"Bu hal bizdəki siyasi sistemin nə qədər mənasız olduğunu sübut edir"


“Formasından asılı olmadan, seçkilərin doğru-dürüst keçirilməsi təməl şərtddir, amma majoritar sistemlərdə hətta doğru seçkilər olsa belə, bu seçki üsulu ilə formalaşan parlamentlər əhalinin çoxunu deyil də, az hissəsini təmsil edir – bu riyazi olaraq belədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli özünün sosial şəbəkə hesabında majoritar və proporsional seçki sistemlərinin müqayisəsini aparakən yazıb.
“Ona görə də normal, demokratik ölkələrdə majoritar sistem tətbiq ediləndə bir neçə ildən sonra siyasi səhnədə 2, maksimum 3 partiya qalır. Bizdə 60-a yaxın, əksəriyyəti də formal xarakter daşıyan partiyaların olması zatən siyasi sistemin nə qədər mənasız olduğunu əvvəlcədən sübut edir.
Amma gələk detallara və tezisin sübutuna: tutalım, majoritar sistemdə 1 dairədən 10 namizəd olur, qanunlara görə ən çox, hətta cəmi 1 səs belə artıq yığan namizəd qalib elan edilir. Gəlin riyazı olaraq mənzərəyə baxaq – məsələn, dairədə 40 min seçici var, tutalım, bunun 50%-i seçkiyə gəlir, tam da demokratik seçkilərdir, 20 min seçicidən, tutalım, 3 min 500 nəfəri 1-ci yeri tutan namizədə səs verir, digər 9 namizəd isə müvafiq olaraq 3000, 2000 və s. səs toplayırlar (məsələn, 1 nəfər 3000, 2 nəfər 2000, 3 nəfər 1500, yerdə qalanlar isə 1250 səs toplayır – tam yuvarlaq rəqəmlərlə yazdım ki, mənzərəni aydın görək). Beləliklə, 40 min seçicisi, 20 min seçkiyə gələn vətəndaşı olan dairədən cəmi 3 min 500 səs toplayan deputat olur, 16 min 500 səs isə “çöpə” gedir. Yəni, 40 min nəfəri təmsil edən şəxs cəmi 3 min 500 səs qazanır, onun əleyhinə olan 16 min 500 səs isə itir. Ona görə də, majoritar sistemi olan və bu sistemi demokratik çalışdıra bilən ölkələrdə (məsələn, ABŞ, Britaniya) ayaqda 2 partiya qalır. Bizdə həm majoritar sistemdir, mən də onlarla partiya var – bu faktın özü belə sistemin anormal çalışdığını göstərir”.
N. Cəfərli Azərbaycandakı parlament seçkilərinin nəticələrindən nümunə verərək fikrini belə əsaslandırıb:
“Hətta bizdəki, yumşaq desəm, demokratik olmayan seçkiləri belə rəqəmsal analiz etsək görərik ki, bu gün fəaliyyətdə olan parlament seçicilərin əksəriyyətini təmsil etmir – öz dairəmdə bunu izah edə bilərəm: 12 saylı dairədən deputat olan, “Google”un belə tanımadığı Səbinə Xasıyeva rəsmi nəticələrə görə 48,7% səs “qazanaraq” deputat olub. Deməli, hətta rəsmi nəticələrə görə o dairədə səs verən vətəndaşların səslərinin 51,3%-i “çöpə” gedib, yəni, Səbinə xanım hətta bu mənzərəyə görə belə dairədə səsverənlərin azlığını təmsil edir.
Daha aşağı rəsmi nəticələr olan dairələr də var – məsələn, 34 saylı dairədən deputat “seçilən” Zabelin səsverməyə gələnlərin 35,2%-nin səsi ilə deputat olub, yəni, o dairədən seçicilərin 65%-nin səsi “çöpə” gedib”.
O qeyd edib ki, proporsional seçki sistemində isə “çöpə” gedən səslər çox az olur:
“Məsələn, 3-5%-lik baryer tətbiq edilir, vətəndaş-seçici bəyəndiyi siyasi partiyaya səs verir. Bu zaman 3-5%-lik (nə qədər olacaqsa) baryeri keçə bilməyən çox az saylı partiyalara verilən səslər itir, az qala 90-95% vətəndaşın səsi isə parlamentin formalaşmasında nəzərə alınır. Bu sistemdə uzlaşma, koalisiya mədəniyyəti də formalaşır, daha önəmlisi ideoloji partiyalar inkişaf edir, cəmiyyət də “azarkeş” modundan çıxıb ideoloji olmağı öyrənir.
Proporsional seçkiyə keçid ölkənin siyasi-iqtisadi gələcəyi üçün çox önəmlidir, ciddi ideoloji partiyaların mövcudluğu və parlament təmsilçiliyi isə ölkənin “sığortası” ola, istənilən kataklizmdən qoruyan əsas faktora çevrilə bilər”.
Tarix: 16-07-2023, 21:54
Xəbəri paylaş





Xəbər lenti