Novruz Aslanın ƏTALƏTİ - Erməni şousuna susqun qalan “Qızıl Aypara”

Poeziya ilə məşğul olmaq, gözəl şəklillər çəkmək, yaxşı musiqi bəstələmək istedadlı insanlara xas olan keyfiyyətdir. İstedadların ərsəyə gətirdiyi sənət əsərlərinin ömrü bəşəriyyətin ömrü qədərdir. Nizaminin “Xəmsə”si, Füzulinin “Leyli və Məcnun”u, Leonardo da Vinçinin “Mona Liza”sı, Volfqanq Amadey Motsartın simfoniyaları əsrlər boyu yaşayacaq.
 
Deməli, mükəmməl əsər nə ölür, nə də formasını dəyişir və dahilərin yaratdıqları şedevrlər bəşəriyyətin incisinə çevrilir. Bizim ölkədə bəstəkar bolluğudur və onlardan biri də millət vəkili Novruzəli Aslanovdur. Bəstəkar kimi bu adamı sadəcə Novruz Aslan kimi tanıyırıq. Bəstəkar, deputat Novruzəli Aslanov həm də Azərbaycanda “Qızıl Aypara” Cəmiyyətinə rəhbərlik edir. Bəli, səhv başa düşmədiniz, beynəlxalq humanitar təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəridir. Biz də onu bəstəkar kimi deyil, məhz “Qızıl Aypara” Cəmiyyətinin Azərbaycan təmsilçiliyinin rəhbəri kimi axtardıq.
 
Axtarırdıq öyrənək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ermənilərə xüsusi sevgisi haradan qaynaqlanır? Axı necə də olsa, Novruzəli müəllim beynəlxalq humanitar təşkilatın təmsilçiliyində çalışır. Açığı, Novruzəli müəllimə bir neçə sual ünvanlamaq niyyəti ilə telefonunu axtarıb tapdım. Bir neçə dəfə cəhd etsək də, zəngimiz cavabsız qaldı. Telefonun zəngimselində səslənən dəniz haqqında həzin musiqi fonunda Novruzəli Aslanovun zənglərimizi niyə cavabsız buraxmasını özlüyümdə aydınlaşdırmağa çalışdım. Axı hörmətli Novruzəli müəllim “Qızıl Aypara” Cəmiyyətinin sədri kimi ermənilərin “humanitar böhran” adı ilə ölkəmizə hücumuna öz münasibətini bidirməliydi. Ən azı bir-iki maşın ərzaqla Ağdam-Xankəndi yoluna qədər gedib öz humanitar dəstəyini təklif etməliydi.
 
Onun rəhbərlik etdiyi əşkilatın nizamnaməsində də deyilir ki: “Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü yardım və xidmət göstərən qeyri-kommersiya təşkilatıdır və dövlət qanunlarına əsasən idarə olunur. Onların missiyası Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və insanlığın gücünü bir araya gətirərək həssas insanlara xidmət etməkdir”.
 
Deməli, Novruzəli Aslanov ermənilərin “humanitar yük” oyununu poza bilərdi. Sadəcə bir neçə maşın ərzaqla Ağdam yolundan Xankəndi istiqamətinə yönəlmək lazım idi. Onsuz da ermənilərin həmin yükü qəbul etməyəcəyi əvvəlcədən bəllidir. Amma düşmənin oyununu pozmaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz oyununu qurmalıdır. Pafoslu çıxışlar, odlu-alovlu danışıqlar, yalançı vətənpərvərlik sadəcə görüntüdür. Bir-iki mahnı bəstələmək də işin hamısı deyil. Qanunverici orqanda əyləşmək də məsələni həll etmir. Məsələyə fərqli yanaşma tərzi olmalıdır. Telefonunun zəngimselindəki musiqidə “more, more” deyib haray çəkən bəstəkarın humanitar fəaliyyəti də çılğın  olmalıdır.
 
KONKRET.az
Tarix: 4-08-2023, 16:26
Xəbəri paylaş





Xəbər lenti