Bakının “itən” Baş planı haqda sensasion iddia: “Tikinti mafiyası imkan vermir...”


bitmap-img6

Ekspertlər hesab edir ki, paytaxtın Baş planı qəbul olunsa, bütün tikinti şirkətləri həmin sənədə riayət etməlidir, bu isə o deməkdir ki...

İşğaldan azad olunmuş Ağdam, Kəlbəcər, Şuşa, Cəbrayıl, Füzuli  və Laçın şəhərlərinin Baş planları da artıq hazırlanıb. Amma illərdir paytaxt Bakının Baş planının hazırlandığı deyilsə də, sənəd ortada yoxdur. Hətta bir neçə dəfə həmin planın hazırlanıb təsdiq üçün təqdim edilməsi ilə bağlı xəbərlər yayılsa da, sonradan məsələ gündəlikdən çıxmışdı. Sonuncu belə açıqlama bu ilin mayında verilmişdi. 

2018-ci ildə Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilməsi barədə rəsmi xəbər yayıldı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, birinci mərhələdə beynəlxalq strateji məsləhətçi “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə paytaxtın inkişaf konsepsiyası işlənib. İkinci mərhələdə isə onun əsasında layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilib. Rəsmi məlumata görə, Baş planın hazırlanması işi tenderin qalibi - Almaniyanın “AS+P” şəhərsalma və memarlıq şirkətinə həvalə edilib.

Baş plan 2020-ci ildə ictimaiyyətə təqdim edilməli idi. Almaniyanın “AS+P” şirkəti planı təqdim etsə də, sonradan onun qəbulu reallaşmadı.

Bakı şəhərinin Baş planı axırıncı dəfə 1986-cı ildə tərtib olunub və 2005-ci ilə qədər nəzərdə tutulub. Başqa sözlə, artıq 18 ildir şəhər Baş plansız qalıb. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən “Yeni Müsavat” bildirildi ki, Bakının Baş planı artıq  hazırdır: “Bu barədə bundan öncə də mətbuata açıqlama verilib. Sənəd təsdiq edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”. Məsələ ilə bağlı “AS+P” şirkəti ilə danışmaq mümkün olmayıb.

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Bakının Baş planının tərtib və qəbul edilməsi bir neçə ildir aktual məsələdir: “Amma bu da artıq xeyli gecikib. 30 il əvvəl bu sənəd qəbul olunmalı idi ki, tikintilər ona əsasən aparılsın”. 

Memar Elçin Əliyev “Azadlıq Radiosu”na bildirib ki, Bakının konkret Baş planının qəbul olunacağına inanmır: “Ona görə ki, bizdə tikinti mafiyası, təəssüf ki, buna imkan verməyəcək”. E.Əliyevin sözlərinə görə, Bakıda binalar tikilir, sonra sənədləşdirilir: “Baş plan qəbul olunsa, bütün tikinti şirkətləri həmin sənədə riayət etməlidir. Bəs bu tikinti şirkətləri kimlərə aiddir? Təəssüf ki, keçmiş və indiki məmurlara. Mən inanmıram ki, onlar həmin Baş plana riayət etsinlər. Bilirik ki, bizdə kim harada istəyir bina tikir, heç bir sənədə də baxmırlar. Belə faktlar var ki, binalar tikilir, sonra sənədləşdirilir”.

Məlumat üçün deyək ki, Bakı şəhərinin Baş planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə etməli idi. Baş planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) xüsusilə mühüm əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər nəzərdə tutulurdu.



Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov “Yeni Müsavat”a dedi ki, bu məsələ ilə bağlı bir neçə dəfə maraqlanıb: “Mən də iki dəfə orada olanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən soruşmuşam. Mənə məlumat veriblər ki, Baş plan çoxdan hazırdır. Baş nazirə imza üçün təqdim olunub, orada baxılır. Suallar çoxdur ki, bu günə kimi Baş plan təsdiq olunmayıb. Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən aldığım məlumata görə, hazırda baş nazirin imzası üçün göndərilib. Hələ ki başqa məlumat yoxdur. Kim mane olur, ya olmur, onu deyə bilmərəm. Bununla belə, inanıram ki, yaxın zamanlarda təsdiq olunar”.  

Əməkdar memar Nizami Qasımzadə də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələdə həddən artıq yubanmışıq: “Baş plan 25-30 il qabaq, inkişafdan öncə təsdiq olunmalı idi. Zonal olaraq yenidənqurma, masştablı yaşıllaşdırma, metro stansiyalarının artırılması, əsasən də Sumqayıt, Lökbatan və Türkan istiqamətində alternativ yollar çəkmək, bütün bunları etməklə Bakıya kömək etmək olar. Bakının Baş planı ümumilikdə 20 illik plan üzrə tərtib edilib. Təsdiq edildikdən sonra ola bilsin ki, müəyyən dəyişikliklərə gedilsin. Fransız evlər kimi tanınan layihələr - Alatava, ”Xutor", “Kubinka” deyilən yerlərdə ciddi tədbirlər görülməlidir. Bu yerlərdə kanalizasiya sistemi ya heç yoxdur, ya da tamamilə bərbad vəziyyətdədir. Çox ümid edirəm ki, Baş Plan təsdiqləndikdən sonra heç kim qoyulan standartlardan kənara çıxmasın. Bakıda bu gün o qədər sıxlıq var ki, gələcək üçün bu, təhlükəlidir. İstər əhali, istərsə də həyata keçirilən pilot layihələr paytaxtı yararsız hala salıb. Bu gün Bakı şəhəri ilə ciddi şəkildə məşğul olmaq lazımdır. Mikrorayonlar, ərazilər, orada yaşayan insanlar, qurulan infrastruktur var. Sonra onları köçürmək, tikilənləri dağıtmaq da olmayacaq". 



Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bizimlə söhbətdə bildirib ki, hazırda Bakıda köhnə, qəzalı binalar sökülür, Bakının Baş planı hazır olmadan bu cür kütləvi söküntülərə start vermək paytaxtı mövcud vəziyyətindən daha da acınacaqlı vəziyyətə salmaqdan başqa bir şey olmayacaq: “Bir 5 mərtəbəli yaşayış binasının sökülərək yerində yeni çoxmənzilli yaşayış binasının tikilməsi prosesi təxmini 2,5 - 3 il zaman alır. Hal hazırda paytaxt ərazisində 11 000-ə qədər istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binaları mövcuddur. Və sökülməli olan çox böyük sayda fərdi həyət evlərindən ibarət yaşayış massivləri var. Bu qədər binaların sökülərək yenidən tikilməsi çox uzun on illiklərə başa gələcək. Və nəzərə almaq lazımdır ki, söküntü və tikinti proseslərini dövlət qurumları deyil, özəl şirkətlər aparır. Tikinti şirkətlərinə tikdikləri binalardakı mənzilləri satmaq üçün münbit bazar şəraiti yaradılmadıqca, kütləvi söküntülərdən söhbət belə gedə bilməz. Ümumiyyətlə, binalar yeni Baş plana uyğun olmasa, məcburi sökülməlidir, yenidən bir tikinti bumu yaranacaq və büdcəyə çox böyük zərər dəymiş olacaq”. 
Tarix: 27-08-2023, 18:04
Xəbəri paylaş





Xəbər lenti