Sumqayıtda 1.5 milyonluq qalmaqal: icra başçısı ilə şöbə müdiri pul davasına çıxıblar? -DE-FAKTO

Xəbər verdiyimiz kimi, bir müddət əvvəldən Maliyyə Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt şəhərində kompleks yoxlamalar həyata keçirirlər. Həmin yoxlamalar zamanı Sumqayıt Səhiyyə Şöbəsində 6.425 min manat yeyinti və vəsaitin təyinatı üzrə xərclənmədiyi aşkarlanıb.
Belə ki, həmin vəsaitin xəstəxana və poliklinikaların yenidən qurulması və əsaslı təmiri üçün ayrıldığı, lakin bu istiqamətdə yalnız kosmetik işlərin görüldüyü dəqiqləşib. Məsələ ilə əlaqədar şöbənin müdiri Səkinə Sadıxova isə ifadəsində qeyd edib ki, onun həmin pullardan xəbəri yoxdur, bununla bağlı hər hansı sənədə də imza atmayıb. İddiaya görə, Sadıxova icra başçısı Zakir Fərəcovu nişan verərək, sualların ona verilməsini qeyd edib.
Bununla bağlı qeyd edilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov məsələni “dinc yolla” həll etməyə çalışsa da, nə Baş Prokurorluq, nə də Maliyyə Nazirliyi onu yaxına buraxmayıb. Ondan tələb olunub ki, həmin vəsait ödənilməlidir. Belə olan halda öz cibindən pul vermək istəməyən icra başçısı, səhiyyə üçün ayrılmış, lakin sonradan mənimsənilmiş pulların ödənilməsini müavinləri və şöbə müdirləri arasında bölüşdürüb.
Redaksiyamıza verilən məlumata görə, bölgü zamanı Sumqayıtda tenderləri və pul yığma prosesini həyata keçirən əsas firqurlardan birinə daha çox “yük” düşüb. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin üzərinə həmin pulun 1.5 milyon manatını ödəmək öhdəliyi qoyulub. Deyilənlərə görə, Zakir Fərəcov iclasda Gündüz Əliyevə deyib ki, səhiyyədki təmir-tikinti işlərinə o rəhbərlik edib, pul məsələsindən də o məsul olub. Lakin həmin məsələnin üstü açılıb və buna görə də, tələb olunan məbləğin 1.5 milyon manatlıq hissəsini o ödəməlidir.
Gələn son xəbərlərə görə, Gündüz Əliyev bir ayın içində həmin pulun 800 min manatını ödəyib. Bu pulu haradan, necə, hansı şəkildə əldə etdiyi barədə məlumat yoxdur. Şöbə müdirinin bu qədər pulu necə əldə etdiyi də bir ayrı sualdır. Lakin yerdə qalan 700 min manatı ödəmək məsələsində problem yaranıb. Ödənişlə bağlı vaxt isə daralmaqdadır və toplam pulun  deyilən vaxt büdcəyə geri verilməməsi, Fərəcov üçün ciddi başağrısına çevriləcək.
Ona görə də, Gündüz Əliyevlə Zakir Fərəcov arasında nəinki narazılıq, hətta qalmaqal da yaşanıb. Etibarlı mənbələrin bildirdiyinə görə, bir neçə gün əvvəl İcra Hakimiyyətində keçirilən görüşdə Fərəcov şöbə müdirindən həmin pulu iki gün ərzində taparaq, gətirməsini tələb edib. Gündüz Əliyev isə 700 min manatın kiçik rəqəm olmadığını, qısa zamanda tapmağın çətin olduğunu bildirib və etiraz edib. Elə bu səbəbdən də qalmaqal yaşanıb. İcra başçısı iclasdaca şöbə müdirini bərk acılayıb və belə davam edərsə, onu işdən qovduraraq, həbs etdirəcəyi ilə təhdid edib.
Həmin məlumatlara görə, Gündüz Əliyev rəhbəri olduğu şöbənin bütün əməkdaşlarını yığaraq, vəziyyəti izah edib və onlardan həmin məbləğin düzəlməsi üçün bütün şəhərdə çalışmalarını tələb edib.
Qeyd edək ki, Gündüz Əliyev Sumqayıtda “qara işlərin” əsas ustası kimi tanınır. Onu adı tender məsələlərindən tutmuş, obyektlərdən pul yığmasına qədər bir çox işlərdə hallanır.(jamaz.info)
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 17-06-2023, 09:42
Xəbəri paylaş





Xəbər lenti