Rusiya əsgərlərin kütləvi zəhərlənməsində Kiyevi ittiham etdi: Dronlar vasitəsilə yayılıb...

Rusiya əsgərlərin kütləvi zəhərlənməsində Kiyevi ittiham etdi: Dronlar vasitəsilə yayılıb...
"B tipli botulotoksini süni surətdə yaratmaq çətindir, bunun üçün tam oksigensiz mühit, deməli, xüsusi laboratoriya lazımdır"
 

"Bu zəhərləyici maddə uzun illər ABŞ silahlanmasında mövcud olub və ukraynalılar, çox güman ki, onu dronlar vasitəsilə yayıb"
 
"40 dərəcəli istidə ucuz saxta araqdan vaxtı keçmiş quru payoklarla birgə istifadə gözlənilməz nəticələrə gətirib çıxara bilər..."
 
Podolyak isti havada saxta araq içməməyi məsləhət görüb...
 
Rusiya müdafiə nazirliyi Ukraynanı rusiyalı hərbçilərə qarşı zəhərləyici kimyəvi maddələrdən istifadə etməkdə ittiham edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat yayıb.
 
Avqustun 20-də nazirlik bəyan edib ki, hələ iyulun 31-də Zaporojye vilayətinin işğal edilən Vasilyevka yaşayış məntəqəsində əsgərlər "güclü zəhərlənmə əlamətlərilə hospitala gətirilib".
 
Rusiyalı hərbi- tibb işçiləri "süni mənşəli üzvi zəhər olan B tipli botulotoksinin olduğunu" təsdiq edib. 
 
Rusiya müdafiə nazirliyi isə "Ukrayna prezidenti Zelenski rejimi tərəfindən rusiyalı hərbi qulluqçular və dinc əhaliyə qarşı kimyəvi zəhərləyici maddələrdən istifadə etməklə terror aktlarının törədilməsini sanksiyalaşdırıldığını" bəyan edib.
 
Rusiyalı hərbi ekspert, BMT-nin kimyəvi və bioloji silah üzrə komissiyasının sabiq üzvü İqor Nikulin "İzvestiya" qəzetinin jurnalistləri ilə söhbətində dəqiqləşdirib ki, botulotoksin zəhəri tənəffüs prosesini kəsməyə qadirdir və nəticədə insanın ölümünə səbəb olur.
 
"Əgər qida zəhərlənməsi baş veribsə, böyük ehtimalla ,hərbi qulluqçular vaxtı ötmüş konserv məhsullarından zəhərlənib", - ekspert deyib və qeyd edib ki, B tipli botulotoksini süni surətdə yaratmaq kifayət qədər çətindir, çünki bunun üçün tam oksigensiz mühit, yəni xüsusi laboratoriya lazımdır.
 
Rusiyalı hərbi toksikoloqlarının əsgərləri zəhərləyən B tipli botulotoksinin kimyəvi mənşəli olduğu barədə gəldiyi nəticələrə istinad edərək, Nikulin deyib ki, bu zəhərləyici maddə uzun müddət ABŞ silahlandırmasında mövcud olub. Nikulin güman edib ki, ukraynalılar bu kimyəvi maddəni dronlar vasitəsilə yayıb.
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak öz növbəsində qeyd edib ki, müxtəlif səviyyəli rusiyalı məmurların öz uğursuzluqlarını "lətifəyə bənzər və cəfəng konspiroloji versiyalarla" izah etməsi onda hər zaman təəccüb doğurub.
 
"Rusiya müdafiə nazirliyinin rəsmi bəyanatı və Ukraynanın "kimyəvi silahdan" istifadə edilməsində ittiham edilməsi ilə tanış olandan sonra biz də bunu deyə bilərik: "40 dərəcə istidə ucuz lisenziyasız araqdan "Rusiya ordusu"nun vaxtı keçmiş quru payokları ilə birgə həddən artıq istifadə ediməsi tam dəqiq olaraq gözlənilməz nəticələrə gətirib çıxara bilər", - Podolyak özünün Telegram-kanalında yazıb.
 
O, deyib ki, Ukrayna torpağı heç vaxt rusiyalı işğalçılara qarşı qonaqpərvər olmayacaq.
 
"Sonsuz qusma sizi burada gözləyə biləcək ən yaxşı nəsnədir. Lakin biz anlayırıq ki, sizdən adekvatlıq gözləmək zamanı deyil, ona görə də "alkoqol kimyəvi silahın" miqyaslı istifadəsi barəsində "xoşməramlı nağıllar" danışmaqda davam edin", - Podolyak əlavə edib.
Tarix: 21-08-2022, 22:41
Xəbəri paylaş





Xəbər lenti