Ərazi güzəştləri müharibəni sonlandırmayacaq - Şərh

Əksinə, bu Rusiyanın daha da aqressivləşməsinə səbəb olar

Bəzi Qərb rəsmiləri Ukraynaya müharibəni dayandırmaq üçün ərazi güzəştləri ilə bağlı sazişlər təklif edirlər. Lakin bu, həm Kiyevin, həm də Moskvanın məqsədlərinə cavab vermir. Bu barədə "Voll Strit Jurnal" nəşri Qərbdə adı çəkilməyən rəsmilərə istinadən məlumat yayıb. Nəşr bildirib ki, ABŞ və onun Almaniya kimi əsas Avropa müttəfiqləri Rusiyanın qələbəsinin qarşısını almaq istəyirlər. Ancaq Ukraynaya birbaşa qalib gəlməyə kömək edən xərclərdən və risklərdən qorxurlar: "Onlar ehtiyat edirlər ki, Ukraynanın “maksimalist məqsədləri” sonsuz müharibəyə səbəb olacaq. Buna görə də Kiyevə NATO və ya AB-yə üzvlüyü müqabilində ərazisinin bir hissəsinin faktiki itirilməsi ilə razılaşmağı təklif etmək istəyirlər".
  
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ukraynanın müəyyən ərazilərdən "imtina" etməsi Moskva-Kiyev arasında sülhə deyil, Rusiyanın daha da aqressivləşməsinə səbəb olacaq. Ekspertin sözlərinə görə, Rusiya Baltikyanı ölkələrə və Polşaya qarşı hərbi təcavüz siyasətini həyata keçirməyə başlayacaq: "Ukrayna hökuməti də yaxşı bilir ki, hansısa ərazi güzəştləri müharibəni sonlandırmayacaq. "Ərazilərdən imtina" ilə bağlı fikirlərin ciddi formada səsləndirilmədiyi bəllidir. Ola bilsin, Rusiya ilə əlaqələri bərpa edən müəyyən şəxslər tərəfindən belə iddialar məqsədyönlü şəkildə ortaya atılır. Məqsəd Qərb koalisiyasını parçalamaqdır. ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri buna qətiyyən getməzlər. Dəfələrlə vurğulanıb ki, sonadək Ukraynanı bütün resursları ilə tam dəstəkləyəcəklər. Çünki məqsəd Rusiyanın zəifləməsinə nail olmaqdır. Ukraynaya ağır artilleriya və qırıcı təyyarələrin verilməsi də müzakirə olunur".
Tarix: 25-08-2023, 10:53
Xəbəri paylaş





Xəbər lenti