Ermənilər Rusiya bazası qarşısında həmin bazaya və KTMT-yə qarşı aksiya keçirdi...-FOTO

Ermənilər Rusiya bazası qarşısında həmin bazaya və KTMT-yə qarşı aksiya keçirdi...-FOTO
Oktyabrın 9-da bir qrup erməni Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının qarşısında aksiya keçirib.
 

Moderator.az "Kavkazski uzel"ə istinadla xəbər verir ki, tədbiri "KTMT-dən rədd olun!" təşəbbüs qrupu təşkil edib.
 
Aksiya iştirakçıları əllərində “KTMT və ya Ermənistan”, “Ermənistan – KTMT – 102-ci baza = suverenlik”, “KTMT ilə təhlükəlidir”, “Təcavüzkarsız Ermənistan”, “Ermənistanı tərk edin!”, “KTMT - mavzoleyə” və s. sözləri yazılmış plakatlar tutublar. 
 
Təşkilatçıların sözlərinə görə, aksiyada Ermənistan Avropa partiyası, Respublika Naminə partiyası, Mühafizəkarlar partiyası, Xristian-Demokrat partiyası da daxil olmaqla müxtəlif ictimai təşkilatların, hərəkatların və siyasi partiyaların nümayəndələri iştirak edib.
 
 Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan bildirib ki,  “KTMT-dən rədd ol” təşəbbüs qrupu Ermənistan hakimiyyətinin KTMT-dən çıxması tələbi ilə imza toplayır. 3 həftə ərzində ümumilikdə bir neçə min imza toplanıb. Siyasətçinin sözlərinə görə, artıq bölgələrdə də  imza toplanması təşkil olunmağa başlayıb. 
 
Gümrüdə keçirilən mitinqdən sonra onun iştirakçıları konfrans keçiriblər və belə qərara gəliblər ki, “KTMT və Rusiya bazası Ermənistan üçün təhlükəsizlik faktoru deyil, əksinə, Azərbaycanın daimi təxribatlarının əsas təhdidləri və səbəbləridir...”
 
Xatırladaq ki,  dünən Qırğızıstanın Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkə ərazisindəki “Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv edib. Məlumata görə, təlimlərin keçirilməsi oktyabrın 10-dan 14-dək Edelveys mərkəzində planlaşdırılıb. Onların ləğvi səbəbləri açıqlanmayıb.Təlimlərə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb edilməli idi...
Sultan Laçın
Tarix: 10-10-2022, 08:53
Xəbəri paylaş





Xəbər lenti