Şəbəkə biznesi sosial media blogerlərinə böyük pullar paylayır

Şəbəkə biznesi sosial media blogerlərinə böyük pullar paylayır

Şəbəkə biznesi ölkədə getdikcə daha çox yayılır. Maliyyə piramidalarının oyun iştirakçılarına milyonlarla zərər vurması başqalarına dərs olmur. Hər dəfə belə dələduzluq aktları ətrafına daha çox adam toplamağı bacarır. Şəbəkə biznesi populyarlaşmaq üçün bütün vasitələrdən istifadə edir. Hətta sosial media blogerlərinə böyük reklam pulları paylanır.

Bizimyol.info bir müddət əvvəl də bu haqda yazmışdı. Maliyyə piramidaları sosial platformalara ayaq açmağa başlayıb. Reklamlarla hər yerdə qarşılaşmaq olur. Üstəlik, blogerlər prosesə qoşulub. Bir neçə ay əvvəl “TokTok” fenomenləri şəbəkə biznesini reklam etməyə başlamışdı. Daha çox yumor istiqamətini seçənlər səhnəciklərlə diqqət çəkməyə çalışırdı. Guya birinin çoxlu borcu var. Borc sahibi ona tez-tez zəng vurur. Borclu şəxs də həmin adamı əmin edir ki, pulu tezliklə qaytara biləcək. Borc sahibi inamsız davrananda borclu yeni maliyyə piramidasını göstərir, məsələ bağlanır.
“Zevs” ləqəbli Ruslan Quliyev “YouTube”-un Azərbaycan seqmentinin ən çox izlənən blogeridir. O, bir neçə gün əvvəl yeni maliyyə piramidalarından birini reklam edən video hazırlayıb. Şəbəkənin adını bilərəkdən yazmırıq. 755 min izləyicisi olan “Zevs” videoda internetdən real pul qazanmağın yolunu başa sala biləcəyini deyir. Ruslan Quliyev burada necə qeydiyyatdan keçmək, ödəniş etmək üsullarına aydınlıq gətirir. Bloger deyir ki, ona indiyə qədər internetdən necə pul qazanmaqla bağlı çox sual ünvanlanırdı deyə, belə addım atmaq qərarına gəlib. “Zevs” ayda 1500 manat qazanmağa zəmanət verir.
Video üç gün ərzində 48 mindən çox izləmə toplayıb. Rəylərin sayı 1000-ə yaxınlaşıb. Əksəriyyət ona təşəkkür edib, tezliklə izləyicilərinin sayının 1 milyona çatacağına inandığını yazıb.
Çox təhlükəli tendensiyadır. Məqsədi yalnız insanlara zərər vurmaq olan şəbəkə biznesini təkcə Ruslan Quliyev reklam etmir. Başqa blogerləri də prosesə qoşublar. İzləyici kütləsi istər-istəməz tora düşür. Böyük çətinliklərlə qazanılan pullar bir anda havaya sovrulur. Güc strukturları bu məsələyə daha həssas yanaşmalıdır.
Tarix: 15-07-2023, 11:27
Xəbəri paylaş





Xəbər lenti