Məmurların pulu Azərbaycana qaytarılır: `Bu vəsait...` - İLGİNC GƏLİŞMƏ

Məmurların pulu Azərbaycana qaytarılır: `Bu vəsait...`
Mərkəzi Bankın rəhbəri Taleh Kazımov hökumətin maliyyə amnistisiyası ilə bağlı ciddi araşdırmalar apardığını deyib.

Baş bankir Mərkəzi Bank olaraq maliyyə amnistisiyasına müsbət yanaşdığını bildirib:

“Bu istiqamətdə araşdırmalar aparılır, yəqin ki, hökumət bununla bağlı qərar verəcək”.

Mərkəzi Bankın rəhbərinin sözlərinə görə, rəqəmlər təqribidir.

Bəs ölkədə maliyyə amnistisiyası olsa, nə baş verər?

SİAM.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, maliyyə amnistisiyası ədalətli formulunu tapmalıdır:

“Biz 10 il bundan öncə təklif vermişdik ki, maliyyə amnistiyası haqqında düşünmək lazımdır və maliyyə amnistisiyasının ədalətli formulu tapılmalıdır. Çünki Azərbaycanda leqal biznes mühitinin yaranması üçün maliyyə amnistiyasına təcili ehtiyac var. Ölkədə rəsmi milyonçu, rəsmi investor, rəsmi şəkildə böyük vergi ödəyiciləri yoxdur. Kiçik və kasıb, bizdən daha aşağı səviyyədə yaşayan Ermənistanda belə 77 rəsmi milyonçu var. Maliyyə amnistisiyasının kodları və istiqaməti dürüst olmalıdır ki, həm ədalətli olsun, həm də cəmiyyət tərəfindən normal qarşılansın.

Söhbət ondan gedir ki, biz hələ o zaman da təklif eləmişdik ki, bir illik zaman elan olunmalııdr. Bu zaman kəsiyində ölkədə hamı öz daşınan, daşınmaz əmlakını, varidatını elan eləməlidir. Bu elan olunan vəsait, məsələn, əmlak qarışıq 500 mindən aşağıdırsa, heç bir vergi verilmədən rəsmiləşdirilsin. 500 mindən 5 milyon manat arasındadırsa, bunlara çox kiçik, təqribən 5 faizlik vergi təyin olunsun. 5 milyondan yuxarılarda proqressiv şkala ilə yarısına qədər dövlətin xüsusi ayrılmış fonduna pul keçirərək öz pulunu leqallaşdırsın. Məsələn, 100 milyonu varsa, bunun ən azı 50 milyonu keçirilməlidir, yerdə qalanından isə vergi tutularaq reqallaşmalıdır”.

İqtisadçı bunu xüsusi yaradılmış fonda keçirməyi təklif edir:

“Bizim təklifimiz ondan ibarətdir ki, bu vəsaiti dövlət büdcəsinə keçirmək olmaz. Bu, hökuməti daha çox tənbəlləşdirəcək. Bunun üçün xüsusi dövlət tərəqqi fondu yaradılmalıdır və bu vəsait ancaq təhsil, sosial müdafiə layihələrinə yönləndirilməlidir. Yəni ehtiyacı olan insanların problemlərini həll etməyə və gələcək insan kapitalı hazırlamaq üçün təhsilin maliyyələşməyə yönləndirilməlidir.

Həm də bu, sosial ədalət prinsipini gətirəcək. Yəni o vəsaitin mənbəyinin çoxu korrupsiyadır, bunu hamımız bilirik. Dünyada da belə bir tendensiya olub, məşhur milyarderlərdən birinin ifadəsi var ki, birinci milyonumu necə qazandığımı soruşmayın, digərlərinin hesabatını verə bilərəm. Yəni ilkin vəhşi kapital yığımı bizdə də eyni cür olub. Amma bunun üçün ədalət prinsipi, vətəndaşların, sosial müdafiəyə ehtiyacı olan insanların gözləntilərini qarşılayan bir prinsip ortalığa çıxmalıdır”.
Tarix: 23-06-2023, 23:21
Xəbəri paylaş





Xəbər lenti