünmür. Bundan başqa şəhid generalın anasının səsləndirdiyi o ittihamlar qarşısında susqunluq da səhv idi. Dərhal bu məsələlərin araşdırılacağı və cəmiyyətə, o cümlədən, ayrıca olaraq, şəhid anasına məlumat veriləcəyi haqqında ilkin açıqlama olmalı idi. Cəmiyyəti silkələyən belə bir ittiham çıxışı qarşısında susmaq, rəsmi məlumatı gecikdirmək nəinki yanlışdır, hətta günahdır. Müdafiə Nazirliyi özü, yaxud Baş Prokurorluq belə bir açıqlama verə bilərdi. Bunlar baş vermədi. Ona görə də şayiəçilərin, araqarışdıranların işi yağ kimi getdi. Həm şəhid anasının mənəvi statusunu, həm dövlətin təhlüksizlik maraqlarını, həm də ordunun qalib imicini kölgələmək üçün rahatca işlədilər”.
Tarix: 4-01-2022, 20:43
Xəbəri paylaş





Xəbər lenti