Quru sərhədlər yenə bağlı qaldı: Deputat və jurnalist AZAL-ın soyğunçu siyasətini kəskin tənqid etdi


Azərbaycanda xüsusi karantin rejiminin müddəti Nazirlər Kabinetinin qərarı ilə oktyabrın 2-dək uzadılıb. Bu hal xaricdə yaşayan soydaşlarımızı və tətilə getmək istəyən vətəndaşlarımızı daha çox narahat edib. Çünki orta və kasıb təbəqə xərc baxımından yaxın və qonşu xarici ölkələrə quru yolla getməyi üstün bilir.
Azərbaycan hökuməti 3 ildir quru sərhədləri qapalı saxlayıb. Bunu fürsət bilən AZAL-ın rəhbəri isə təyyarə biletlərinin qiymətini fantastik həddə təyin edib. Bu, insanlara qarşı bir növ soyğunçuluqdur.
Xatırladaq ki, qardaş ölkədə zəlzələ zamanı həyatını itirən tələbələr təyyarə biletinin baha olma səbəbindən tətildə tətənə gələ bilməşdilər. Buna görə millət vəkili Fazil Mustafa AZAL-ı tənqid etmişdi. Çünki qiymətlər münasib olsa, Hümam, Gündüz, Samir və Şahin Azərbaycana gələrdi və onların başına bədbəxt hadisə gəlməzdi. Quru sərhədlər açılmır, uçuş bileti sözün əsl mənasında od qiymətinə, hökumət isə tədbir görmür.
Bəs xalq nə etməlidir?
Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında deputat Aqil Abbas deyib ki, təyyarə biletlərinin baha olmasını ən çox tənqid edən şəxslərdən biri də məhz odur.

Aqil Abbas 
O bildirib ki, burada məsələ yalnız Cahangir Əsgərovda deyil, həm də qonşu dövlətlərdə baş verən hadisələrin təsiri var:
“Quru sərhədlər ölkənin təhlükəsizliyi ilə əlaqədar bağlıdır. Bunun pandemiyaya heç bir dəxli yoxdur. Amma sözsüz ki, bu kimi halları nəzərə alaraq aviabiletləri ucuz qiymətə satmaq mümkündür. Xüsusən də öz soydaşlarımız və Azərbaycan vətəndaşları üçün. Hökumət bunu edə bilər və etməyə borcludur”.
Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz da deyib ki, Azərbaycan hökumətinin karantin müddətini uzatması koronavirusla mübarizə üçün deyil:
“Sirr deyil ki, koronavirus artıq dünya miqyasında belə kütləvi immunitet mərhələsini tamamlayıb. Bu onun pandemiya kimi yayılması perspektivini ortadan qaldırır. Fikir vermisinizsə, son zamanlar ölkəmizdə koronavirusa yoluxanların sayında kəskin azalma var və əvvəlki qadağalar da aradan qaldırılıb.
Azərbaycanda karantin vaxtının uzadılması bu mənada tibbi özünümüdafiə ilə bağlı deyil. Yəqin ki, ölkənin təhlükəsizliyi və müdafiə tədbirləri bu cür addımlar atmağı tələb edir”.
H.Oğuz deyib ki, bu gün həm şimalımızda, həm də qərb və cənub sərhədlərimizdə ciddi proseslər gedir və Azərbaycanı təhdid edən hadisələr yaşana bilər:
“Bu mənada Azərbaycan hökumətinin bəzi tədbirlər almasını normal qarşılamalıyıq. Amma Azərbaycan dövləti də gərək vətəndaşların bir sıra tələbatlarını nəzərə ala. Sirr deyil ki, bu gün Azərbaycan xalqının mühüm hissəsi xaricdə yaşayır. Onların ölkəyə gəlib-getməsi yalnız vətəndaşların sərbəst hərəkət etmək azadlığına aid məsələ deyil. Bu həm də xaricdəki diasporamızın özünü qoruması, assimiliyasiyaya uğraması baxımından zəruri və kövrək addmlardan biridir. Öz vətənlərindən tamamilə bağlantıları kəsilən bu insanlar daha asanlıqla özgələşər və itirən yenə dövlətimiz olar”.
Jurnalist qeyd edib ki, Azərbaycan xalqı arasında çoxsayda Gürcüstanda doğulmuş və oranın vətəndaşlığını daşıyan insanlar da var:
“Maraqlıdır ki, Gürcüstan vətəndaşlığı daşıyan soydaşlarımızın avtomobil yolu ilə məmləkətlərinə getməsinə şərait yaradılır. Amma onların yenidən Azərbaycana qayıtmasına əngəllər törədilir”.
Heydər Oğuz deyib ki, nəqliyyat əlaqələrinin kəsilməsi Cənubi Azərbaycanla əlaqələrimizə də təsir göstərir:
“Düzdür, İran rejimi bir çox hallarda bu nəqliyyat yolundan Azərbaycanda müxtəlif təxribatlar yaratmaq üçün faydalanır. Amma o da sirr deyil ki, cənublu qardaşlarımızla mədəni əlaqələrin inkişaf etdirilməsi üçün bu cür kommunikasiyalara, ünsiyyət vasitələrinə ehtiyac var. Azərbaycan rəhbərliyi bu problemin də incə yolunu tapmalıdır”.

Heydər Oğuz 
H.Oğuzun sözlərinə görə, ölkəmizdə tibb inkişaf etmədiyi üçün vətəndaşlar xaricə üz tutur:
“Aydın məsələdir ki, xaricə gedənlərimiz arasında sağlamlıq problemləri olanlar da var. Azərbaycanda tibb sektorunun yarıtmaz hala gətirilməsi, bu sahənin Səhiyyə Nazirliyi, TƏBİB, son zamanlar hətta Tibbi Sığorta Agentliyinin nəzarətinə verilməsi gərəkli tibbi yardım almaq imkanlarını mürəkkəbləşdirir. Belə bir vəziyyətdə bir də xaricə səfərlərin qarşısının alınması Azərbaycan vətəndaşlarını sağlamlıq hüquqdan daha çox məhrum etmək deməkdir”.
H.Oğuz qeyd edib ki, Azərbaycana gediş-gəlişin məhdudlaşdırılması turizm sektorunun inkişafına da ciddi zərərlər vurur:
“Karantin müddətinin uzadılmasından ən çox naxçıvanlılar əziyyət çəkəcək. Halbuki, Naxçıvandan Bakıya və ölkəmizin digər rayonlarına gediş-gəlişi asanlaşdırmaq lazımdır. Zira onsuz da hər tərəfdən blokada halında yaşayan naxçıvanlıların hava yolu ilə öz səfərlərini reallaşdırmaqdan başqa çarələri yoxdur. Təyyarə reyslərinin sayı isə Muxtar Respublikanın bu tələbatına cavab vermir. Hər gün Bakıdan Naxçıvana 4 reys uçur. Gündə 1-2 əlavə reyslər də salınır. Fəqət bütün bunlar 100 minlərlə əhalisi olan Muxtar Respublikanın tələbatını ödəmək gücündə deyil. Üstəlik, Naxçıvanın iqtisadiyyatını dirçəltmək barədə danışırıq. Dediyim kimi, iqtisadi sektorlardan biri də turizmdir. Naxçıvanın təbiəti, tarixi abidələri, Türk dünyası arasında yerləşməsindən doğan geosiyasi mövqeyi onun turizm potensialını artırmağa kifayət qədər imkan verir. Bu sektorun qarşısında dayanan ən mühüm problem yol məsələsidir”.
Jurnalist bildirib ki, karantin tədbirlərinin uzadılması Naxçıvana Türkiyədən və İrandan keçişlərin də qarşısını alır:
“Dolayısı ulə hava nəqliyyatına ehtiyac birə-beş artır. Zənnimcə, illərlə davam edən bu problem Naxçıvana səfər təşkil etmək yetkisinin yalnız AZAL-ın inhisarına verilməsindən qaynaqlanır. Naxçıvandakı hava limanı beynəlxalq aeroport statusundadır. Bu o deməkdir ki, hava limanının indikindən qat-qat artıq təyyarə səfərləri qəbul etmək imkanı var. Amma etmir. Niyə? Çünki AZAL heç kimlə rəqabət aparmır və özünü bu sahədə çox rahat hiss edir. Bilir ki, reysləri nə qədər məhdud tutsa, yenə də potensial qazancından heç nə itirməyəcək. Hər kəs məcburən onun təyyarəsinə minib Bakıya uçacaq. O da heç bir əlavə tədbirlər görmədən, əksinə, bəlkə də qəsdən tıxaclar yaradaraq daha çox gəlir əldə etməyə çalışır. Üstəlik, dövlət ona həm də hər sərnişin üçün biletin öz dəyərində kompensasiya ödəyir. Daha doğrusu, naxçıvanlılar, guya biletin həqiqi dəyərinin 50%-ə alırlar. Digər 50%-i isə dövlət vətəndaşların əvəzinə verir. Bir sözlə, yağ-bal içində üzür. Onun marağına da uyğun deyil, reyslərin sayını artırıb daha intensiv xidmət göstərsin”.
Heydər Oğuz deyib ki, Naxçıvana səfərlər AZAL-dan başqa şirkətlərə də tapşırılsa, onlar arasında amansız rəqabət başlayar, bütün şirkətlər Naxçıvana daha çox sərnişin daşıma yarışına girərlər:
“Nəticədə həm biletlərin qiyməti ucuzlaşar, həm dövlət dotasiya ödəmək yükümlülüyündən azad olar, həm də insanlar heç bir problem yaşamadan Naxçıvana uçarlar. Beləcə, Naxçıvanın turizm sektoru da inkişaf edər, vaxtilə Vasif Talıbovun müxtəlif təzyiqlərlə yurd-yuvalarından qovduğu yerli sakinlər öz evlərinə qayıdarlar. Yeni iş yerləri yaranar və vətəndaşların artıq boğazına dirənmiş etirazlar da səngiyər. Bütün bunlar edilməsə, qorxuram ki, Prezidentin Naxçıvanda apardığı islahatlar kütləvi narazılığın qurbanı ola və bundan qonşu dövlətlər yararlana”.
Jurnalist deyib ki, ölkə rəhbərliyi Naxçıvanın inkişafı üçün xüsusi dövlət proqramı hazırlayıb və yəqin ki, bu ilin sonlarından etibarən həmin proqram həyata keçiriləcək:
“Məncə, ilk işə elə regiona səfərlərin asanlaşdırılmasından başlamaq lazımdır. Nə yazıq ki, Naxçıvanda hakimiyyətdən uzaqlaşdırılmayan köhnə qvardiyanın arasında da xarici güc mərkəzlərinə bağlı xeyli adamlar var və bu da xarici və daxili qüvvələri hər cür təxribatlar törətməyə həvəsləndirə bilər”.
Tarix: 27-06-2023, 15:21
Xəbəri paylaş





Xəbər lenti