“Azadlıq” Radiosu iddialara cavab verdi


“Radionun ombudsmanı xidmətin dəqiq, müstəqil və məsuliyyətli olduğunu üzə çıxarıb”
“Azadlıq” Radiosu sosial medida radionun Azərbaycan xidmətinin bəzi keçmiş əməkdaşları və digər şəxslərin rəhbərliyə qarşı səsləndirdikləri iddialarla bağlı açıqlama yayıb.
Qeyd edilir ki, Azərbaycan xidmətinin ünvanına səslənən iddialara dair radionun ombudsmanı əhatəli baxış keçirib və xidmətin dəqiq, müstəqil və məsuliyyətli olduğunu üzə çıxarıb.
“”Azadlıq” Radiosu Azərbaycanda senzurasız xəbərlər təqdim etməkdə bizim missiyamıza və prinsipial jurnalistika etikamıza sadiqdir”, – bəyanatda deyilir.
Son günlər sosial şəbəkənin Azərbaycan seqmentində, eləcə də yerli və beynəlxalq mediada “Azadlıq” Radiosunun keçmiş əməkdaşlarının narazılıqları müzakirə olunur.
Onların sözlərinə görə, işdən çıxan şəxslərin səsləndirdiyi iradlara baxmayaraq, hələ də işçilərə münasibət dəyişməyib, rəhbərliyə göndərilən şikayətlərə cavab verilmir.
Narazılıqlarını sosial şəbəkələr vasitəsilə ictimailəşdirən radionun keçmiş əməkdaşları isə işçilərin bu qurumun Azərbaycan bölümünün rəhbərliyində təmsil olunan şəxslər tərəfindən bulinqə məruz qaldıqlarını bildirirlər.
Onlar bir neçə iddia səsləndiriblər. Həm Praqa, həm Bakı bürosunun əməkdaşları işdə sıxışdırıldıqlarını, haqsız yerə tənqid olunduqlarını və son nəticədə qanunsuz şəkildə, öncədən heç bir xəbərdarlıq edilmədən işdən uzaqlaşdırıldıqlarını deyirlər.
“Azadlıq” Radiosu 1949-cu ildə ABŞ hökuməti tərəfindən yaradılıb.
Həmin vaxt Avropada Şərqi Avropa dillərində radio vasitəsilə xəbər yaymaqla məşğul olub.
Sovetlər dağılandan bu yana media təşkilatı müstəqil qurum kimi, lakin ABŞ hökumətinin nəzarəti və maliyyəsi ilə fəaliyyətini davam etdirib.
İllik büdcəsi təxminən 124 000 000 ABŞ dollarını ötən (2021) “Azadlıq” Radiosu 23 ölkədə, 27 müxtəlif dildə çıxır.
“Azadlıq” Radiosu Azərbaycanda sayı az olan müstəqil xəbər saytlarından hesab edilir.
2014-cü ildə Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, eləcə də müstəqil mediaya basqını artıranda radionun əməkdaşlarından bir nəfər həbs edilib, bununla da qurum ofisini tərk etməli olub.
Həmin vaxt radio ilə əməkdaşlıq etmiş jurnalistlər istintaqa cəlb edilib, dindirilib.
Ondan sonra qurumun əməkdaşlarının çoxu Praqada fəaliyyət göstərməyə başlayıb. Azərbaycanda isə müstəqil jurnalistlərlə əməkdaşlığı saxlayıb.
“Azadlıq” Radiosunun saytında mətbuatın etik kodeksi yerləşdirilib.
Burada bildirilir ki, fəaliyyət göstərdikləri dövlətlərdə tamamilə müstəqildirlər və ədalətsizliyə qarşıdırlar.
Tarix: 20-08-2023, 23:25
Xəbəri paylaş





Xəbər lenti