""Paşa Holdinq" taksi bazarında kök salmağa başlayandan sonra taksi mövzusu aktuallaşıb"


“Rəqəmsal inkişaf və nəqliyyat naziri “dünyanın heç bir yerində Azərbaycandakı qədər taksi şirkəti yoxdur” açıqlaması verməməli idi”.
Yeniavaz.com 
Turan-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Nazim Bəydəmirli deyib.
“Ölkələrin çiçəklənməsinin açarı rəqabət və azad media, vətəndaş cəmiyyəti və ümumiyyətlə, dövlətin iqtisadi proseslərə qarışmamasıdır”, - Bəydəmirli bildirib.
Onun fikrincə, məmurlar ilk növbədə özlərinə sual verməlidirlər ki, “Niyə vətəndaşlar daşımaları kiçik avtomobilləri ilə həyata keçirirlər? Yaxşı halda gündə 12-14 saat maşın sürürlər? Hökumət bunun müqabilində onlara nə təklif edəcək?”
Bəydəmirli qeyd edib ki, “Paşa Holdinq” taksi bazarında kök salmağa başlayandan sonra taksi mövzusu aktuallaşıb.
İqtisadçı ekspert vurğulayıb ki, nazir ilk növbədə dövlət büdcəsi hesabına sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərin yaradılmasında maraqlı olmalıdır.
“Dövlətin astronomik vəsait yatırdığı “BakuBus” hansı məqsədlə yaradılıb? Onun aldığı avtobuslar niyə baha qiymətə alınır?  Bu məsələlər ictimaiyyət tərəfindən qaldırılanda Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri niyə cavab vermir? Bakı Nəqliyyat Agentliyinin yol nişanının quraşdırılmasının qiyməti niyə 7-8 min manata başa gəlir? Qiymətlər niyə qalxır? Niyə vətəndaşların seçim hüququnu məhdudlaşdırmaq istəyirlər?”, - deyə iqtisadçı sual edir.
Onun fikrincə, dövlət strukturu təbii olaraq oyun qaydalarını müəyyən etməlidir: “Məsələn, lisenziya üçün rüsum təyin edin. Amma taksi sürücüsü mütəmadi olaraq vergi ödəyirsə, dövlət daşıma vergisi təyin etməməli, iqtisadi proseslərə qarışmamalıdır”.
Tarix: 13-06-2023, 23:41
Xəbəri paylaş





Xəbər lenti