Bakıda müəmmalı “razborka”: keçmiş və indiki polis zabitlərinə kimlər və niyə hücum edib?

Bakıda müəmmalı “razborka”: keçmiş və indiki polis zabitlərinə kimlər və niyə hücum edib? Oktyabrın 14-də Bakıda ictimai marağa səbəb olacaq kriminal hadisə baş verib. Belə ki, vaxtilə Heydər Əliyevin mühafizəçilərindən biri olan, sonradan Nəsimi Rayon Polis İdarəsi 23-cü polis bölməsinin rəisi vəzifəsinə yüksəldilən və özündən razı hərəkətləri ilə məşhurlaşan, lakin daha sonra bir neçə ağır maddə ilə ittiham olunaraq 11 il müddətinə həbs edilən (2011-ci ildə əfv edilib) Müşfiq Mədətov bıçaqlanıb. Bunun ardınca isə Səbail Rayon Polis İdarəsi 9-cu polis bölməsinin rəisi Elsəvər Qədirovla onun əməliyyat üzrə müavini Orxan Axundzadəyə silahlı hücum olub və O.Axundzadə Vinçesterdə açılan atəşlə yaralanıb.

Bu hadisələrlə bağlı rəsmi və yarım rəsmi məlumatlar bundan ibarətdir ki, Müşfiq Mədətova Səbail rayonu ərazisində, İçərişəhər metrostansiyası yaxınlığındakı çay evlərindən birində hücum olub. Ona 5 nəfər hücum edib və bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi endirib. 9-cu polis bölməsinin rəis və rəis müavini də bu cinayət hadisəsilə bağlı əməliyyat zamanı silahlı müqaviməyə məruz qalıb. Onlar şübhəli şəxslərin olduğu “Toyota Prado” markalı avtomobili izləyib. Qara Qarayev prospekti, “Ruslan 93” idman kompleksinin qarşısında Orxan Axundzadə “Toyota”ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri “Vinçestr” markalı odlu silahdan polislərə atəş açıb. O.Axundzadə ayaöğından yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törədənlərin saxlanıldığı haqda da məlumat yayılıb. Məlumatlara görə, M.Mədətova hücum edən və sonra da polisləri atəşə tutanlardan biri “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənovdur.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da mediaya açıqlamasında bu iki hadisənin bir-birinə bağlı olduğunu deyib.
Lakin nə DİN sözçüsünün açıqlamasında, nə də başqa məlumatlarda Emil Həsənov və dostları ilə Müşfiq Mədətov arasında hansı mübahisənin yaşandığı, keçmiş polis zabitinin niyə bıçaqlandığı haqda heç nə deyilmir. Eləcə də 9-cu bölmə rəisi ilə müavininin M.Mədətova hücum edənlərin izinə haradan və necə düşdüyü də yayılan məlumatlar sırasında yoxdur.
Bu xüsusda azadlıq.info-ya verilən məlumata görə, M.Mədətov bir vaxtların ən prestijli şirkətlərindən olan və artıq ləğv edilmiş “Transgeyt” şirkətinin rəhbəri Elnur Həsənovla hansısa mübahisəli məsələnin söhbətini aparmaq üçün görüşüb. Söhbət gərgin keçib və keçmiş şirkət rəhbərinin qardaşı ona bir neçə bıçaq zərbəsi endirib. M.Mədətov yaralı vəziyyətdə özünü 9-cu bölməyə çatdırıb və hadisə barədə xəbər verib. Bölmənin rəisi və müavini də bundan sonra artıq ərzidən uzaqlaşmaqda olan Həsənovları təqib eləməyə başlayıb. Polislər Həsənovların olduğu maşını Nizami rayon ərazisində saxlatdıra biliblər. Orada da mübahisəli vəziyyət yaranıb və təqib olunanlar polisləri atəşə tutub, ərazidən uzaqlaşıblar.
Tarix: 16-10-2017, 00:00
Xəbəri paylaş





Xəbər lenti