Hökumət un və çörəyin bahalaşmasını dayandıra bilər: - Ekspert yol təklif etdi


Artıq bir neçə gündür ki, ölkədə un məhsullarının, o cümlədən çörəyin bahalaşmasıyla bağlı xəbərlər yayılır.

Səbəb olaraq əsasən dünyada ərzaq məhsulların qiymətinin kəskin artmasının ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməməsi göstərilir.

Mövcud vəziyyətlə bağlı Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb. İstehsalçılar müraciətdə qeyd edib ki, hesablamalara görə, uyğunlaşmanın nəticəsi olaraq,

50 kq-lıq bir kisə unun topdansatış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Qeyd edək ki, bu gün ölkədə ərzaq məhsullarının qiyməti kifayət qədər yüksəkdir və çörəyin də bahalaşması ailə büdcəsinə xeyli ziyan vuracaq.

Çörəyin bahalaşması digər sahələrdə də yenidən bahalaşmalara təkan verəcəkmi və mövcud vəziyyətdən çıxış yolu nədir? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, unun bahalaşması ilə bağlı məsələyə iki aspektdən baxmaqda fayda var:

“Çörək psixoloji bir məhsul növüdür və qiymətinin bahalaşması digər məhsulların qiymətinin bahalaşması üçün zəmin formalaşdırır. Bu, eyni zamanda cəmiyyətin özünü qiymət bahalaşmasına hazırlığını təmin edən bir proses kimi ortaya çıxır. Ancaq uzun müddətdir ki, faktiki olaraq hökumət tərəfindən istifadə edilən bir alətdir. Əslində digər sahələrdə hökumətin özünün qəbul etdiyi qərarlar nəticəsində ailə büdcəsinə dəyən zərər çörəyin bahalaşmasından dəyən zərərdən daha çoxdur.

Təkcə suyun qiymətinin artırılması nəticəsində 1 nəfər üçün aylıq xərc yükü 3 manat artıb və dörd nəfərlik ailə büdcəsində bu 13 manat edir. Ancaq bundan sonrakı dövrdə çörək 20 faiz bahalaşarsa, 4 nəfərlik ailədə təxminən 6 manat əlavə xərc yükü formalaşdırılır. Göründüyü kimi, əslində çörəyin qiyməti ilə bir manipulyasiyanın olduğunu düşünürəm. Çünki çörəyin qiymətinin altında çox sayda digər məsələlər arxada qalır. Sadəcə çörəyin qiyməti ilə müəyyən bir tarazlığı təmin etməyə çalışırlar. Bütün digər istiqamətlərdə yaranmış təzyiqi bununla neytrallaşdırırlar”.

Ekspert düşünür ki, indiki şərtlər ailə büdcəsi üçün əlavə maliyyə, xərc yükü formalaşdırır və psixoloji təzyiq, digər məhsulların bahalaşması üçün imkanlar yaradır:

“Ancaq eyni zamanda daha yaxşı olar ki, hökumət çörəkdə ortaya qoyduğu mövcud həssaslığı digər məsələlərdə də ortaya qoysun. Nəzərə almaq lazımdır ki, unun qiymətinin bahalaşması, çörəyin qiymətinə təsirinin neytrallaşdırılması sadəcə bir neçə məhsul növü üzrədir. Digər bütün çörək növləri və un məmulatları onsuz da bahalaşıb və hökumət bunun qarşısını almır. Əhalinin istehlak səbətində kiçik payı olan bir məhsul növü üzrə cəhd ortaya qoyulur, nəticədə isə digər məsələlər onun kölgəsində qalır”.

Ekspert deyib ki, hazırda taxılın topdansatışı, idxalı prosesində subsidiyalaşma var:

“Həmçinin çörək istehsalı ƏDV-dən azaddır. Demək olar ki, bu istiqamətdə hökumətin əlində olan imkanlar tükənir, alətlər azalır. Azərbaycan idxaldan asılıdır və insan qidası üçün lazım olan taxılın 95 faizini idxal edirik. Dünya bazarlarında taxılın qiymətləri sürətlə bahalaşmaqdadır ki, buna pandemiya, nəqliyyat xərclərinin artması və digər səbəblər təsir göstərir. Biz həmin bahalaşmanı idxal vasitəsilə Azərbaycana gətirmiş oluruq və hökumətin indiki halda ortaya qoyacağı mövqe, qısamüddətli həll subsidiya məbləğlərinin yenidən gözdən keçirilməsi olmalıdır. Çalışmaq lazımdır ki, optimal vəziyyət təmin edilsin.

Bir var ki, çörək üçün istifadə edilən un məmulatları, bir də digər məqsədlərlə, lüks kateqoriyalı şirniyyat məhsullarının istehsalı üçün istifadə edilən unu hökumət subsidiyalaşdırmalıdır? Niyə bunun əvəzini hansısa sıravi vətəndaş ödəməlidir, hansı ki, həyatı boyu həmin kateqoriyalı məhsulu istehlak etməyib. Məsələn, aztəminatlı ailələrin istifadə etdiyi makaron kimi məhsullar üçün un istehlakının qiymətlərinin subsidiyalaşdırılması daha məntiqli yanaşmadır, nəinki bütüövlükdə unun. Buna görə də tarazlığı tapmaq lazımdır”.
Tarix: 5-01-2022, 21:53
Xəbəri paylaş





Xəbər lenti