Partiyalar dilemma qarşısında: onların taleyi necə olacaq?


Əli Oruclu: “Belə mürtəce addımlar partiyaları, siyasi meydanı inkişaf etdirmək yox, əksinə, inkişafın qarşısını almaqdır”
Ələsgər Əhmədoğlu: “Partiyaların rəsmi dövlət qeydiyyatı məhkəmə qərarı olmadan ləğv oluna da bilməz”
“Siyasi partiyalar haqqında” qanunun tələblərinə cavab verə bilməyən partiyaların bağlanmaq təhlükəsi var. Hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) xaric, digər partiyalar beş min üzv tələbini hələ ki, yerinə yetirməyiblər. Müsavat Partiyası, REAL Partiyası, AXCP, AMİP, KXCP kimi köklü partiyalar belə beş min üzv tələbini yerinə yetirə bilməyiblər. Ədliyyə Nazirliyi tərəfindən həmin partiyalara üzv siyahılarını dəqiqləşdirib yenidən qeydiyyata müraciət üçün 30 gün vaxt verilib.

Siyasi partiya təmsilçiləri bundan narazılıq edirlər. AMİP liderinin köməkçisi, siyasi icmalçı Əli Oruclu AYNA-ya deyib ki, ümumiyyətlə, partiyaların yenidən qeydiyyatdan keçirilməsinin özü qanunsuzdur: “30 il əvvəl qeydiyyatdan keçmiş, bu müddətdə fəaliyyət göstərmiş və fəaliyyəti davam edən partiyanı qeydiyyatdan keçirməyə nə əsas var. Köklü partiyaya deyirsən ki, yenidən 5 min üzvün siyahısını təqdim et, yenidən qeydiyyatdan keç. Bu, düzgün yanaşma deyil. Yeni qanundakı tələblər yeni yaradılan partiyalara şamil edilməli idi. Bu baxımdan, hesab edirəm ki, hazırda baş verənlər qeyri-qanunidir, siyasi fəaliyyətin qarşısının alınması üçün atılan addımlardır”.
“İndi özünü buraxan partiyalar var. Sual olunur, onlar necə özünü buraxdılar? Partiyaların nizamnaməsində göstərilir ki, siyasi təşkilat ali orqan – qurultay tərəfindən buraxılır. Buraxılan partiyaların hansı birinin qurultayı keçirildi, mən şəxsən şahid olmadım. Sədr çıxdı, partiyanı buraxdığını dedi, vəssalam. Yaxud da, heç bəyanat belə verilmədi, Ədliyyə Nazirliyinin məlumatından öyrəndik ki, filan partiya fəaliyyətini dayandırıb. Demək istədiyim odur ki, bütün bu proseslər düzgün şəkildə həyata keçirilmir”, Oruclu əlavə edib.
AMİP yetkilisi vurğulayıb ki, partiyaların güclənməsi, inkişafı şəffaf və demokratik seçkilərdən keçir: “Partiyanın gücünü, nüfuzunu seçici müəyyənləşdirir. Bunlar bizim ölkədə yoxdur. Ona görə də partiyaların cəmiyyətdə rolu zəifdir. Rəqabət mühiti yoxdur. Ona görə də belə mürtəce addımlar partiyaları, siyasi meydanı inkişaf etdirmək yox, əksinə, inkişafın qarşısını almaqdır. Hesab edirəm ki, hökumət qərarları ilə partiyaları sıradan çıxarmaqla məşğuldur”. 

Məsələ ilə bağlı fikirlərini bölüşən hüquqşünas Ələsgər Əhmədoğlu AYNA-ya deyib ki, “Siyasi partiyalar haqqında” qanun hüquqi keyfiyyət baxımından ciddi problem yaradır.
Onun sözlərinə görə, qanun heç bir halda geriyə yönəlmiş tətbiq oluna bilməz: “Yəni qeydiyyatdan keçmiş bütün siyasi partiyalar və onların sədrləri həm hüquqi, həm də praktiki baxımdan həmin partiyanın təmsilçiləridir və həmin partiyaların rəsmi dövlət qeydiyyatı məhkəmə qərarı olmadan ləğv oluna da bilməz. Qısası, Ədliyyə Nazirliyinin onlara rədd cavabı verməsi heç nəyi dəyişmir. O partiyalar və rəhbərləri fəaliyyətdədir və istədiyi kimi partiyası adından danışa bilər”.
“Bu partiyalar qeydiyyata alınmasalar və Ədliyyə Nazirliyi məhkəmədə iddia qaldırmadığı və məhkəmə yekun qərarı vermədiyi müddətcə yenə fəaliyyətlərini davam etdirəcəklər”, - deyə hüquqşünas əlavə edib.
Tarix: 9-08-2023, 10:56
Xəbəri paylaş





Xəbər lenti