AXCP-nin Bərdə rayon şöbəsinin sədrini qətlə yetirən şəxsin istintaqı başa çatıb - TƏFƏRRÜAT


Bərdədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bərdə rayon şöbəsinin sədrini münaqişə zəminində qətlə yetirməkdə təqsirləndirilən Xazər Məmmədov barəsində ibtidai istintaq başa çatıb.

Siam.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, iyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkənin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onu da qeyd edək ki, qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri olub.
Tarix: 6-10-2022, 10:42
Xəbəri paylaş





Xəbər lenti