“KTMT-nin Qazaxıstana köməyinə işğal adı vermək olmaz” - Deputat



“Qazaxıstanın dövlət başçısı rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Məsləhətləşmələr aparılıb və qərar qəbul edilib ki, sülhməramlı dəstələr Qazaxıstana göndərilsin. Yəqin ki, Qazaxıstan iğtişaşın qarşısını öz gücü ilə ala bilməyəcəyini görüb belə addım atıb. Prezident Tokayev bunu “xarici aqressiya” adlandırıb və terrorçu qruplaşmaların dəstəyi ilə təşkil edilmiş iğtişaş olduğunu bildirib. Yəni, təşkilatın hərbi qüvvələri Qazaxıstana məhz Prezident Tokayevin müraciəti əsasında daxil olublar. Əgər həmin sülhməramlılar Qazaxıstana özbaşına daxil olsaydılar, bu, qanunsuz müdaxilə hesab edilə bilərdi”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
 
Deputat bildirib ki, KTMT-nin köməyinə işğal adı vermək olmaz: “Qazaxıstan Prezidentinin verdiyi məlumata əsasən, ölkədə xarici qüvvələrin müdaxiləsi nəticəsində terrorçu və quldur dəstələr dövlətə qarşı çıxış edirlər. Qazaxıstanın bir neçə şəhərində, xüsusilə də Almatıda güclü dağıntılar, insan tələfatı baş verib. Ümumiyyətlə dövlətin qanunlarının pozulması ilə müşaiyət edilən hərəkətlər intensivləşib, silahlı qruplaşmalar yaranıb. Ordu ilə, polislə qarşılıqlı toqquşmalar gedir. Təbii ki, iğtişaşın səbəbi və məqsədləri var və bunun qarşısı hansısa şəkildə mütləq alınmalıdır. Qazaxıstan Prezidenti də bu yolu seçib və bəyan edib ki, müdafiə nazirliyinin hərbi hissələri bir o qədər də etibarlı vəziyyətdə deyil. Görüntülərdən də görünür ki, həmin toqquşmaları törədənlər polisləri tərksilah edir, onları döyür, işgəncə verir, öldürürlər. Prezident Tokayev artıq Təhlükəszilik Şurasının sədrliyini də öz üzərinə götürüb. Belə məlum olub ki, Qazaxıstan öz daxili qüvvələri hesabına iğtişaşların qarşısını almaqda acizdir. Ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ediblər. Təşkilatın nizamnaməsində qeyd olunub ki, dövlətlərdən hansısa birinin ərazi bütövlüyünə, dövlətçiliyinə qarşı təhlükə yaranarsa, təşkilat üzvləri kömək etməyə borcludurlar. Həmin qüvvələr Qazaxıstan, Tacikistan, Ermənistan, Belarusiya və Rusiyadır”.
Tarix: 6-01-2022, 17:22
Xəbəri paylaş





Xəbər lenti