Yaşlı qadını zorlamağa cəhddə ittiham edilənə cəza kəsildi - qadının oğluna da

Yaşlı qadını zorlamağa cəhddə ittiham edilənə cəza kəsildi - qadının oğluna da 52 yaşlı qadını zorlamağa cəhddə ittiham edilən şəxsə hökm oxunub. Onun özünü bıçaqlayan şəxs də cəza alıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamaya cəhddə təqsirləndirilən 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Bəhruz Paşayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, Bəhruz Paşayev qeyd edilən cinayəti törətdiyi iddia edilərək zərərçəkmişin oğlu tərəfindən bəçaqlanıb. Daha sonra isə xəstəxanada müalicə alarkən hücuma məruz qalıb.

Məhkəmədə hökm oxunandan sonra tərəflər arasında gərginlik yaşanıb. Zalı tərk edən tərəflər bir-birlərinin ünvanına ittihamlar səsləndiriblər.

Bəhruz Paşayev və yaxınları zərərçəkmiş kimi tanınan Samirə Məmmədovanı yalan danışmaqda, şər atmaqda ittiham ediblər.

"Yalanlarınla oğlunu da bədbəxt etdin, bizim uşağı da"- deyə B.Paşayevin ailə üzvləri söyləyib.

Qeyd edək ki, hadisə bu il Qubanın Mirzəqışlaq kəndində baş verib.

Kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğulları da mübahisəyə qoşulublar.

Bəhruz Paşayev həmin vaxt sərxoş olub. Onun S.Məmmədovaya təcavüz etmək istədiyi bildirilir.

Bu zaman münaqişə yaranıb və Bəhruzun üzərinə qaynar su tökülüb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Cərrahiyyə şöbəsində müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qadının oğlu Vidadi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bəhruz Paşayevə də Quba Rayon Prokurorluğunda 29.149-cu (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə cinayət işi açılıb.

İ.Muradov
Tarix: 28-11-2017, 15:27
Xəbəri paylaş





Xəbər lenti