XXI əsrdə də itirə-itirə gedirik... - MALƏSƏF...


XXI əsrdə də itirə-itirə gedirik...
Qərbin XVII-XVIII əsrlərdə keçdiyi maarifçilik dövrünü biz XXI əsrdə də keçə bilmirik. Bəli, Qərbi Qərb edən ziyalı, alim, ədib, müəllim, filosof yaltaqlığı, yalanı, mütiliyi, köləliyi, görməmişliyi, riyakarlığı, o cümlədən rüşvət, kələk, oğurluq, qarşılıqlı nifrət deyil, cəmiyyətdəki sosial-siyasi proseslərə dərindən nüfuz edən rasional maarifçilik hərəkatının təntənəsi oldu. Mənəviyyat, qanuna hörmət, birlik, bərabərlik, dürüstlük bu hərəkatın mahiyyəti idi.
Maarifçiliyin şərbətini içmədən indi qalxıb imitasiya naminə əttökən-əttökən guya hakimiyyətə gələcəkmiş kimi siyasi təşkilat-filan "yaratmaq" məhz qapış-qupuşla özünün və ətrafındakı bir neçəsinin qarnını doyuzdurmaq reallığından o yana gedə bilmir. Niyə? Çünki şüur yetişməyib, maarifçiliyə xəyanət etmişik.
Bir cəmiyyətin qaymağı timsalında yüksək ağıl və idrak sahibləri hesab olunan alim-akademik, ədib, yazar, sənətkar və digər özünə ziyalı deyib ün təpənlərin idrakı hələ də qarınla və qapış-qupuş yolu qopardıqları, çırpışdırdıqları dünya malı ilə səciyyələnir. Sivil cəmiyyəti qurmalı olan bu "ağıl" ünsürlərinin hegemon olduğu cəmiyyətdə 100 siyasi partiya qeydiyyatdan keçirməyin nə mənası?! Əksinə, qanunun acizləşdiyi cəmiyyətdə bu yolla büdcəni deşən müftəxorların sayı artacaq, dövlət taqətdən düşəcək.
Haqdan danışıb, əlimizə kiçik bir vəzifə keçən kimi "əşi bu xalqdan bir şey çıxmaz, barı özünə, balalarına gün ağla!" deyərək haqqın başını əziriksə, bizdən qanunlara hörmət edən sivil xalq, sivil cəmiyyət çıxarmı?! Elə isə yetişməmişik, formalaşmamışıq, adi özünəhörməti başa düşmürük. Göz qabağında olan odur ki, maarifçilik dövrünü ya keçməmişik, ya da onun-bunun köləsi olmağa çağırış edən bir-iki dramaturqu, şairi qabağa verib saxta yolla zor gücünə maarifçiliyin üzərindən tullanıb əsarətin ağuşuna düşmüşük. Yoxsa bu qədər oğru, rüşvətxor, yaltaq, mürtəce, satqın, xəyanətkar, antimilli və antibəşəri alim-akademikimiz, professor, doktor, həkim, müəllim, şair, ədib, yazar və filosofumuz olmazdı.
Deməli, XXI əsrdə də itirə-itirə gedirik...

İdris Abbasov
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor
Tarix: 25-07-2023, 12:42
Xəbəri paylaş





Xəbər lenti