ƏƏSMN-in Məhkəmə mübahisələri ilə iş idarəsinin yaradılması haqqında əmri Konstitusiyaya ziddir - ÇÜNKİ...

ƏƏSMN-in Məhkəmə mübahisələri ilə iş idarəsinin yaradılması haqqında əmri Konstitusiyaya ziddir
2020-ci ilin fevralından nazirin əmri ilə ƏƏSMN tabeliyində DSMF-in Məhkəmə mübahisələri ilə iş idarəsi yaradılıb. Və idarənin işinin Fondun Bakının rayon şöbələrini və 1 saylı Bakı şəhər ərazi şöbəsini məhkəmələrdə təmsil etmək olduğu vurğulanıb.

Sual doğur , bəs Bakıdan qıraq bölgələrdə ƏƏSMN-in məhkəmə təmsiçiliyinə ehtiyac yoxdur və bəs nazirliyin hüquq şöbəsi nədən yanadır, niyə MƏHZ pensiya təminatını həyata keçirən DSMF-də yaradılıb ? Sualın yekəsi isə budur ki, məhkəmə mübahisələri ilə iş idarəsinin yaradılması Konstitusiyaya uyğundurmu? Fikrimizcə, yox. Hər dövlət qurumu vətəndaşdan qorunmaq, vətəndaşa iddia qaldırmaq üçün məhkəmə mübahisələri ilə iş idarələri yaradıb , peşəkar rüşvətdə vasitəçiləri ( oxuma, vəkilləri- M.B.) vətəndaşın məhkəmə təminatı hüququna qadağa qoymağa cəlb edəcəksə, onda Konstitusiyanın 60-cı maddəsinə “bir quş” ! Bəli, bəli, sözügedən qanunsuz idarənin məhkəmələrdə başlıca işi məhkəmələrə rüşvət verib iddiaya mahiyyəti üzrə baxılmasına qadağa qoymaqdan , iddianı mümkün saydırmamaqdan ibarətdir. Bəyəm buna görə ayrıca idarəyə ehtiyac var? Necə deyərlər, indiyədək məhkəmə mübahisələri ilə iş idarəsi yox idi, pensiyaçıların məhkəmə təminatı hüquqlarına qadağa qoyulmurdu?

İdarənin işinin Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən inzibati və məhkəmə təminatı hüququna qadağa olmasından özgə , saxlanma xərcləri də sosial təminat hüququna zərbədir. Təkcə ofisin icarəsinə xərclənən vəsaitlə neçə- neçə qazi- şəhid ailəsinin problemini çözmək olar. Biz hələ ştatlara ayrılan vəsaiti demirik. Belə sosial siyasətlə əhalini yox, yalnız məmuru, özbaşınalığı müdafiə etmək olar. Özbaşınalığı göz önünə gətirin, pensiyaçıya qanunla müəyyən edilmiş ödənişlər düzgün hesablanmır , hətta məhkəmə qərarı ilə təyin olunan pensiya, müavinət ləğv edilir, pensiya ödəyən orqan dövlət büdcəsinin hesabına özünə məhkəmədə müdafiəçi , daha doğrusu rüşvətdə vasitəçi ştatı, idarəsi yaradır !(?) Məhkəmələrə verilən rüşvəti elə ehtiyacına qadağa qoyduğun pensiyaçıya ver də!

Dövlət orqanlarında məhkəmə mübahisələri ilə iş idarələrinin təşkili kobud insan hüquqları pozuntusudur və bu pozuntuya ilk növbədə hökumətin özü, Ombudsman qiymət verməyə borcludur. Konstitusiyanın 130-cu maddəsinə görə, Prezidentin, Milli Məclisin, NK-nın , Ombudsmanın ,.. Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ, vətəndaşların isə şikayət vermək hüququ var. Vətəndaş pensiyaçının hüququna məhkəmə mübahisələri ilə iş şöbəsi qadağa qoyduğundan , dövlət hakimiyyəti orqanları qanunsuz, Konstitusiyaya qarşı olan əmrin ləğvinə sorğu verməklə Konstitusiyanın ən yüksək hüquqi qüvvəyə malik olduğunu ortaya qoya bilər.

Əhalinin sosial müdafiəsini gerçəkləşdirməli olan qurumun məhkəmə müdafiəsi hüququna qadağa qoyması absurddur. Məhkəmə mübahisələri ilə iş idarəsi əvəzinə, ƏƏSMN-in borclu olduğu işlər üzrə məhkəmə qərarlarının məcburi icra edilməsi şöbəsi yaradılsa, daha məntiqli olar. Bəlkə, pensiyaçıların məhkəmə qərarları ilə haqq etdikləri , özbaşına kəsilən pensiyaları bərpa olunar, qazi və şəhid ailələri mənzil yiyələri olar.

Məğrur BƏDƏLSOY,

SİAM.AZ
Tarix: 15-06-2023, 08:12
Xəbəri paylaş





Xəbər lenti