Nə vaxta qədər ölkədə 50 min insan neft-qazda çalışacaq, 10 mln. insan isə onların qazancını yeyəcək?!

    

Nə vaxta qədər ölkədə 50 min insan neft-qazda çalışacaq, 10 mln. insan isə onların qazancını yeyəcək?!
İllərdir hökumətə yüzlərlə sual ünvanlasaq da, cavab ala bilmirik, amma bu suallar həm də vətəndaşa ünvanlanıb ki, onlar düşünsün, vəziyyəti görsün – yaxşı və doğru ifadə edilmiş sual cavabdan daha vacibdir, mənzərəni aydın şəkildə göstərə bilir.
Azərbaycanın yanvar-iyun aylarında, yəni, ilin ilk 6 ayında xarici ticarət göstəriciləri açıqlanıb, çox ciddi suallar yaranır, mən yazım hökumət oxuyub qımışsın, siz isə oxuyub düşünün:
1) Bu il ixracın pik nöqtəsi aprel ayında olub, həmin ay 4 mlrd. 843 mln. dollarlıq mal-məhsul ixrac olunub, iyun ayında isə ixrac 1 mlrd. 853 mln. dollara düşüb. Sual: aprel ayına nisbətən iyun ayında ixrac niyə birdən-birə 3 mlrd. dollara yaxın azalıb?!
2) Bu ilin ilk 6 ayında 7 milyard 803 imilyon 144 min dollarlıq xam neft, 8 milyard 29 milyon 188 min dollarlıq təbii qaz ixrac edilib. İlk dəfə Azərbaycandan ixrac olunan təbii qazın dəyəri ixrac olunan xam neftin dəyərini ötüb. Sual: qaz satışında pay bölgüsü necə həyata keçirilir, ölkənin ixrac etdiyi 8,029 mlrd. dollarlıq təbii qazın hansı hissəsi Azərbaycanın payına düşür?!
3) 2023-cü ilin ilk 6 ayında məmləkət 1 mlrd. 773 mln. dollarlıq qeyri-neft məhsulu ixrac edib. Sizcə dəyər ifadəsində ən çox ixrac edilən qeyri-neft məhsulu nədir?! Yox, tapmadız, pomidor deyil, heç xurma da deyil, elektrik enerjisidir – bəli, hökumətin təsnifatında bu da qeyri-neft sektoru sayılır, bu ilin ilk 6 ayında 314 mln. dollarlıq elektrik enerjisi ixrac etmişik. Hökumət qeyri-neft sektorundan, aqrar sahədən çox danışır, o zaman cavab versinlər – sual: 2022-ci ilin 6 ayında ölkəmiz 78 156,41 ton kartof, 39 075,65 ton xurma, 1 081,75 ton çay ixrac edib, bu ilin ilk 6 ayında isə cəmi 71 028.06 ton kartof, 20 261.14 xurma, 334.73 ton çay ixrac etmişik. Yaxşı, kartofda 10%-dən çox, xurmada 2 dəfəyə, çayda 3 dəfəyə yaxın azalma var, bunun səbəbi nədir?!
Və sonda: 2023-cü ilin ilk 6 ayında Azərbaycanın ixracının dəyərinin 90.13%-ni neft-qaz sektoruna daxil olan mallar, 9,87%-ni neft-qaz sektoruna daxil olmayan mallar təşkil edib. Hörmətli qalstuklu müəllimlər, nə vaxta qədər ölkədə 50 min insan neft-qazda çalışacaq, 10 mln. insan isə onların qazancını yeyəcək?! Bu absurd, dayanıqsız, təhlükəsi iqtisadi modellə hara qədər getmək istəyirsiz, ölkəni hara aparırsız?!
Natig Cəfərli
SİAM.AZ
Tarix: 15-07-2023, 22:29
Xəbəri paylaş





Xəbər lenti