Səkiləri, yolları zəbt edən mağazalar, restoranlar, şadlıq evləri...


 
Bakıda tıxaclara səbəb olan və piyadaların hərəkətini çətinləşdirən problemi necə çözək?
Axşam saatlarında iaşə obyektlərinin qarşısında yol keçilməz olur, tıxac yaranır. Paytaxtın xüsusilə Həsən Əliyev, Çobanzadə, Cəlil Məmmədquluzadə, 20 Yanvar və digər küçələrində ciddi parklanma problemi var. Faktiki olaraq bu obyektlər səkiləri, hətta bəzən yolun işlək hissəsini dayanacağa çevirirlər. Bəzən çarəsiz qalan sürücülər parkinq üçün səkiləri zəbt edirlər. Bu isə piyadaların məcburən yolla hərəkət etməsinə, həyatını riskə atmasına səbəb olur. Bu halda həm də sürücülər üçün təhlükə yaranır. Parklama yerlərinin sayı məhdud, bəzən isə baha təklif olunduğundan orada maşın saxlamaq əksər vətəndaşlar üçün əlverişli deyil.

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, sahibkarların böyük pullar xərcləyərək müxtəlif mərkəzlər, ictimai iaşə obyektləri açması, lakin müştərilər üçün parkinq yerini düşünməməsi anlaşılan deyil. Ekspertin fikrincə, ard-arda cərimələnən vətəndaşlar bir gün bu məkanlara gəlməkdən imtina edirlər: “Sahibkarlar pul qazanmaq istəyirlərsə, bütün məqamları düşünməlidirlər. Bu cür yanaşma məntiqli deyil. Çoxmərtəbəli binalarla bağlı da kifayət qədər problem var. Əksər binaların altında market, idman zalı, gözəllik salonu və s. təyinatlı obyektlər fəaliyyət göstərir. Yol kənarında tikilən obyektlər üçün Dövlət Yol Polisi İdarəsinin rəyi alınmalıdır. Bunu bürokratik əngəl kimi yox, yol hərəkətinin təhlükəsizliyi prizmasından dəyərləndirmək lazımdır”.

Hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, qanunvericiliyə görə, şəhərsalma tikinti qaydalarında, yol hərəkətinin təşkili ilə bağlı qaydalarda obyektlər üçün parklanma yerlərinin kvotası müəyyən edilməyib. O bildirdi ki, dünyanın əksər ölkələrində belədir: “Xüsusilə yaşayış məntəqəsinin ərazisində yerləşən obyektlərə gələnlər fərdi avtomobillərdən istifadə etməyə bilərlər. Vətəndaşlar istər-istəməz piyada hərəkət etməyi, yaxud ictimai nəqliyyatdan istifadə etməyi düşünməlidirlər. Yalnız bəzi obyektlərə parkinq üçün minimal kvotalar qoyulur.  Hərçənd bu məsələyə yenidən baxılmağa başlayıb. Elə obyektlər var ki, parklanma yerinin olması zəruridir. İstənilən halda, kommersiya maraqlarını nəzərə almaqla, sahibkarlar müştərinin fərdi avtomobili ilə gəlməsini, ictimai nəqliyyatın əlçatımlığını və s. nüansları mütləq nəzərə almalıdırlar. Digər tərəfdən, dayanma-durma qaydalarının tənzimlənməsinə Dövlət Yol Polisi nəzarət etməlidir. Yaşayış məntəqələrindən kənarda mühafizə zolaqlarına girmək qadağandır. Yaşayış məntəqələrinin ərazisində isə şəraitə uyğun lokal sayda parklanma yerləri olsa, məqsədəuyğun olar. Ümumi istifadə üçün açıq olan yollar da var ki, onların kiçik bir hissəsi də şirkətə, yaxud obyektə aid ola bilməz. Parklanma yeri varsa, istənilən şəxs istifadə edə bilər. Tıxac yaranırsa, buna Dövlət Yol Polisi və digər əlaqədar qurumlar nəzarət etməlidir”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən verilən açıqlamalarda bildirilir ki, parklanma yerləri küçələrdə tələbatın olduğu yerlərdə və ən əsası da infrastrukturun imkan verdiyi ərazilərdə təşkil oluna bilər. Bakı Nəqliyyat Agentliyi istər parklanma yerlərinin təşkili, istərsə də digər infrastruktur işləri zamanı xüsusilə nəzərə aldığı məqam piyadaların hərəkət təhlükəsizliyi ilə bağlıdır. Səkilərin çox geniş olduğu yerlərdə piyadaların gediş-gəlişinə mane olmayacaq formada parklanma yerinin təşkili mümkündür. Qanunvericilikdə də bu hal öz əksini tapıb. Yeri gəlmişkən, parklanma yeri qanunsuz yaradıldıqda sökülə bilər.
Tarix: 6-07-2023, 08:45
Xəbəri paylaş





Xəbər lenti