Kürdəmirdə dələduz ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Siam.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından
istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayonun Xırdapay
kənd sakini Aydın Məmmədov saxlanılıb.
Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədov cari ilin aprel-may
ayları ərzində 4 rayon sakininin etibarından istifadə edərək, onlara dayandırılmış
təqaüdlərinin bərpa olunmasında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib
və onlara məxsus ümumilikdə 10800 manat pulu ələ keçirib.
Bundan əlavə, saxlanılan şəxsin ətrafında aparılan istintaq tədbirləri
nəticəsində onun başqa cinayət əməllərinin üstü də açılıb. Belə ki, sosial
şəbəkələrdə aktiv iştirak edən A.Məmmədov iki vətəndaşa qarşı hədə-qorxu
gələrək, barələrində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşmamaq üçün
onlardan ümumilikdə 1200 manat pul alıb.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Polis əməkdaşları Aydın Məmmədovun digər analoji cinayətlərdə iştirakını
da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa,
DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir RPŞ-nə müraciət etmələri xahiş
olunur.

Kürdəmirdə dələduz ƏLƏ KEÇDİ


Tarix: 26-08-2022, 10:53
Xəbəri paylaş





Xəbər lenti