Bu günlərdə Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas
Vaqif Sultanlının yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan
günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib
gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması
baxımından önəm daşıyır.Azərbaycan Dövlət Nəşriyyatında yayınlanan bu kitab müəllifin mühacirət
ədəbiyyatı ilə bağlı ilk araşdırması deyildir. Belə ki, onun “Ağır yolun yolçusu”
(1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004)
kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınmışdır. Həmçinin
araşdırmaçının İstanbulda yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007),
“Ruhun ağırıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.
Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas
cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə
yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları
VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər
Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman
kəsimini əhatə etmiş, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi
mənzərəsini canlandırmışdır.
Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə
başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan
proseslərə yer verilmişdir. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə
mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılmış, ayrı-ayrı şəxsiyyətlərin
ədəbi portreti yaradılmışdır. Burada Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,
Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Səlim
Rəfiq Rəfioğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, İren Məlikhoff və başqaları
haqqındakı portret yazıları diqqəti çəkməkdədir.
Monoqrafiyada Qurban Səidin “Əli və Nino”, “Altunsaç” romanları ilə bağlı
ədəbiyyatşünaslıqda uzun illərdən bəri davam edən mübahisələrə də toxunulmuş,
həmçinin həmin əsərlər təhlil olunmuşdur
Araşdırıcı İkinci Dünya savaşı ilə bağlı qürbətə üz tutmuş Azərbaycan
mühacirətinin ədəbi-bədii, nəzəri-kulturoloji və publisistik irsini də geniş şəkildə
araşdırmış, legion ədəbiyyatından ayrıca bəhs etmişdir.
Müəllif kitabın ön sözündə tədqiqatla bağlı qənaətlərini belə ümumiləşdirərək
yazır: “Bəzən bеlə bir fikir səslənir ki, mühacirət hеç bir zaman sözün həqiqi
mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qеyri-adi sənət
örnəkləri bəхş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji
arqumеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət
yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı
хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən ədəbi-bədii
kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna
görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən onu yaradanların yalnız ədəbi
istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.
Tədqiqatçının qənaətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və
nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır. “Bir
zaman gələcək ki, ədəbi şəхsiyyətlərin biоqrafiyası, yaхud yaradıcılıq yolu
dəyərləndirilərkən, əski çağlarda olduğu kimi, оnların vətəndə və ya mühacirətdə
yaşamasının fərqləndirilməsinə lüzum görülməyəcək. Lakin Azərbaycan mühacirət
irsinin uzun illər araşdırmalardan kənarda qalması, özəlliklə çarlıq və sovet siyasi
rejimi dönəmlərində yaranan ədəbiyyatın öyrənilməsinə ciddi yasaqlar qoyulması
onun ayrıca araşdırılmasını şərtləndirir”.
Kitabda indiyədək mühacirət ədəbiyyatı ilə bağlı bir çox mübahisələrə
aydınlıq gətirilmiş, gələcəkdə bu sahədə görüləcək işlər, aparılacaq araşdırmalar
üçün elmi-metodoloji istiqamətin müəyyənləşdirlməsinə çalışılmışdır.
Vaqif Sultanlının oxuculara təqdim olunan monoqrafiyasının mühüm
özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı
ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır.
Eyni zamanda, araşdırmada Sovetlər Birliyinin dağılması və Azərbaycanın yenidən
bağımsızlıq qazanmasından sonrakı dönəmdə yaranmış, indiyədək yetərincə
öyrənilməmiş mühacirət ədəbiyyatı da sistemli şəkildə təhlilə çəkilmişdir.
SİAM.AZ
Tarix: 9-06-2023, 23:09