Bizdə iki cür hökumət var: Biri hökumətin özü, biri də...

Bizdə iki cür hökumət var: Biri hökumətin özü, biri də...Nazirlər Kabineti

Bizdə iki cür hökumət var. Biri hökumətin özü, bir də onun yanındakı İctimai Şura "Hökuməti". Hər nazirliyin yanında bir İctimai Şura var.

Bir də görürsən ki, bığlı-saqqallı əmilər, ya xanım-xatun bibilər o şuralara "seçilmək" üçün basabas salırlar. Çoxu da qeyri-hökumət təşkilatlarının sədrləri-filan olur. İctimaiyyətin nümayəndəsi olduqlarını iddia edirlər. Sonrası da ki, məlum: nazirliklərin (oxu: nazirlərin), dövlət komitələrinin, dövlət agentliklərinin (oxu: sədrlərin) yanına yerləşib, rahat yaşamağa başlayırlar. "İctimai Şura" çətiri altında. Çoxu da ömründə bircə dəfə də olsun hansısa yaralı ictimai barmağı dezinfeksiya etməyib.
"Seşilmək", yəni siyahıya düşmək gələndə yeri-göyü titrədirlər, aləmi bir-birinə qatırlar. Şirü-nərə dönürlər. Gur-gur guruldayırlar, nər-nər nərildəyirlər, amma bir problemi həll etmək, bir söz demək, mövqe bildirmək gələndə, heç kimin səsi gəlmir.
Məsələn, indiyə qədər 50-yə yaxın qazi - müharibədə can qoymuş oğul özünü yandırıb, ya da başqa cür intihar edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, ya da üzvü o qazilərin qarşısına çıxıb, onların dərdini dinləyib, kömək edibmi?! Ya da Gədəbəy, Söyüdlü hadisələrini götürək. Ölkə prezidenti də deyir ki, o camaat dəfələrlə şikayət edib. Baxan olmayıb. Yaxşı, prezidentin də dediyi kimi, rəsmi hökumət gözünü yumub, bəs "ictimai hökumət" hara baxıb?! Eləcə də başqa belə böhranlı vəziyyətlərdə o biri qurumların ictimai şuralarının davranışlarına baxaq.
Bunlar nə iş görür?! Ya da niyə heç bir iş görmür?! Bu "İctimai Şura Hökuməti" adından gen-bol istifadə etdiyi ictimaiyyətə bir fayda veribmi?! Ritorik suallardır. Cavabı əslində məlumdur.
Tarix: 19-07-2023, 13:58
Xəbəri paylaş





Xəbər lenti