AZAL-ın ölkədən qaçmaq istəyərkən saxlanılan vəzifəli şəxsinə höküm oxundu (TƏFƏRRÜAT)


İş yoldaşlarına və tanışlarına qarşı dələduzluq edib, ölkədən qaçmaq istəyərkən saxlanılan "Azərbaycan Hava Yolları” (AZAL) QSC-də uçuş heyətləri ilə iş üzrə operativ dispetçer vəzifəsində işləmiş şəxslə bağlı məhkəmə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, məhkmə prosesində məlum olub ki, təqsirləndirilən şəxs Anar Qurbanov (soyadı şərtidir) AZAL-da işləməklə yanaşı, bizneslə də məşğul olub.
O, əvvəlcə tanışı Bəhruz Əliyevdən 10.000 ABŞ dolları və 22.000 manat pul alaraq bizneslə məşğul olacağını, gəlirdən ona da verəcəyini vəd edib.
Anar Qurbanov ifadəsində bildirib ki, həmin pulu Bəhruzdan alıb və biznes ortağı olan Pakistan vətəndaşına ümumilikdə 100.000 dollar verib. Pakistan vətəndaşı şəxs biznes fəaliyyəti ilə məşğul olduğu Dubayda öz şirkətinin məhsulu olan qadın alt paltarları və elektrik mallarını Bakıya göndərməli imiş. O isə də həmin məhsulları Bakıda sataraq qazancı Bəhruz Əliyevlə bölməli imiş. Amma əvvəlcədən tanıdığı Pakistan vətəndaşı 100.000 dolları alandan sonra onunla əlaqə saxlamayıb.
AZAL-da təyyarə bələdçisi işləyən Yelena Miroşniçenko Hövsan qəsəbəsində yerləşən sosial mənzillərdən oğluna ipoteka ilə ev almaq üçün Anar Qurbanova ümumilikdə 17.000 dollar və 3000 manat pul verdiyini bildirib.
Anar Qurbanovun daha sonra iş yoldaşı Gülşən və onun bacısı, "Paşa İnşaat”da smeta mühəndisi işləyən Ayşəndən ümumilikdə 35200 manat manat alaraq aldatdığı məlum olub. O, bacılara bildirib ki, hərraca çıxarılmış mülklərin alqı-satqısı ilə məşğul olur və bu pulun müqabilində onlara Bakıda ev alacaq.
Məlum olub ki, Anar Qurbanov Heydər Əliyev adına Bakı Hava Limanında, "Silk Way" aviaşirkətində uçuş əməliyyatlarının nəzarət mərkəzinin növbə rəisi vəzifəsində işləyən şəxsi də aldadıb. Növbə rəisini inandırıb ki, Moskvada yaşayan tanışı Tanyananın (ad şərtidir) Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olması üçün Miqrasiya Xidmətindən müvəqqəti yaşamaq hüququna dair müvafiq icazənin alınmasına və vergi orqanlarında MMC-nin qeydiyyata düşməsinə kömək edəcək. Növbə rəisi Tanyana ilə birlikdə Azərbaycanda kənd təsərüfatı təyinatı olan "Natural Qrin” şirkətinin filialını açmağı və mineral kübrələrin idxalnı həyata keçirməyi planlaşdırırmış. Buna görə onlar Anar Qurbanova 10400 manat pul veriblər.
Daha sonra zərərçəkmiş şəxslər Anar Qurbanov tərəfindən aldadıqlarını başa düşərək polisə müraciət ediblər. O, 11 noyabr 2021-ci ildə ölkədən qaçmaq istəyərkən polis tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, bütün zərərçəkmiş şəxslərin pulllarını ödəyib, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Anar Qurbanov ailəli və iki uşağın olmasını, əvvəllər məhkum edilməməsini nəzərə alaraq barəsində ən yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş edib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 4000 manat cərimə edilib. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin 11 noyabr 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanması nəzərə alınaraq üzərində 2500 manat cərimə saxlanılıb.
Tarix: 2-10-2022, 10:03
Xəbəri paylaş





Xəbər lenti