450 manata 4 nəfərlik yumurta qayğanağı...


Şimal bölgəsindəki rayonların birində baş həkim işləyən tanışımı aradım: 
- Doktor, salam! Gələn həftə məzuniyyətə çıxıram. Siz tərəfdə məsləhət bildiyiniz istirahət mərkəzi varmı? Uşaqları da götürüb rayona gəlmək istəyirəm...
Doktor hal-əhval tutub uşaqların kefini xəbər alandan sonra belə dedi: "Burda meşənin içində yaxşı bir otel var. Orda qalmağınız məsləhətdir. Düzdür, bir az bahalı yerdir, amma narahat olma, o məsələni həll edəcəm".
Əl-ayağa düşdüm: "Nə danışırsınız, doktor? Mən buna razı ola bilmərəm. Neçə manat eləsə, otelin pulunu özüm verəcəm".
Bu dəfə doktor əl-ayağa düşdü: "Yox, qardaş. Demirəm ki, bütün xərc mənlikdir. Demək istəyirəm ki, müdirə tapşıracağam, qiymətdə sizə güzəşt edəcəklər".
Bununla razılaşmaq olardı. Xahiş etdim ki, həmin adamın telefonunu göndərsin.
Cavabı belə oldu: "Tələsmə. Qoy əvvəl mən danışım. Birbaşa özünüz zəng eləsəniz, sizə qiymət oxuyacaqlar. Mən onların dediyi qiymətin belini qırandan sonra siz danışarsınız".
Vaxtilə ATV-dən vurub "Xəzər" TV-dən çıxmağıma baxmayın. Mən hər sözə inanan, dostlarımın təbirincə desək, sadəlövh adamam. Bu dəfə də sadəlövhlüyümdən qalmadım: "Siz Allah, çox üz vurmayın. Yazıqdırlar, onlara da bir şey qalsın".
Yarım saat sonra otelin administratoru ilə danışırdım: 
- Müəllim, neçə gün qalacaqsınız? 
- Qiymətlər uyğun olsa, bir həftə qalmaq istəyirik. 
- Qiymətdən narahat olmayın. Sizi doktor tapşırıb. Sizə 4 nəfərlik paket təqdim edirik. Bir həftə qalsanız, hər sutka üçün cəmi 450 manat ödəyəcəksiniz.
Elə bildim ki, qulaqlarımı nəsə dalayıb keçdi. Bu dəfə fərqli qiymət eşitmək ümidiylə təkrar soruşdum: "Neçə manat?"
Cavab özünü çox gözlətmədi: "Hər gün üçün 450 manat".
Deməyə sözüm yox idi. Sağollaşmaq istəyəndə, oğlan əlavə izahat verməli oldu: "Müəllim, bu qiymətə səhər yeməyi də daxildir".
Bu dəfə jurnalist marağı güc gəldiyi üçün soruşdum: "Səhər yeməyində nə olur?"
Dərhal cavab verdi: "Yumurta qayğanağı".
Adamın üzünü görməsəm də, zarafatımdan qalmadım: "Yumurtanın biri 100 manatdan baha düşür".
Deyəsən, oğlan sözlərimi ciddi qəbul etdiyi üçün əlavə izahat vermək məcburiyyətində qaldı: "Təkcə yumurta deyil ki! Menyuya çay, pendir, çörək, hətta qara zeytun da daxildir".
Beləcə, bu yay şimal bölgəsində istirahət etmək arzumuz gözümüzdə qaldı. Amma istirahət planımız qüvvədə qalır. Qədim dostum, ölkənin tanınmış təhsil ekspertlərindən olan Məzahir Məmmədlinin köməyi ilə Qəbələdə çayın kənarında günü 60 manata 1 hektar həyətyanı sahəsi, həyətində əllidən çox meyvə ağacı olan 3 otaqlı təmirli, səliqəli ev kirayələmişik. Sadəcə, səhərlər qayğanağı özümüz bişirəcəyik...
Seymur VERDİZADƏ
Tarix: 1-08-2023, 13:32
Xəbəri paylaş





Xəbər lenti