Hasarlı dənizin bitməyən dərdləri: başçıların gizlin gəlir yeri - QARA CAMAAT İSƏ...

Hasarlı dənizin bitməyən dərdləri: başçıların gizlin gəlir yeri
Havaların isti keçməsi insanların kütləvi şəkildə çimərliklərə üz tutmasına səbəb olur. Xəzər suyunda sərinləmək istəyənlərə bu, heç də asan başa gəlmir. Təhlükəsizlik tədbirləri nə qədər gücləndirilsə də, suda boğulmalar dayanmır. Habelə, kanalizasiya sularının Xəzərə axıdılması da başqa bir problemə çevrilib.

Bəzi çimərliklər ümumiyyətlə çimməyə yararsız elan edilib.

“Yerli icra nümayəndələri ilə birgə aparılan monitorinqlər göstərib ki, Xəzər dənizinin sahilində təhlükəli çimərliklər mövcuddur. Həmin ərazilərə xüsusi qadağanedici nişanlar yerləşdirilib. Vətəndaşları Şüvəlan qəsəbəsində ”Mil-Qaya" və “Şimal Qres” adlanan ərazi, Nardaranla Bilgəh arasında yerləşən “12-ci dalan” adlanan yer, Kürdəxanı qəsəbəsində Ləhiş bağları, “Estekada” deyilən ərazi, Qaradağ rayonunda “Mayak” çimərliklərindən istifadəyə etməməyə çağırırıq".

DİA.AZ musavat.com-a istinadla xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin mətbuat katibi Aqşin Əlili bildirib.

FHN rəsmisi əlavə edib ki, bu ərazilər ona görə təhlükəlidir ki, suyun axını normadan artıqdır: “Eyni zamanda sualtı relyef, qəfləti dərinliklər müxtəlif daş və qaya parçaları ilə zəngindir ki, bu da bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir. Vətəndaşlar bu məsələdə diqqətli olmalı və bu kimi ərazidən istifadə etməməlidir”.

Xəzərin ən böyük dərdi isə onun hasarlanmasıdır. Dənizin Şıx, Pirşağı, Buzovna, Mərdəkan, Şüvəlan və s. sahilləri illərdir hasarlanıb və bu proses dayanmır. Ötən illərdə bəzi yerlərdə bir neçə yerdə hasarlar sökülsə də, bu, kampaniya xarakteri daşıdı. Ən acınacaqlı durum isə Bakının cənub girişindədir - paytaxta gələndə dəniz əvəzinə hündür hasarları görürük... Bu problemə niyə əncam çəkilmir? Kimlər mane olur?

Hələ 2003-cü il yanvarın 13-də mərhum Prezident Heydər Əliyev tərəfindən məsələ ilə bağlı sərəncam imzalanıb. Sənəddə deyilirdi ki, əhalinin çoxsaylı şikayətlərini, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək, dənizin 130 metrlik sahil sahəsində tikilmiş, fiziki və ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin.

Bundan sonra qəbul edilmiş qanunvericiliyə görə isə dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir.

Sonuncu dəfə parlamentdə dəniz sahillərinin hasarlanmasından 2022-ci ilin aprelində danışıblar. Parlamentdə çıxışı zamanı deputat Razi Nurullayev bildirib ki, yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər. Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir. O qeyd edib ki, son illər IDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanılıb: “Bunu alqışlayıram. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, ondan maneəsiz istifadə isə Konstitusiyamız tərəfindən verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib. Bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil”.

Buzovnada böyük tarixə malik olan, Xəzər sahilindəki qayalıqların zəbti ötən yayın ən qızmar mövzularından idi. Məsələyə ölkə rəhbərliyi səviyyəsində reaksiya verilmişdi.

“Bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var” - bu barədə Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin edərkən bildirmişdi.

Qeyd etmişdi ki, bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir: “Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir. Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər”.

Ölkə rəhbərliyinin reaksiyasından sonra Buzovnada dəniz sahilindəki qayalıqlar illərin əsarətindən - hasarlardan təmizlənməyə başladı. Yerli icra hakimiyyəti illərlə hasarları görməyibmiş kimi davranmağa başladı, az qala hasarları uçuran traktorun sükanı arxasına keçəcək qədər cənfəşanlıq göstərilirdi. Lakin hazırda əks proses gedir. Sakinlərin etirazlarına baxmayaraq ərazi yenidən hasarlanmaqdadır...

Ümumiyyətlə isə dəniz sahilinin zəbt edilməsinə yerli orqanların yaxından-uzaqdan qatqısının olması prosesin əcaib şəkil almasına gətirib çıxarır. İcra başçıları dəniz mövsümü bitər-bitməz əraziləri dəllalların ixtiyarına buraxırlar. Ona görə də vətəndaşlar hər yeni mövsümdə dəniz sahillərinin daha çox bağlanmasının, hasarlanmasının şahidi olurlar.

Problemin köklü həllinin qarşısını almaq isə mümkünsüz görünür. Amma bu heç də belə deyil. Bu günə qədər dəniz sahilini hasarlayanların kimlikləri, onların hansı cəzalara çatdırılması haqda məlumatlar yoxdur. Cəzasızlıq mühiti isə məmurların bu şəkildə əl-qol açmalarına, hasarlar çəkib dənizi vətəndaşların üzünə bağlamalarına şərait yaradır.

Məsələnin həlli Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və ya Dövlət Təhlükəsizliyi Xidmətinə tapşırılsa, qısa müddətdə zəbt olunmuş dəniz sahilinin böyük bir hissəsi vətəndaşların üzünə açılar.
Tarix: 10-08-2023, 12:46
Xəbəri paylaş





Xəbər lenti