Qarabağ Qazisi səbəb olmadan ÖZÜNÜ YANDIRIB?

Qarabağ Qazisi səbəb olmadan ÖZÜNÜ YANDIRIB?
Xəbər verildiyi kimi, Ucarda üzərinə benzin tökərək özünü yandıran əlil bu gün vəfat edib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, sentyabrın 4-də rayonun Alpout kənd sakini, əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır. Sosial şəbəkədə Nazir Həsənovun I Qarabağ müharibəsində iştirak etdiyi və müharibə əlili olduğu haqqında məlumatlar paylaşılıb. İddia olunub ki, onun bu addımı atmasına səbəb əlilliyinin ləğvi olub.

Siam.az-ın məlumatın agörə, məsələ ilə bağlı Cebhe.info-ya danışan Alpout kənd icra nümayəndəsi Maarif Abbasov bildirib ki, qazinin heç bir şikayəti olmayıb:

“Hadisə mərhumun yaşadığı evdə, öz ailəsinin yanında baş verib. Bir az narahat olub, iki gündür baxmırlarmış, o da belə bir addım atıb. Psixi pozuntusu vardı, heç bir səbəb olmadan, şikayət etmədən özünü yandırıb”.

İcra nümayəndəsi Nazir Həsənovun III qrup Birinci Qarabağ müharibəsi əlili olduğunu təsdiqləyib: “Heç bir qurumdan şikayəti olmayıb. Elə bir məlumat yoxdur. Ona görə özünü niyə öldürdüyünü deyə bilmərəm. Yəni icra nümayəndəliyinə, kənd bələdiyyəsinə heç bir şikayəti olmayıb. Bizə müraciət edəndə bütün şikayəti, istəyi nəzərə alınıb. Yəni ailə tərkibi haqqında arayış və s. bu kimi müraciətləri olub və təmin olunub, heç bir narazılıq olmayıb. Narazılıq olmadan bu hadisəni törədib”.
Tarix: 5-09-2022, 16:28
Xəbəri paylaş





Xəbər lenti