“Elm və Təhsil Nazirliyində yeganə şəffaf olan şey binanın şüşələridir”



“Elm və Təhsil Nazirliyində yeganə şəffaf olan şey binanın şüşələridir. Başqa heç bir fəaliyyət şəffaf deyil”.  
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib.
Mütəxəssis Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələrini şərh edib. 
Xatırladaq ki, ETN-nin sonuncu müsabiqəsində qaliblərin adının qeyd edilməməsi birmənalı qarşılanmayıb. 
Ekspertin sözlərinə görə, birmənalı şəkildə istər MİQ imtahanının test və müsahibə mərhələsi, istərsə də direktorların seçimi ilə müsahibə mərhələsinin heç biri şəffaf keçirilmir: 
“Təhsil adına növbəti biabırçılıq isə VII Qrant Müsabiqəsinin nəticələri açıqlanarkən baş verdi. Biz gördük ki, elan edilən layihələrin qaliblərinin adı açıqlanamayıb. Əvvəlki illərdə isə belə bir fakt olmamışdı, layihəni yazan müəllimlərin adları açıq şəkildə qeyd olunurdu. Bu il isə gizlədildi. Ona görə gizlədildi ki, mən hər il qrant layihələr elan olunandan sonra müstəqil araşdırmaçı olaraq həmin məktəb və müəllimlə maraqlanıb araşdırırdım ki, görəsən, həqiqətinmi layihəni o adam yazıb, onun fəaliyyəti necədir və s.” 
K.Əsədov əlavə edib ki, bu il onu gizlətdilər:
“Çünki qrant layihəsində qalib edilən bir çox layihələr pulun mənimsənilməsinə xidmət edir. İçərisində həqiqətən də çalışıb layihə yazan, qalib gələn müəllimlər var, amma biz bunu birmənalı şəkildə hamıya aid edə bilmərik. Bəzən onlar bunu öz xərclərini qarşılamaq üçün edirlər. Məsələn, Elm və Təhsil Nazirliyi hansısa bir şəxsi qonaq dəvət edir, yaxud müəllimlər üçün səhər yeməyi təşkil edir ki, bunun da məqsədi sosial şəbəkələrdə özlərinə troll ordusu yaratmaqdır. Məhz qrantdan ayrılan vəsait hesabına bu ödənişlər edilir”. 
Təhsil eksperti aydınlaşdırıb ki, Azərbaycanda qalib elan olunmuş müəllimlərin heç də hamısı layihə yaza bilmir:
“Nazirlikdə müəyyən şəxslər var ki, layihələri onlar yazırlar. Yəni qalib elan edilmiş adamların böyük əksəriyyətinin bundan xəbəri yoxdur. Mən bu fırıldağı çox gözəl bilirəm. Nazirliyin qrant layihəsi öz maxinasiyalarından ibarətdir. Doğrudur, bəzi müəllimlər və məktəblər var ki, onları da qalib elan edirlər ki, bu da gözə kül üfürmək məqsədi daşıyır. Lakin reallıq budur ki, qrant alan layihələrdən elələri var ki, onlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, inkişafına, əlçatanlığın təmin edilməsinə və mövcud problemlərin aradan qaldırılmasına heç bir müsbət təsir göstərə bilməz”.
“Niyə həmin layihələr icra ediləndən sonra nazirliyin saytından yerləşdirilmir ki, biz onlara baxaq? Bu, dövlət sirridir, məxfi məlumatdır, nədir? Yerləşdirsinlər, baxaq. Bəlkə biz qrant layihənin necə yazıldığını bilmirik? Görək, bunlar necə yazıb qalib olublar? Eləcə də qrant layihəsi qarşısına qoyduğu məqsədə çatıbmı? Siz layihələr baxsanız, görərsiniz ki, çoxu gülünc-gülünc adlarla yazılıb və bunların heç biri yenilik deyil”, - əlavə edib.
Həmsöhbətimiz hesab edir ki, bunlar biabırçılıqdır:
“Hətta bir çox layihələrin qalibləri var ki, bu adamlar nazirlikdə şöbə müdirinin müavini ilə dostdur deyə, bir adama 3 qrant veriblər. Daha yaxşı layihələr oldu ki, müəllimlər bizə müraciət etsə də, onları qalib elan etmədilər. Qısası, şəxsi münasibətlər zəminində qalib elan edilən qrantlar var. Bunlar araşdırılmalıdır, çünki dövlət büdcəsi talanır”. 
Ekspert iddia edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət rəhbərliyin marağındadır, lakin görünən odur ki, Elm və Təhsil Nazirliyi şəxsi münasibətlər zəminində təhsilin idarə etməsini həyata keçirir: 
“Qrant layihələri Azərbaycan təhsili adına biabırçılıqdır, iyrəncdir və bütün layihələr araşdırılmalıdır. Adları gizlətməkdə nədən qorxursunuz? Qoy, hər kəs bilsin ki, qalib məktəb və müəllim kimdir? Keçən dəfə bir müəllim qalib olmuşdu, əlaqə saxlayıb qrant layihəyə görə təbrik etmək istədim, adam dedi ki, mənim bu layihədən xəbərim yoxdur, xahiş edirəm, məni narahat etməyin. 
Mən təhsilin idarə olunması üzrə ADA Universitetində magistr bitirmişəm, doktorantura oxumuşam və bilirəm ki, layihə nədir. Hətta layihələrin yazılması üzrə təlimlərdə iştirak etmişəm. Əgər açıq və şəffafsınızsa, layihələrinizi yerləşdirin, biz də baxaq ki, kim qalib gəlib, hansı layihədir, necə yazılıb, əsasnaməsi, proqramı necədir? Bunları niyə göstərmirsiniz?”
Tarix: 29-07-2023, 15:15
Xəbəri paylaş





Xəbər lenti