Texniki suyu içməli sudan baha satan şirkət kimindir?

Texniki suyu içməli sudan baha satan şirkət kimindir?
Tibbi Reabilitasiya Mərkəzi texniki suyun satına alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Vineks-22” MMC olub. Tenderin şərtlərindən məlum olur ki, Mərkəz 17 500 ton texniki su almağı planlaşdırır. Bunun üçün isə MMC-yə 60 900 AZN ödəniləcək. Bu halda suyun 1 tonu 3, 48 AZN-nə başa gələcək.
İçməli suyun 1 tonunun qiyməti əhali üçün 60-70 qəpik, qeyri-əhali üçün isə 1 manat müəyyən edilib. Beləliklə, aydın olur ki, Mərkəz texniki suyu içməli sudan 3 dəfə baha alır.
Bəs texniki suyu içməli sudan baha satan “Vineks-22” MMC kimə məxsusdur?
Araşdırmalarımız zamanı məlum olub ki, şirkət 16 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Q.Abbasov küçəsi, ev 29-da yerləşir. Şirkətin qanuni təmsilçisi Cavadov Rəmal Ağalar oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət bundan əvvəl Respublika Uşaq Sanatoriyası ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 67 000 AZN olan bu müqavilə də texniki suyun alınması ilə bağlıdır. Sanatoriya 26 500 ton su alıb. Suyun 1 tonu 2,5 AZN-ə başa gəlib.
Tarix: 25-06-2023, 09:18
Xəbəri paylaş





Xəbər lenti