Qarabağdakı gərginlikdə Soros izi - Paşinyanın “dayı”sı pulları kimə xərcləyir?


Xankəndi və Laçın yolu ətrafında baş verənlərdə Soros Fondunun da aktiv iştirakı haqda məlumat üzə çıxıb. Ermənistan mediası yazır ki, Soros Fondu aktiv olaraq anti-Azərbaycan təbliğatı aparmaqla yanaşı, Rusiya sülhməramlılarını Qarabağda beynəlxalq sülhyaratma missiyası ilə əvəzlənməsi ilə bağlı kampaniyanı maliyyələşdirir. Kampaniyanın əsas iştirakçıları arasında “Back to Dizak” (Dizağa qayıdış) və “Hanunu Hadrut” (Hadrut naminə) QHT-ləri də var. “Back to Dizak”ın rəhbəri Marqarita Karamyan və “Hanunu Hadrut”un rəhbəri Levon Hayriyan Ermənistanın baş naziri Nikol Paşinyanı beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi tələbi ilə BMT Təhlükəsizlik Şurasında çıxış etməyə çağırıb. Onlar baş verənlərə görə Rusiya sülhməramlılarını günahlandırır və onların əvəzlənməsini tələb edir.

Ermənistan mediası yazır ki, “Back to Dizak” təşkilatı Qarabağdakı ermənilərin “hüquqlarının qorunması” adı altında Soros Fondundan 25 min dollar alıb. “Hanunu Hadrut” təşkilatının rəhbəri, Qarabağdakı separatçı “parlamentin” keçmiş qondarma “deputatı” Levon Hayriyan isə ABŞ-nin Ermənistandakı səfirliyinin nümayəndələri ilə görüşüb, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə edib.

Məlumdur ki, Ermənistanın baş naziri Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsini istəyir. Rusiya XİN-də hətta bu məsələyə münasibət bildirərək 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağda Rusiya hərbi kontingentinin yerləşdirildiyini xatırladıb. XİN bildirib ki, yeni missiyaya, İrəvanın olduğu kimi, Bakının da razılığı tələb olunur. Azərbaycan digər təşkilatlara olduğu kimi, BMT-yə də keçmiş “Dağlıq Qarabağ” əraziləri ilə birgə daxil olub. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyünün ayrılmaz tərkib hissəsi kimi tanıyır. İrəvan, məsələn, Fransa kimi havadarı sayəsində BMT Təhlükəsizlik Şurasında bu avantüranın qəbuluna çalışarsa, aydındır ki, Rusiya buna veto qoyacaq.

Ermənistan və baş nazir Paşinyan indi Soros “dayısı”nı da bu planı cəlb etməklə həm Qərbin anti-Rusiya planında yer aldığını göstərir, həm də Qarabağ ermənilərinin az da olsa Soros Fondunun dolları hesabına “müqavimət göstərmələrinə” çalışır. Bəs Azərbaycanın razılığı olmadan regiona BMT bayrağı altında beynəlxalq sülhməramlı missiyanın yerləşməsi mümkündürmü? Moskva özü bu çağırışları necə qarşılayacaq? Azərbaycan üçün hansı sərfəlidir, yoxsa heç biri? Məlumdur ki, Rusiya bölgədə hərbi varlığını sürdürmək istəyir. Hətta Paşinyan demişdi ki, rusların Qarabağda 10, hətta 20 il qalması üçün əlavə sənədə qol çəkməyə hazırdır. Amma Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı prioritet hədəf qoyub. 2025-ci ilə qədər bu proses sürətlənə bilərmi?

Deputat Razi Nurullayev əmindir ki, ruslar Qarabağdan gedəcək. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, bu məsələ 2025-ci ildən o yana keçməyəcək: “BMT üzvü olan ölkələr və eləcə də bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT işğal altında olmuş ərazilərimizin azad edilməsi üçün 4 qətnamə qəbul edib. Eyni zamanda Azərbaycan Qarabağda ermənilərə qarşı heç bir etnik təmizləmə həyat keçirməyib. Ona görə ermənilərin reinteqrasiyası üçün heç bir problem yoxdur. Bu mənada BMT qoşunlarının Qarabağa yerləşməsinə hər hansı əsas yoxdur”. R.Nurullayev hesab edir ki, əgər ermənilərin orada həyatına təhlükə olsaydı, hər gün 10-15 erməni ölsəydi, o halda BMT tədbir görə bilərdi, qoşunlarını daxil edərdi: “Belə hallar olmadığı üçün BMT Təhlükəsizlik Şurası Qarabağa qoşunlarını yeritməsini heç müzakirə belə etməyib. Odur ki, Ermənistanda hansı kampaniya getməsinə baxmayaraq, bizim üçün belə bir təhlükə görünmür”.

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, hər şeyə rəğmən məqsədimiz 9 noyabr 2020-ci il bəyanatının bəndlərindən birindən istifadə edərək Rusiya hərbi kontingentini iki ildən sonra evinə yola salmaq və bununla Azərbaycan torpaqlarında separatçılığa birdəfəlik son qoymaqdır. Bu həm də strateji müttəfiqimiz Türkiyənin də məqsədidir ki, Ərdoğan NATO toplantısında açıq şəkildə səsləndirib. “İndi top Rusiya prezidenti Vladimir Putinin meydanındadır, ancaq o bu məsələylə bağlı fikrini hələ söyləməyib. Kreml sahibinin mövqeyini öyrənməyin bir yolu var”. E.Şahinoğlu hesab edir ki, Rusiya prezidenti bu ayın sonunda Türkiyəyə rəsmi səfər edəcək, Putin Ərdoğanla müxtəlif məsələləri, o cümlədən Azərbaycan-Ermənistan danışıqlarını və Zəngəzur dəhlizini müzakirə edəcək. “Prezidentlər böyük ehtimalla müzakirələrin sonunda mətbuatın qarşısına çıxacaqlar. Türkiyədə bu növ toplantılarda 4 suala imkan verilir, ikisini yerli jurnalist, ikisini qonaq jurnalist verir. Yerli jurnalistlərdən birinin ”Cənab Putin, Rusiya Azərbaycanın istəyi ilə iki ildən sonra Qarabağdan hərbi kontingentini çıxarmağa hazırdırmı" sualını səsləndirməsinə ehtiyacımız var", - deyə ekspert düşünür.

Hüquq müdafiəçisi Xəzər Teyyublu da BMT sülhməramlılarının Qarabağa yerləşməsi üçün əsas görmür. Onun sözlərinə görə, 2025-ci ildə rusların bölgədən getməsinə xitam veriləcək: “Tərəflərdən birinin etirazı kifayət edir. Ərdoğan da Vilnüsdə bu məsələni yada saldı. Rusiya Azərbaycanla əlaqələri korlamaq istəmirsə, Qəbələ RLS-dən çıxdığı kimi, Qarabağdan da vaxtında getməlidir. Onların fəaliyyəti sülhyaratma missiyasına töhfə vermədi. Amma yerinə beynəlxalq missiyanın gəlməsinə ehtiyac yoxdur”. Hüquq müdafiəçisi Ermənistan baş nazirinin sülhməramlıları tənqid etdiyini, həmin QHT-lərin də iqtidara bağlı olduğunu düşünür: “Paşinyan ictimai rəy yaradır ki, Rusiya Qarabağda ermənilərə kömək etmir. Onun məqsədi fransız hərbçilərini sərhədə gətirdiyi kimi Qarabağda da yerləşdirməkdir. Sonra Gümrüdən və Erabunidən rus hərbi bazalarını çıxarmaqdır. Təbii ki, Qərbin strateji planlarına daxil olan məsələdir. Ancaq Rusiyanın bu addımlara müqavimət göstərəcəyini fikirləşmək lazımdır. Onun Ukraynada hərbi əməliyyatları da məhz NATO-nu onun orbitinə yaxınlaşmaqdan çəkindirməkdir. İndi Cənubi Qafqaza da BMT qoşunları yerləşərsə, Rusiya üçün bu əraziləri strateji olaraq itirməklə nəticələnə bilər. Hər şeydən əvvəl isə Azərbaycan razılıq verməlidir. Bizim torpaqlarımızda isə sülhü Ordumuz təmin edir. Xankəndi və ətraf zonaya da öz hərbçilərimiz nəzarət etməlidir. Qarabağın yuxarı hissəsində hər hansı fəlakət baş vermir ki, ora BMT qüvvələri daxil olsun”.
Tarix: 9-08-2023, 12:00
Xəbəri paylaş





Xəbər lenti